Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-26 15:56:00
Qeyri-adi kitabın müəllifi: " Buradakı müsahiblərimin ümumilikdə təcrübəsi ən azı 2,5 milyon dəyərindədir"

AzEdu.az ted.az-a istinadən Təhsilin idarə olunması və ictimaiyyətlə əlaqələr üzrə menecer, təkər və saat formalarında olan “Önceki sen olma” və “Yeni sen yarat” kitablarının müəllifi Cəfər Mənsiminin müsahibəsini təqdim edir: 

Cəfər bəy, istərdim əvvəlcə sizi tanıyaq. 

“Yeni sen yarat” kitabımda 11 ölkədən olan 25 qəhrəmanımın hər birini hekayə ilə təqdim etmişəm. Sizinlə söhbət zamanı məndə “Bəs görəsən özümü hansı hekayə ilə təqdim edərdim?” sualı yarandı. Cavabında isə ailəmizin yeni üzvləri - əkizlər üçün düşündüyüm bir nağılı xatırladım: Biri vardı, biri yox idi. Suallar vardı, cavablar yox. Yəni olan axtarış yanğısı, olmayan məqsəd idi. Elə bu yolun sehrinə düşənlərin birinci məqsədi də, həyatın missiyasının nə olduğunu tapmaq idi. Amma bu cavab üçün dağın zirvəsindəki müdriki tapmaq lazım olur. Uzun, çətin yoldan sonra nağıl qəhramanı onu tapır və ondan missiyalarının nə olduğunu soruşur.  Müxtəlif cavablar arasında yadında qalan bu olur: “Özünü, dünyanı kəşf etmək, faydalı olmaq, müsbət iz buraxmaq üçün yaratmaq və ortaq nöqtəni tapmaq”. Bundan sonra doğru yolda olduğu üçün Allaha təşəkkür edərək, özünü kəşf etməyə davam edir...

 

Mən də bu nağıldakı kimi özümü, insanı, dünyanı kəşf etməkdən xüsusi zövq alıram və məktəb illərindən “Yeni İstedadlar” yolunu seçmişəm... Elə buna görə də “Sən nəyə hazırsan, o da hazırdır”, “Qarşımızdakı hər kəs bizim bilmədiyimiz nəyisə bilir”, “Çirkinlikdə gözəllik axtar, gözləllikdə çirkinlik yox”, “Dünyanın dənizçisi olacaq, bütün limanlara varacaqsan” fikirlərini həmişə yaşatmağa çalışıram.

Kitablarınızın görünüşü öyrəşdiyimiz dizaynlardan çox fərqlənir. Məsələn, “Yeni sen yarat” kitabınız təkər, “Önceki sen olma” isə saat formasındadır. Bunların mənası nədir? Məncə, bu, sizin digər oxucularınıza da maraqlı olar.

Fərd olaraq standart yanaşmaları sevmirəm. Bu, mənim ixtisasımın, yəni, PR sahəsinin ruhu ilə də uyğun gəlir. Bütün bunlar da kitabların dizaynında özünü büruzə verir.

Təkər bizi “Nə qədər fərqlisən?” sualının cavabına aparır. Təkər dünyanın ən böyük və ən qədim kəşflərindən biri oması ilə yanaşı, həm də həyatımıza bir rahatlıq, sürət qatıb. Bu həm də müşahidə, hərəkət, cəhd, hədəf, təcrübə, səbr, dəstək, irəli, diqqət, nəticə, dünya, zəhmət, məsuliyyət, yeri gələndə dayanıb düşünməyi bilmək, idarə etmək, istəmək, faydalı olmaq, püxtələşmək, iz buraxmaq deməkdir. Həqiqətən də, müəyyən bir yolu sonadək qət etmək üçün hər kəsin güvənli təkərə ehtiyacı var. İndi həyatımızdakı bu təkəri bir başqasına ötürmək zamanıdır. Bununla yanaşı, özünəməxsus təkər yaratmağı da unutmamalıyıq. Deməli, təkər və saatı yol birləşdirir. Ortaq missiya isə belədir: Hər kəsin həyatına təkər kimi girmək və təkər kimi iz buraxmaq.

Bəs nəyə görə kitablarınız türkcə yazılıb?

İdeya qeyri-standart kitab çapına daxil olduğu üçün, özəl çap tələb olunub. Buna görə kitabların çap xərcləri yüksəkdir. Həm də işlədiyim Kıbrıs Doğa Məktəblər Şəbəkəsinin üzvləri də əsasən türkdür. Müəllimlərimiz Azərbaycan dilini başa düşmür, həmvətənlərim isə türk dilini anlayır. Yəni auditoriyama həm də türklər daxildir. Axı 8 il adada, yəni Şimali Kiprdə yaşamışam. Bütün bunlardan dolayı kitablar sadəcə türk dilində çap olunub. 

Niyə kitablar?

Çünki eyni anda iki fərqli kitabdır. Məncə, bu kitab dünyasında yeni yanaşmadır. “Önceki sen olma” kitabında 11 ölkədən 25 fərqli şəxsin yaradıcılıqla bağlı müsahibələri yer alıb. “Yeni sen yarat” isə 11 ölkədən 25 mütəxəssisin müsahibəsindən ibarətdir. Amma mövzu fərqlidir: ictimaiyyətlə əlaqələr. Hər iki kitab, oxucuları yaradıcı və intellektual səyahətə dəvət edir.

Müsahiblərimin ümumilikdə təcrübəsi ən azı 2,5 milyon dəyərindədir. Yəni, hər müsahibin təhsili, inkişafı üçün xərclədiyi vəsaiti nəzərə alsaq, bu layihədə ən az 2,5 milyon dollarlıq təcrübələr əks olunub.

Yeri gəlmişkən, sevinirəm ki, kitablar maraqla qarşılandı. Hələ kitab çapa hazırlanarkən, kitabın çapını maliyyələşdirən əsas dəstəkçi qurum - Kıbrıs Vakıflar İdarəsinin baş direktoru Prof. İbrahim Benter: "Bu kitabı mütləq ingilis dilində də çap etməliyik" fikirini səsləndirdi.

Kitablarınızın ortaya çıxmasında sizə ən çox nə kömək edib?

İnadkarlığım. Hər iki kitab üçün 11 ölkədən 25 şəxsi (cəmi 50 müsahib-red.) müsahibəyə razı salmaq xeyli vaxt aparıb. Hətta 2 il sonra müsahibəyə razılıq verənlər olub. Məsələn, Türkiyənin tanınmış yazıcıçı Zülfü Livaneli ilə 2 il sonra söhbət etmişik. Nobel mükafatçısı Prof. Dr. Aziz Sancar kommunikasiya mütəxəssisi Ahmet Şerif İzgörenlə də söhbət üçün 1 il vaxt sərf etmişəm. Amerikadan dünyaca tanınmış yazıçı Michael Michalko xoşbəxtliklə bağlı araşdırmaları ilə dünyada məşhurlaşan Prof. Dr. Laurie Santos, İngiltərədən Global Teacher Prize 2018 müsabiqəsinin qalibi olaraq 1 milyon dollar mükafat qazanan Andria Zafirakou, Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalının Yaradıcılığın İnkişafı şöbəsinin müdiri Fiorenza Plinio ilə “gizlənqaç” oynamışıq...

Bir sözlə, dünyada fərq yaradan yaradıcı insanları araşdırmaq, inadkarlığım sayəsində mümkün olub. İnadkarlıq isə sevgidən yaranıb.

Son olaraq, qarşıda duran əsas məqsədləriniz nələrdir?

Bakalavr təhsilimdə kafedra birincisi olduqda “Yüksək şərəf” mükafatı ilə təltif olunmuşdum. Bu nəticə bizdəki qırmızı diploma bərabərdir. Mükafatın təqdimetmə mərasimində bir hekayə səsləndirmişdim. Həmin hekayə sizin sualın cavabı üçün də keçərlidir. Deməli, günlərin birində müdriklərdən biri dünyanı dəyişdirməyi qərara alır. Bunun xəyal olduğunu dərk edəndən sonra ölkəsini dəyişdirmək istəyir. Bunun da mümkün olmadığını gördükdə yenə bu haqda düşünür. Bu dəfə isə ailəsini dəyişdirməyi planlaşdırır. Ailəsini də dəyişdirə bilmədiyini görən şəxs “axı başqa kimi dəyişdirmək olar?” sualı haqqında fikirləşdikdə özü ilə qarşılaşır və dəyişikliyə özündən başlayır, özünü inkişaf etdirir. Mənim də dəyişməz bir məqsədim var: daim inkişaf etmək.