Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-25 09:35:00
Lütfi Zadənin qeyri-adi uşaqlıq çağları - Nadir fotolar
Zadənin uşaqlığı ilə bağlı olan  xatirələrdən bir neçəsini və onun Bakıda yaşadığı illərdə çəkilən fotolarını təqdim edək:           
                                             
                                                        ***
 
Uşaq vaxtı evdə Lütfinin məşğul olduğu masanın üstündə iri hərflərlə “Yeganə” sözü yazılmış bir lövhə vardı. Gəlib-gedənlər, qohum-qonşular bu lövhəni görüb təəccüblənirdilər. Gəlib-gedənlərin böyük marağına səbəb olan, onlar üçün böyük müəmmaya çevrilən həmin lövhənin yeganə bir missiyası vardı. Həmin lövhə bir növ, hiss olunmadan şüuraltı tərbiyə işi görürdü. Balaca Lütfi ilə daim üz-üzə dayanan lövhə ona belə bir psixoloji fikir təlqin edirdi: “Sən bu həyatda tək-tənhasan, lakin həyat mürəkkəb və çətindir. Bu mürəkkəblikdən, çətiliklərdən çıxmaq üçün həm fiziki, həm də əqli gücün olmalıdır. Sən özünü daim buna səfərbər etməlisən”.
 
                                              ***
Lütfigilin ailəsi Tehrana köçəndən sonra (1931) o, bu şəhərdə ingilisdilli xüsusi kollecdə təhsil alır. Bakıda rus dilində oxumuşdu (16 nömrəli məktəbdə), ona görə də ilk ildə ingilis dilində təhsil almaq Lütfi üçün biraz çətin olur.
 
Lakin xüsusi bacarığı və zəhmətsevərliyi ilə tez bir zamanda iki dili- ingilis dili və farscanı mükəmməl surətdə öyrənir. O illərdə hətta Nizaminin, Füzulinin, Sədinin, Hafizin şeirlərini əzbərdən də deyirdi. 
 
Bütün bunlarla yanaşı, o, ədəbiyyata çox da maraq göstərmir. Sonradan bütün diqqətini riyaziyyat və texnika sahəsinə yönəldir. Özünü hələ şagird yaşlarından “ixtiraçı” kimi sınayır, müxtəlif “icadlar” edirdi. Bu bacarıq və marağına görə Lütfini sinif yoldaşları “kollecin Herbert Uelsi”, “kollecimizin Jül Verni”, “kollecimizin Edissonu” deyə, çağırırdılar. Bildiyimiz kimi, adıçəkilən dahilər həm elmi-fantastik ədəbiyyatda bir çox icadların proqnozunu vermiş, həm də əməli surətdə bir çox ixtiralara imza atmışdılar – xüsusən də, Edisson.
 
 
AzEdu.az  Moderator.az-a istinadən dahi alim Lütfi Zadə barəsində  maraqlı xatirə və fotoları təqdim edir:
 
Lütfi Zadənin bu bacarığını özündə əks etdirən ən yaxşı xatirə isə həyat yoldaşı Feyə aiddir. Qeyd edək ki, Fey də Zadənin oxuduğu missioner kollecdə təhsil alıb. Ailələr arasındakı dostluq da elə o vaxtdan başlayıb:
 
“ Tehranda yaşadığımız  illərdə Ələsgərzadələr ailəsi ilə bizim ailə çox yaxın idi. Tez-tez onlara gedib-gəlirdik. O vaxtlar musiqi təhsili alırdım. Evimizdə pianino olmadığı üçün ev tapşırıqlarımı valideynlərimin xahişi ilə onların evindəki pianinoda edirdim. Lütfi ilə tanışlığım da o vaxtdan başlandı. O, çox intizamlı, maraqlı, qeyri-adi və cazibədar adam idi. İntuitiv olaraq mən onun qeyri-adiliyini, cazibədarlığını həm xoşlayırdım, həm də bəyənmirdim. Açığını deyim ki, həm də qorxurdum. Bu qorxu dübyagörüşümün, biliyimin ondan az olmasından irəli gəlmirdi. Bu, nə isə qaibanə, izaholunmaz bir şey idi. 
 
Yaxşı yadımdadır, bir dəfə o, evdə yox idi. Pianinoda məşqimi başa çatdırıb, onun otağına girdim. Onun yazı masasının üzərindəki qırmızı işıq saçan lampanı görüb vahimələndim. Çünki o həmin lampanı uşaq kəlləsi formasında düzəltmişdi və stolüstü lampa kimi işlədirdi. Həmin qorxulu anlarda qəlbimin dərinliklərində belə bir hiss baş qaldırdı: “Mənim bu adamla heç bir xoş həyatım ola bilməz. Çünki o başqa bir ömür yaşamaq istəyir, mən isə tamam başqa...”