Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-01 17:02:22
“Belə olsa, ən yüksək biliyə malik müəllimlərimizin də şagirdlərə bir xeyri dəyməyəcək”-Ekspertdən təklif  

Əcnəbi təhsil portallarında orta məktəblərin əməkdaşlığı, müxtəlif ölkələrə yay məktəblərinin təşkili ilə bağlı elanlara tez–tez rast gəlirik.

Ölkəmizdə də bir çox  yay məktəbləri fəaliyyət göstərir. Amma bunlar əksər hallarda şagirdin fərdi, müəyyən ödəniş müqabilində əcnəbi ölkəyə səyahəti proqramından kənara çıxmayıb, müəyyən məbləğdə maddiyyat  tələb edir. 

Ölkəmizdəki bəzi orta təhsil müəssisələrini beynəlxalq arenaya qapayan səbəblər nələrdir: Hər hansı əngəl, yoxsa təəssübkeşsizlik və şanslardan yararlanmamaq?

AzEdu.az mövzu ilə bağlı təhsil eksperti Anar Məmmədova müraciət edib. O, mövzuya sualı sualla cavablayaraq başlayıb:

“Əvvəl bundan danışaq: bu əlaqələr nəyə lazımdır?

Məktəb yeni atmosfer, yeni baxış, inkişaf, örnək və nümunələr, yeni yanaşmalar, müxtəlif cəhdlər məkanıdır. Yalnız öz suyumuzda bişiriksə, öz gördüyümüzdən uzağa gedə bilmərik. Yeni nümunələr, yeni problemlərin necə həll edilməsi, yanaşmalarda fərqi gördükdə isə ağlımıza müasir fikirlər gəlir. Məktəblərarası münasibətlər bir orta təhsil müəssisəsinin şablon düşüncədən kənara çıxmasına şərait yaradır. Məktəbin problemə müxtəlif aspektdən yanaşması reallaşır. Direktorun yeni yollar axtarmasına şərait yaradır.

Bunları nəzərə alsaq, məktəblərin əməkdaşlığı müəllim və şagirdlərin inkişafı,  layihə fəaliyyətinin zənginləşməsinə xidmət edir. Məktəblərarası əməkdaşlıq həm də  “pulsuz nəyi daha gözəl etmək olar?” - sualına əla cavabdır. Məktəblər hər şeyi maliyyəyə bağlamasın. Yeniliyə açıqlığın inkişafı üçün hər məktəb xarici orta təhsil müəssisələri ilə əməkdaşlıq etməlidir”.

“Ən ucqar məktəb belə əməkdaşlığa cəhd edə bilər”

Onun sözlərinə görə, məktəblərin qardaşlaşması üçün mütləq hər hansı ölkəyə getmək şərt deyil. Bu əlaqələri layihə əməkdaşlığı, yazışmalar, şagirdlərarası kontakt, müsabiqələr və s. yollarla, eləcə də onlayn üsulla inkişaf etdirmək mümkündür:

“Hazırda ölkəmizdə virtual məkan o qədər inkişaf edib ki, ən ucqar məktəb belə əməkdaşlığa cəhd edə bilər. Məsələn, məktəblər bir-birilərinin yanına nümayəndə göndərmədən onlayn əməkdaşlıq edərək, vahid işgüzar ansambl yarada bilərlər. Bu, olduqca möhtəşəm layihə olub, dəyərlərimizin təbliğinə kömək edərdi. Bu məsələlər yalnız məktəbin yanaşması, yeniliyə nə dərəcədə açıq olmasından asılıdır”.

“Ən yüksək akademik biliyə malik müəllimlərimiz qapalı məkanda oturub, qapalı təfəkkürə malikdirlərsə, onlardan şagirdə xeyir gəlməyəcək”

O, ölkəmizdə məktəblərarası əməkdaşlıqla bağlı vəziyyəti qeyri- qənaətbəxş hesab edir:

“Azərbaycan direktorlarını, müəllim, uşaq birlikləri rəhbərləri, tədris məsələləri üzrə rəhbərləri bu məsələdə fəal, yeniliyə açıq olmağa, dil biliklərini inkişaf etdirməyə çağırıram. Biz bu üsullardan çox zəif istifadə edirik. Hətta fikirləşirik ki, bu, çox çətin, reallaşması mümkünsüz məsələdir. Əslində isə möhtəşəm addımdır. 1-2  dəfə bu əməkdaşlıqda iştirak edən müəllimin düşüncəsi, yanaşması dəyişir. Qapalı otaqdan heç nə çıxmayacaq. Ən yaxşı, yüksək akademik biliyə malik müəllimlərimiz belə qapalı məkanda oturub, qapalı təfəkkürə malikdirlərsə, onlardan şagirdə xeyir gəlməyəcək. 

Bu istiqamətdə məktəb direktorundan asılı olmayan şey yoxdur. Əməkdaşlıq barədə heç bir qadağa nəzərdə tutulmayıb. Direktorların əsas gətirə biləcəkləri yeganə şey maliyyə çətinliyi ola bilər. Bunu isə müxtəlif layihələr vasitəsilə həll etmək mümkündür. Əməkdaşlıq üçün həmin ölkəyə gedib-gəlmək şərt deyil. Ən ucqar kənddə belə düzgün təlimatlandırılan, uğurlu iş quran rəhbərlər xarici, həmçinin yerli məktəblərlə əməkdaşlıq edə bilərlər. Şərt deyil ki, bu, əcnəbi məktəb olsun. Ölkəmizdəki özəl və dövlət orta təhsil müəssisələri bir-biriləri ilə hər hansı layihə çərçivəsində uğurlu əməkdaşlıq edə bilərlər”.

Məktəblərarası əməkdaşlığın orta təhsil müəssisələrinə qazandıra biləcəkləri barədə məlumatlandıq. Bəs, direktoru bu əməkdaşlığa cəhd etməyən kollektiv nələrdən məhrum olur? Sualını isə Anar müəllim qısaca olaraq belə cavablandırıb:

“Məktəbin əlavə inkişaf imkanlarını görmür. Daha nə olsun?”

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları