Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-23 10:30:00
Lütfi Zadənin xanımını qıcıqlandıran nişan üzüyü, universitetə geyinilən yanlış ayaqqabılar - MARAQLI
 
 
Bir insanın portretini, onun dahi kimi tam fərqli cizgilərini ən yaxşı şəkildə haqqında olan xatirələr deyə bilər. 
 
AzEdu.az  Moderator.az-a istinadən xəbər verir ki, Zadənin ondan  bir neçə il öncə dünyasını dəyişən və bununla da alimin səhhətində mənfi izlər buraxan xanımı Fey həyat yoldaşı haqqında kimsənin bilmədiyi maraqlı məqamları özünün xatirələr kitabında yazıb. 
 
Həmin kitab Lütfi Zadəyə həsr olunub və qəhrəmanı da həmyerlimiz olan böyük alimdir. Biz həm həmin xatirələr kitabından, həm də Zadə ilə dəfələrlə görüşən jurnalist Möhbəddin Səmədin “Dünya dahilərsiz yaşaya bilmir” kitabından təqdim edəcəyimiz maraqlı xatirələri Zadənin həyat yoldaşı Fey danışıb. Elə təsəvvür etməyək ki, o xatirələrdə elmilik yoxdur. Əksinə, oxuyarkən dodaqlarınızın qaçacağı bu əhvalatlarda Zadə özünün tam fərqli insan, varlığını bütünlüklə elmə həsr edən dahi kimi xarakterizə olunur. Oxuyarkən görəcəyik ki, istər gəncliyində, istərsə də yaşlı çağında Zadə hər zaman elmin içində yaşayıb.
 
Beləliklə, vaxtınızı çox almadan həmin xatirələrdən bir neçəsini təqdim edək:           
                                               ***
-Yaxşı yadımdadır, Lütfi ilə evlənməyə hazırlaşdığımız vaxtlar idi. Gördüm, o toy üçün heç bir tədarük görmür. Nə toy paltarı alır, nə nişan üzüyü... Bir dəfə görüşə çıxıb, şəhəri gəzəndə dözməyib ona dedim:
 
-Lütfi, toyu olan qızın toy paltarı və nişan üzüyü olmalıdır. Amma bu gün–sabah biz evlənirik, mənim nə nişan üzüyüm, nə də toy paltarım var. Bilirsənmi, qızın barmağında nişan üzüyü olmayanda oğlanlar elə bilirlər ki, “yiyəsi” yoxdur. 
O, kefini pozmadan cavab verdi:
 
-Sən buna görə qanını qaraltma. Mən bu saat həmin problemi həll edərəm. 
Elə fikirləşdim ki, o mənim qolumdan tutub, qızıl mağazalarının birinə aparacaq və ürəyim istəyən ən bahalı üzüyü almağı təklif edəcək. Amma əksinə oldu.  O, yaxınlıqdakı qəzet-jurnal  köşkünə yaxınlaşıb, oradan ucuz qiymətə bir üzük alıb barmağıma taxdı. Əsəbdən başım gicəlləndi. Uzun müddət özümə gələ bilmədim. Hətta ürəyimdə ona qarşı kin-küdurət də yarandı. Dedim, belə adamla mənimki tutmaz.
 
Artıq bu hadisədən  çox-çox illər keçib. Sonralar daş-qaşlarımın sayı və keşidi artıb çoxalsa da, onların arasında olan o nişan üzüyünü ən qiymətli üzük hesab edib ürəkdən sevirəm.Çünki həmin üzük bizim gənclik  çağlarımızın ən yaxşı, ən yaddaqalan anların şahididir. 
                                                    ***
Qeyd: Zadə deyilənlərə görə, unutqan olub. Amma buna yaddaşsızlıq demək olmaz. Sadəcə, o az qala, hər saniyə yanlız elm haqqında düşündüyündən ara-sıra nələrisə unuda bilərdi. Aşağıdakı maraqlı əhvalatlar da bu qəbildəndir:
 
-Gecə saat bir olardı. Lütfi səhər vaxtında durmaq üçün saatın əqrəbini ona lazım olan vaxta gətirib, açarı burmağa başladı. Açarı bura-bura mən tərəfə baxıb dedi:  “Fay, xahiş edirəm, axşam saatı qurmaq yadından çıxmasın”.
 
                                            ***
Bir axşam Lütfi ilə bir şənlikdən evə qayıdırdıq. Evə çatanda o məni arxa qapının yanında qoyub əsas qapını açmağa getdi. Düz on beş dəqiqə onu gözləməli oldum. Axırda səbrim tükəndi, onun ardınca əsas qapıya tərəf getdim. Qapını açıb içəri girəndə nə görsəm yaxşıdı? Gördüm ki, Lütfi məni yaddan çıxarıb, sakitcə öz valideynləri ilə şirin-şirn söhbət edir. 
                          ***
-Bir gün otaqda səliqə səhman salırdım. Çarpayının yanında iki eyni rəngdə -qəhvəyi rəngdə - ayaqqabı gördüm. Ayaqqabılar cüt deyildilər. Əvvəlcə anlamadım, sonradan başa düşdüm ki, Lütfi universitetə ayrı-ayrı ayaqqabılarda gedib. Ürəkdolusu güldüm. 
Axşam Lütfi evə qayıdanda mənə tərəf baxıb təəccüb hissi ilə söylədi:
-Mən səhər bu ayaqqabılarımı geyinəndə nəsə ayağımı sıxdığımı hiss etdim. Amma nədənsə əhəmiyyət vermədim. Ancaq Kolumbiyaya çatanda məsələnin nə yerdə olduğunu anladım.