Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-19 13:00:00
“Büdcə parametrləri müəyyənləşən zaman müəllimlər üçün başqa artımlar da ola bilər” – İqtisadçıdan proqnoz  

“Təhsilə ayrılan büdcənin digər xərcləri də olduğu üçün indiki təhsil büdcəsi ilə maaşların 20 faiz artımla ödənilməsi mümkün görünmür”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert bildirib ki, müəllimlərin maaşı üçün nəzərdə tutulan məbləğ yetərli olmadığı üçün nəticədə, əlavə vəsait və mənbələrə ehtiyac yaranacaq:

“ Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncamı  cari ilin sentyabr ayından qüvvəyə minəcək. Bu müddət ərzində büdcəyə əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulub. Büdcəyə əlavə gəlir lazımdır, çünki burada kifayət qədər yüksək məbləğdən söhbət gedir. Nəzərə almaq lazımdır ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsindən keçən müəllimlərin sayı 10 minlərlədir.

Təhsilə ayrılan büdcənin digər xərcləri də olduğu üçün indiki təhsil büdcəsi ilə bu maaşların ödənilməsi mümkün görünmür. Belə ki, müəllimlərin maaşı üçün nəzərdə tutulan məbləğ yetərli olmayacaq. Nəticədə, əlavə vəsait və mənbələrə ehtiyac yaranacaq”.

Ekspertin sözlərinə görə, Azərbaycanda müəllimlərin və həkimlərin maaşı artırılmalıdır. Natiq Cəfərli qeyd edib ki, maaşların artımı zamanı mütləq Azərbaycanın hazırki  iqtisadi vəziyyəti nəzərə alınmalıdır:

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması irəliyə doğru atılmış addımdır. Növbəti illərdə büdcə parametrləri müəyyənləşəndə başqa artımlar da ola bilər.

Misal üçün, 2020-ci ilin yanvar ayından maaşların yenidən 3 faiz artımı da nəzərdə tutulub, lakin bunu indidən dəqiq söyləmək çətindir.

Ümumiyyətlə isə Azərbaycanın büdcəsində kifayət qədər pul var: istər Neft Fondunda olsun, istərsə də Mərkəzi Bankda pul ehtiyyatları kifayət qədərdir”.

İqtisadçı ekspert həmçinin qeyd edir ki, neftin qiymətində ciddi ucuzlaşma baş verərsə,  Azərbaycan büdcəsinin formalaşdırılmasında da ciddi problemlər özünü göstərəcək:

Çünki ölkənin əsas gəlir mənbəyi neftdir. Hazırda isə neftin qiymətində hansı dəyişikliklər olacağını bilmirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

Müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artımla 2019-cu il sentyabrın 1-dən etibarən hesablanacaq.

Şükufə Süleymanlı