Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 12:45:00
“Azərbaycanda müəllimlərin maaşı bir çox MDB ölkələrindən geri qalır” - Ekspert

“Ölkənin iqtisadi tempindən asılı olaraq maaşlarda yenidən artım olacaq”.

AzEdu.az xəbər verir ki bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.

Bildirilib ki, maaşların artırılması müəllimlərin yaşayışına və həyat tərzinə müsbət təsir göstərəcək. Təhsil ölkə üçün vacib nüanslardan olduğu üçün müəllimlərin əməkhaqlarının daha da  artırılacağı gözlənilir.

Ekspertin sözlərinə görə, müəllimlərin maaşı kifayət qədər yüksək olmalıdır ki, onların da yüksək keyfiyyətli təhsil vermək üçün motivasiyaları olsun:

“Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi əvvəlcə universitetlərə, sonra isə ölkə iqtisadiyyatına və ictimai-siyasi həyatına ciddi təsir edəcək. Təhsilin önəmi çox vacibdir, ölkənin bir nömrəli strategiyası təhsili inkişaf etdirməkdir. Ona görə də, müəllimlərin maaşlarının artırılması və onların həyat səviyyəsinin yüksəldilməsi müsbət addımdır. Gələcəkdə belə addımların davamlı şəkildə atılması müəllim peşəsinin prestijinin  yüksəldilməsinə, bu sahəyə daha bilikli və bacarıqlı insanların gəlməsinə səbəb ola bilər”.

Natiq Cəfərli bildirib ki, ölkəmizdə olan problemlərdən biri də pedaqoji təhsil verən universitetlərin minimum keçid balının çox aşağı olmasıdır:

“Çünki müəllimlərin maaşı yüksək olmadığından bu sahəyə maraq az olur. Aşağı bal toplayan tələbələr pedaqoji universitetlərə daxil olur, sonra da məktəblərə qayıdaraq az keyfiyyətli təhsil verirlər. Nəzərə almaq lazımdır ki, təbii olaraq, az bal toplayan tələbələrin bilik səviyyəsi digərlərindən aşağı olur. Mən arzu edərdim ki, müəllimlərin maaşı o qədər yüksək olsun ki, müəllim peşəsi güclü bir işə çevrilsin. Minimum keçid balı da yüksəldilsin və daha bilikli, bacarıqlı tələbələr pedaqoji təhsil verən universitetlərə qəbul olunsunlar”.

Ekspertin sözlərinə görə, gələcək illərdə müəllimlərin əməkhaqlarının yenidən artırılması gözlənilir:

“Ölkənin iqtisadi tempindən asılı olaraq maaşlarda artım olacaq. MDB ölkələri arasında maaş atrımı üzrə birinci yerə çıxmaq lazımdır. Hələ də müəllimlərin maaşı bir çox MDB ölkələrindən geri qalır: xüsusilə Rusiya, Qazağıstan və Belarusdan. Çalışmaq lazımdır ki,  Avropa ölkələri arasında olmasa da, MDB ölkələri ilə müqayisədə birinci yerdə olaq. Bu səbəbdən, maaş artımı davamlı olmalıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 18-də imzaladığı Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında və Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamı qüvvəyə minib.

Sentyabrın 1-dən qüvvəyə minən sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb. 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları