Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-27 09:24:00
İlahiyyatçı kadrlar yenə də xaricdə hazırlanır? – “Buradakılar ingiliscəni sərbəst bilirlər”  

Azərbaycandakı bəzi universitetlər  kadrlarının hazırlanması  və daha yüksək səviyyədə formalaşması üçün xarici ölkələrdəki ali təhsil müəssisələri  ilə əməkdaşlıq edirlər.

Bu kadrların bir çoxu sonradan orada qazandıqları təcrübəni iş fəaliyyətlərinə də tətbiq edirlər.

Spesifik tədris istiqaməti olan Azərbaycan İlahiyyat İnstitutu da ilahiyyatçı kadrların, metodistlərin hazırlıq və inkişafı üçün  əcnəbi  ölkə universitetləri ilə əməkdaşlıq edirmi?

Bizdə ilahiyyatçı  kadrların  uzun  müddət başqa ölkələrdə tədris almaları məlumdur.  Bu gün isə bu xətti tədris edən dövlət ali təhsil müəssisəmiz var. Aİİ-nun bu gün dini profilli xarici təhsil ocaqları ilə əməkdaşlıq etməsi və bu əməkdaşlığın hansı kriteriyalar əsasında qurulması hər kəsə maraqlıdır.

Azərbaycan İlahiyyat İnstitutundan AzEdu.az-a verilən məlumata görə Aİİ-nin  xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib:

“Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən yararlanmaq, həmçinin, universitetlərarası əlaqələrin genişləndirilməsidir.

Azərbaycan İlahiyyat İnstitutu ötən  il ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri, Rusiyanın Omsk Dövlət Universiteti, Moskva İslam İnstitutu,  Malayziyanın Beynəlxalq İslam Universiteti, İndoneziyanın Ahmad Dahlan Universiteti  ilə əməkdaşlıq protokolları imzalayıb”.

İnstitutu nümayəndəsi onu da qeyd edib ki, bu müqavilələrdə təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutulub:

“Tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı fayda əldə edilməsi, elmi potensialın inkişaf  etdirilməsi, qarşılıqlı anlaşma, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi-araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. Sənədlərdə elmi təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşdürülməsi, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur”.

O, vurğulayıb kı, tədris ocağı keyfiyyətli tədrisi təmin edəcək yüksək ixtisaslı kadr potensialına malikdir.

“Burada fəaliyyət göstərən alimlər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən və öz sahələrində kifayət qədər biliyə malik olan insanlardır.  Dərs deyən müəllimlərin bir çoxu xaricdə təhsillərini davam etdirərək, öz sahələrinin peşəkar mütəxəssisinə çeviriliblər”.

Şükufə Süleymanlı