Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 16:28:19
“6 yaşlı uşaqdan Eynşteyn düzəltmək istəyirlər” - Pediatrdan valideyinlərə irad

“Bizim vaxtımızda hansı valideyn evdə uşaqla məşğul olurdu? Uşağın özü oxuyurdu. Valideynlərin günahı budur ki, 6 yaşlı uşaqdan Eynşteyn düzəltmək istəyirlər. İngilis dili kursuna yazdırır, gələcəyin yaxşı riyaziyyatçısı olması üçün dərsdən sonra riyaziyyat kursuna aparırlar. Şagirdi ora-bura dartırlar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı pediatr Vaqif Qarayev deyib. O, valideynlərin məktəbli övladlarının sağlamlığına qarşı etdikləri ən böyük yanlışlardan danışarkən bir sıra vacib nüanslara toxunub. Pediatr qeyd edib ki, valideynlərin ən böyük günahı xəstə uşağı məktəbə aparmalarıdır:

“Məktəb valideyni, valideyn isə məktəbi günahlandırır”

“Təbii ki, məktəbdəki tibb personalı 1500 uşağa nəzarət edə bilməz. Bu, qeyri-mümkündür. Buna görə əsas yük valideynin üzərinə düşür ki, uşağını məktəbə aparmasın. Adi bir soyuqdəymədə belə şagird məktəbə getməməlidir. Əvvəla, məktəbə gedən şagird özü gec sağalacaq. Ağırlaşma ehtimalı da çoxdur. Digər tərəfdən isə xəstə şagird yoldaşlarını da yoluxdurur. Eyni vəziyyət bağçalara da aiddir. Məktəb valideyni, valideyn isə məktəbi günahlandırır”.

“Summativ necə uşağın sağlamlığından qiymətli ola bilər?”

Pediatr summativ qiymətləndirmələri əsas gətirək valideynlərdən də söz açıb:

“İndi summativ deyilən bir şey var. Uşaq həkimin qəbuluna gəlir. Həkim ən azı 3 gün evdə qalmağı məsləhət görür. Anası başlayır ki, “yoxe, həkim nə danışırsız? Sabah uşağın summativi var”.

Mən başa düşə bilmirəm. Summativ nədir? Hər nədirsə, bu, necə uşağın sağlamlığından qiymətli ola bilər? Valideynləri qorxudurlar ki, bu uşaq filan tarixdə mütləq summativdə olmalıdır. Başa düşmürlər ki, şagird xəstədir. Qızdırmalı uşağın summativi necə verdiyini də başa düşə bilmirəm. Belə formal şeyləri yığışdırmaq lazımdır. Gərək pedaqoji kollektiv də, tibb personalı da ilk növbədə uşağın sağlamlığı haqda fikirləşsin. Uşaq sağlam olmalıdır ki, normal təhsil haqda düşünsün. Bunlar köklü problemlərdir və adi bir həkimin fikirləri ilə düzələn deyil”.

“6 yaşlı uşaqdan Eynşteyn düzəltmək istəyirlər”

Həkim dərs proqramının ağırlığından da narahat olduğunu bildirib:

“İstəmədən uşağın psixikasını zədələyirik. Bir sinifdə 40-45 şagird var. Başa düşə bilmirəm ki, onlar orada nə oxuyur. 40-45 uşağın hər birinin qavrama qabiliyyəti eyni ola bilməz. Hamıdan tapşırığı yüksək səviyyədə yerinə yetirməyi tələb edirik. Hamıya eyni tələb qoymaq qətiyyət qəbuledilməzdir. Evdə valideyn, məktəbdə də müəllim tələb edir.

Uşaqlar o qədər stres altındadırlar ki, yaddaşları da gedib. Təhsillə bağlı uşaqların psixikasında dəyişikliklər gedir. Onlar bu stresə dözmürlər. Burada valideynin də, məktəbin də müəyyən qədər günahı var. Müəllimlər şagirdə tapşırıq verirlər. Sonra da şikayət edirlər ki, sənin övladın oxumur. əslində isə hər uşağa fərdi yanaşılmalıdır. Bütün uşaqlardan eyni şeyi tələb etmək olmaz. Bunun yaratdığı stres insan orqanizmində müxtəlif problemlərin ortaya çıxmasına səbəb olur.

Dəb düşüb ki, uşaqlara immunitet dərmanı verirn. İmmunitetin düşməni elə stresdir. Davamlı stres altında olan uşağın orqanları normal işləmir. Yuxu, əsəb, davranış və  diqqəti pozulur”.

Pediatr dünya təcrübəsini əsas gətirərək şagirdlərin çox yüklənməsinə qarşı olduğunu bildirib:

“Kanadada, ümumiyyətlə, evə tapşırıq verilmir. Bir çox ölkələrdə evdən məktəbə, məktəbdən evə kitab daşınmır. Dərslik sinifdə qalır. Bizdə tapşırıqları evdə edirlər. Bu model mənə çatmır. Mən biraz köhnə fikirli adamam. Bizim vaxtımızda hansı valideyn evdə uşaqla məşğul olurdu? Uşağın özü oxuyurdu. Valideynlərin günahı budur ki, 6 yaşlı uşaqdan Eynşteyn düzəltmək istəyirlər. İngilis dili kursuna yazdırırlar. Gələcəyin yaxşı riyaziyyatçısı olması üçün dərsdən sonra riyaziyyat kursuna aparırlar. Şagirdi ora-bura dartırlar. Düzdür, bu, valideynlərin günahıdır və məktəbə aidiyyatı yoxdur. Amma məktəbin özünün də proqramı ağırdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları