Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-04 09:17:00
DİM daha çox işçi axtaran dövlət qurumlarının adlarını AÇIQLADI

Dövlət İmtahan Mərkəzi (DİM) öz fəaliyyətini elektron sistemdə dəqiq, ardıcıl, fasiləsiz və istifadəçi üçün heç bir çətinlik yaratmadan həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. DİM dövlət qulluğu ilə bağlı işlərin elektron formatda həyata keçirilməsinə xüsusi önəm verir.

Dövlət qulluğu vəzifələrinə test imtahanında iştirak etmək üçün çox sadə onlayn qeydiyyat

Hazırda DİM-in saytında “Dövlət qulluğu vəzifələri üzrə (B növü) test imtahanında iştirak etmək üçün qeydiyyat” pəncərəsinə daxil olmaqla şəxsi kabinet yaradıb qeydiyyatdan keçmək mümkündür.

AzEdu.az xəbər verir ki, dekabrın 13-dək davam edəcək BA və BB qrupları üzrə indiyədək 250-yə yaxın şəxs qeydiyyatdan keçib. Bu səhifədən BA və BB qruplarının altqruplarını, onların inzibati vəzifələrin hansı təsnifatına aid olmasını və keçid ballarını faiz üzrə öyrənmək mümkündür. Test imtahanı dekabrın 23-də iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləmək mümkündür.

Test imtahanından keçmək barədə sertifikatın alınması

Dövlət İmtahan Mərkəzinin saytında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat pəncərəsi mövcuddur. Burada test imtahanından keçmək barədə sertifikatın alınması üçün onlayn qeydiyyat aparılır. Həmçinin "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın formasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə tanış olmaq mümkündür. 

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları

DİM-in saytında dövlət qulluğu ilə bağlı müsabiqənin müsahibə elanları pəncərəsində dövlət qulluğu vəzifələrinin A (inzibati rəhbər) və B (inzibati-icraçı) növləri üzrə sənəd qəbulunun davam etməsi və bitməsi, müsahibələrin davam etməsi və bitməsi barədə konkret məlumatları əldə etmək mümkündür. Həmin pəncərədə istifadəçi çox asanlıqla dövlət qulluğu ilə bağlı elanı oxuya bilər, dövlət qulluğu üzrə müraciət Formasını doldura bilər (əlbəttə ki, şəxsi kabinet yaradılıbsa), müsahibə elanları və vakant vəzifələr üzrə axtarış bölməsində elanlar, dövlət orqanı, sertifikat, rayonla, staj tələbi, təhsil pilləsi, daxil olduğu il, ixtisas üzrə axtarış apara bilər. Bu bölmənin digər üstün cəhəti buradakı elanlar hissəsində də sənəd qəbulunun davam edib-etməməsinin çox asanlıqla müəyyənləşdirilməsidir. Müsabiqənin müsahibə elanları pəncərəsində, həmçinin dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə sənəd qəbulu və müsabiqə vəziyyəti barədə məlumatlar da yerləşdirilib.

Qeyd edək ki, 2018-ci il noyabrın 27-də elan edilmiş dövlət qulluğuna (A növü) qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının sənəd qəbulu dekabrın 27-dək davam edəcək. Hazırda Müdafiə Sənayesi Nazirliyi 2 vakansiya, o cümlədən nazirliyin aparatında hüquq-müqavilə və kadrlar şöbəsinin müqavilə sektoru müdiri vəzifəsini və nazirliyin aparatında elm, innovasiya və informasiya texnologiyaları şöbəsi müdirinin müavini vəzifəsini təqdim edib. DİM-in saytına görə, bu vəzifələrlə bağlı müraciət edən hələ ki yoxdur.

Noyabrın 27-də elan edilmiş dövlət qulluğuna (B növü üzrə) qəbul üçün müsabiqə üzrə müsahibə elanlarına da sənəd qəbulu dekabrın 27-dək davam edəcək. Hazırda 11 dövlət orqanı, o cümlədən Maliyyə (1), Energetika (7), Müdafiə Sənayesi (2) nazirlikləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (13), Gəncə Apelyasiya Məhkəməsi (1), Bakı Ağır Cinayətlər Məhkəməsi (10), Bakı şəhəri Binəqədi (14) və Yasamal rayon (4)məhkəmələri, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi (8), Göyçay (3) və Salyan (1) rayon məhkəmələrindən ümumilikdə 64 vakansiya təqdim edilib. DİM-in saytının müvafiq pəncərəsində hər bir dövlət orqanında hansı vəzifələrə vakansiyaların olması, bu vakansiyaların dövlət orqanının hansı strukturunda, eləcə də mərkəzi aparatda və ya bölgələrdə olması, hansı vəzifəyə müraciətin olub-olmaması və sayı, müsabiqə vəziyyətinin orta sayı barədə məlumat verilib. DİM-in saytına istinadla deyə bilərik ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi hazırda 13 vəzifə təqdim etsə də, artıq müraciət edənlərin sayı 42 nəfərə çatıb, yaxud da Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi 2 vakansiya, Gəncə Apelyasiya Məhkəməsinin, Salyan Rayon Məhkəməsinin ayrı-ayrılıqda təqdim etdikləri 1 vakansiya üçün müraciət yoxdur.

DİM-in saytına əsasən deyə bilərik ki, dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları pəncərəsində dövlət qulluğuna (A növü) üzrə qəbul üçün müsabiqə üzrə müsahibə elanlarının bir qisminin sənəd qəbulu dekabrın 5-də başa çatacaq. Belə ki, noyabrın 5-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Kənd Təsərrüfatı (94), Mədəniyyət (3), Müdafiə Sənayesi (2) nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (3), Qida Təhlükəsizliyi Agentliyi (24) tərəfindən ümumilikdə 126 vakansiya təqdim edilib. Bu vakansiyalarla bağlı isə 14 müraciət olub. Bunlardan 1-i Mədəniyyət Nazirliyinin, 1-i Kənd Təsərrüfatı Nazirliyinin, 12-si isə Qida Təhlükəsizliyi Agentliyinin vakansiyaları ilə bağlıdır.

Dövlət qulluğu vəzifələrinin B növü üzrə də qəbul üçün müsabiqənin müsahibə elanlarının bir qisminin sənəd qəbulu dekabrın 5-də başa çatacaq. DİM-in saytından məlum olur ki, bununla bağlı noyabrın 5-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Maliyyə (8), Kənd Təsərrüfatı (435), Mədəniyyət (53), Müdafiə Sənayesi (11)nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (20), Milli Televiziya və Radio Şurası (1), Qida Təhlükəsizliyi Agentliyi (66), Gəncə Apellyasiya Məhkəməsi (6), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi (8), Hacıqabul Rayon Məhkəməsi (1), Şamaxı Rayon Məhkəməsi (2)tərəfindən ümumilikdə 611 vakansiya təqdim edilib. Bu bölmədə də hər bir vakansiya üzrə nə qədər müraciətin olub-olmamasını asanlıqla müəyyənləşdirmək mümkündür.

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları pəncərəsində sənəd qəbulu başa çatmış, tünd qırmızı şriftlərlə “MÜSAHİBƏLƏR BAŞLAMAYIB” qeydi olan pəncərədə istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, müsahibə elanları və vakant vəzifələr üzrə axtarış, dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə sənəd qəbulu və müsabiqə vəziyyəti ilə yanaşı, qeydə alınmış namizədlərlə müsahibələr üzrə müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika, vəzifəyə uyğun bilinən namizədlərin siyahısı ilə tanış ola bilər.Məsələn, dövlət qulluğunda vəzifələrin B növü üzrə oktyabrın 15-dən noyabrın 15-dək sənədlərini təqdim edənlər üçün müsabiqə dekabrın 6-dan 17-dək keçiriləcək.  Burada müsahibənin keçirilmə qrafikində hər bir dövlət orqanının vakansiyaları üzrə müraciət edənlərin ümumi sayı, onlardan neçəsinin müvafiq vəzifəyə uyğun gəlib-gəlməməsi, imtina etməsi, iştirak etməməsi, etibarsız hesab edilməsi, müraciət edənlərdən neçəsi ilə müsahibənin keçirilmədiyi, vəzifəyə təyinat və ehtiyat kadrlar siyahısına daxil edilənlərin sayı barədə məlumat əldə etmək mümkündür. Dövlət orqanının adına daxil olmaqla həmin qurumdakı vakansiyalara namizədlərin soyadı, adı və atasının adı, struktur bölmənin adı, vəzifənin adı, müsahibənin tarixi, vaxtı, keçirilmə yeri göstərilir. Yekun bal, vəzifəyə uyğunluq, vəzifəyə təyinat və qeyd bölməsi müsahibə başa çatandan sonra doldurulur. Namizədin imtina etməsi barədə qeyd vəzifəyə uyğunluq qrafikində aparılır. Məsələn, bu linkdən Təhsil Nazirliyinin vakansiyaları ilə bağlı bütün məlumatları əldə etmək mümkündür.  

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə elanları pəncərəsində sənəd qəbulu başa çatmış, yaşıl şriftlərlə “MÜSAHİBƏLƏR DAVAM EDİR” qeydi olan pəncərədə də istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, müsahibə elanları və vakant vəzifələr üzrə axtarış, dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə sənəd qəbulu və müsabiqə vəziyyəti ilə yanaşı, qeydə alınmış namizədlərlə müsahibələr üzrə müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika, vəzifəyə uyğun bilinən namizədlərin siyahısı ilə tanış ola bilər. Qırmızı rəngdə “MÜSAHİBƏLƏR BİTMİŞDİR” qeydi olan pəncərədə bütün bunlarla yanaşı, vəzifəyə uyğun bilinən namizədlərin tam siyahısı da göstərilir.

Dövlət qulluğuna dair ümumi müsahibə elanları

DİM-in saytındakı dövlət qulluğuna dair ümumi müsahibə elanları pəncərəsində maraqlanan hər kəs sənəd qəbulu davam edən və başa çatmış, eləcə də müsahibələrin davam etməsi və bitməsi barədə məlumatları əldə edə bilər. Sənəd qəbulu davam edən ümumi müsahibə elanlarında istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, sənəd qəbulu və müsabiqənin dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə vəziyyəti ilə tanış ola bilər. DİM-in saytına görə,  2018-ci il noyabrın 27-də elan edilmiş ümumi müsahibə elanları ilə bağlı sənəd qəbulu  dekabrın 27-dək davam edəcək. Cari ümumi müsahibə elanında ümumilikdə 8 dövlət orqanı, o cümlədən Ali Attestasiya Komissiyası (2), Maliyyə Nazirliyi (1), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (46), Energetika Nazirliyi (5), Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi (2), Dövlət Turizm Agentliyi (3), Sumqayıt Apellyasiya Məhkəməsi (1), Şəki İnzibati-İqtisadi Məhkəməsi (5) tərəfindən ümumilikdə 65 vakansiya təqdim edilib. Bu vakansiyalarla bağlı isə ümumilikdə 31 müraciət olub. Müraciətlərin vakansiyalar üzrə sayı barədə məlumatı asanlıqla müəyyənləşdirmək mümkündür. Qırmızı hərflərlə “MÜSAHİBƏLƏR BİTMİŞDİR” qeydi olan hissədə istifadəçi elanlar, dövlət qulluğu üzrə müraciət Forması, sənəd qəbulu və müsabiqənin dövlət orqanı və vakant vəzifələr üzrə, şəhər və rayonlar üzrə, DİM-in regional bölmə və idarələri üzrə vəziyyəti ilə yanaşı, qeydə alınmış namizədlərlə müsahibələr üzrə müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika və vəzifəyə uyğun bilinən namizədlərin siyahısı ilə tanış ola bilər.

Qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri

DİM-in dövlət qulluğuna qəbul üçün qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki və nəticələri pəncərəsində müsabiqə üzrə müsahibə elanları və ümumi müsahibə elanları, eləcə də hələ başlamayan, davam edən və bitən müsahibələr barədə və bunlarla bağlı müvafiq olaraq müsahibələrin keçirilmə qrafiki, müsahibə mərhələsi üzrə statistika, vəzifəyə uyğun bilinən namizədlərin siyahısı, elanlarla tanış olmaq və dövlət qulluğu üzrə müraciət Formasını doldurmaq mümkündür.

Dövlət qulluğuna sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat

DİM-in saytındakı dövlət qulluğuna sınaq imtahanında iştirak etmək üçün onlayn qeydiyyat pəncərəsinə daxil olmaqla şəxsi kabinet yaradıb qeydiyyatdan keçmək lazımdır. AA, AB, AC, BA, BB vəzifə qrupları üzrə noyabrın 26-dan başlanmış qeydiyyat dekabrın 5-dək davam edəcək. Ümumilikdə 58 imtahan yerinə 3 nəfər qeydiyyatdan keçib, 55 imtahan yeri boşdur. Qeydiyyatdan keçənlərdən 1-i BA, 2-si BB vəzifə qrupları üzrədir. AA, AB, AC, BA, BB vəzifə qrupları üzrə noyabrın 26-dan başlanmış qeydiyyat dekabrın 15-dək davam edəcək. Hazırda 58 imtahan yerinə 6 nəfər qeydiyyatdan keçib, 52 imtahan yeri boşdur. Vəzifə qruplarının göstərildiyi pəncərədə altqrupa daxil olan vəzifələr, o cümlədən inzibati vəzifələrin təsnifatı üzrə və keçid balı barədə məlumatlar verilir.

Dövlət qulluğunda karyera bələdçisi

DİM-in saytındakı dövlət qulluğunda karyera bələdçisi pəncərəsində istifadəçi cari inzibati vəzifəni, təsnifatı və altqrupu, eləcə də dövlət qulluğunda qulluq stajını, ümumi iş stajını, sertifikat növünü seçməklə sistemə daxil etdiyi göstəricilər əsasında özünün karyera imkanlarını müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, cari inzibati vəzifə, təsnifatı və altqrupunda “aparıcı məsləhətçi”, dövlət qulluğunda qulluq stajı olaraq 4 il, ümumi iş stajı 4 il, BB4 sertifikat göstəricisi ilə mümkün karyera imkanlarını müəyyənləşdirmək olar.

Bütün bunlar DİM-in ən yüksək standartlara uyğun dəqiq, ardıcıl və fasiləsiz elektron xidmət göstərdiyini bir daha təsdiq edir. Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi müəyyən edilib.(AZƏRTAC )