Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-07 15:32:00
Təqaüdlərlə bağlı yeni qaydalar, müddətsiz əmək müqaviləsi, bölgə səfəri... - Həftəlik icmal

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Prezident uşaq bağçasının açılışında iştirak etdi

Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi aprelin 5-də istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

O, yaşayış kompleksini baş çəkəndən sonra uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 280 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Bağçanın yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb.

Qeyd edək ki, bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Prezident Heydər Əsədovu rektor təyin etdi  

Prezident İlham Əliyev keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovla bağlı sərəncam imzalayıb.

Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

Təhsil Naziri Samux şəhərində vətəndaşları qəbul  edəcək

Təhsil naziri Ceyhun Bayramov aprelin 11-i saat 10-da Samux şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Samux, Göygöl, Kəlbəcər rayonları və Gəncə şəhərinin sakinlərini qəbul edəcək.

 Qəbulda Samux, Göygöl, Kəlbəcər rayonlarında və Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 Pedaqoji təhsili olmayanlar da dərs deyəcəklər  

Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə artıq "Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları" adlı layihə hazırlanıb.

O, bildirib ki,bu qaydalar "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.

Nazir müavini Quba rayonuna səfər edib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Quba rayonuna səfər edib.

Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonun Zizik və Qaraçay kənd, Quba şəhər 3 nömrəli  tam orta məktəblərinə və Texniki-təmayüllü liseyə baş çəkib,  adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub, həmçinin həmin məktəblərin X və XI siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlarla peşə seçimi və fənn olimpiadalarının əhəmiyyəti barədə söhbət aparıb.

Tələbə təqaüdlərinin verilməsi ilə bağlı qaydalar dəyişdi - Baş nazirdən yeni qərar

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödəniləcək və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla veriləcək. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılacaq və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.

Qüvvədə olan qaydaya əsasən, hamiləliklə, doğuşla əlaqədar və müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş doktorant və tələbələrə səhiyyə müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən onlara müəyyən olunmuş müddətdə (cari tədris semestrinin müddətindən çox olmayaraq) təqaüd tam həcmdə ödənilib.

Həftənin təhsil informasiyaları

DİM rezidenturaya qəbul imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirilib.

Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçirilib.

İmtahan bütün binalarda eyni vaxtda–saat 11.00-da başlayaraq və 2 saat 30 dəqiqə davam edib   

 DİM Cocuq Mərcanlıda ödənişsiz sınaq imtahanı keçirdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.

Onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-in imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin vaxtı açıqlandı

2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tarix məlum olub.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə Təhsil TV-də "Təməl" verlişində açıqlaması zamanı bildirib ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyul ayından başlayacaq.

O qeyd edib ki, bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək.

 

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları