Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 16:17:00
“Müəllimlərin bayrağımızın tarixi haqqında bilgiləri çox aşağıdır” –Məktəblərdə Bayraq günü rəngsizliyi

“Uşaqlara fikir və düşüncələrini ifadə etmək imkanı verin. Tədbirlərdə əzbərçilikdən kənara çıxın. Şeir əzbərləmək də vacibdir, amma digərlərini unutdurmamaq şərti ilə”.

9 Noyabr- respublika səviyyəsində Bayraq günü  kimi qeyd olunur. Bu tarixdə orta təhsil müəssisələrində dərs günü olmasa da, məktəblərdə yaxın tarixlərdə dövlət bayrağına həsr olunan tədbirlər təşkil edilir.

Bəs, adətən şablon ssenarelərlə keçirilən tədbirlər şagirdlərə bayrağın tarixini nə dərəcədə aşılaya bilir? Ümumiyyətlə belə tədbirlər məktəbliyə zorla əzbərlədiyi şeirlərdən əlavə hansısa tarixi məlumat, bayrağa sevgi çatdıra bilirmi?

“Müəllimlərin üçrəngli bayrağımızın tarixi haqqında bilgiləri çox aşağıdır”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, vətənpərvərlik bizim əvvəlki dar düşüncəmizdə olduğu kimi deyil. Vətənpərvərlik tərbiyəsi çox geniş sahələri əhatə etməlidir. Bayraq günü münasibətilə keçirilən tədbirlər də bunun bir qanadı, bu hissi aşılamaq üçün vasitədir:

“Müşahidələr, araşdırmalar onu göstərir ki, müəllimlərin də üçrəngli bayrağımızın tarixi haqqında bilgiləri çox aşağıdır. Bu tədbirlər də onların bu barədə maarifləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir”.

“Tədbirlərdə əzbərçilikdən kənara çıxın!”

Tədbirlərin ssenarilərinə gəlincə isə, Məlahət xanım bildirib ki,  tədbiri təşkil edən müəllimlər şablonluqdan çıxmalıdırlar:

“Tədbirdə mütləq bayrağın  yaradıcıları qeyd olunmalıdırlar. Bu, bizim tariximizdir. Onlar çox zor şərtlər daxilində bir ölkə yaratdılar, heç nədən bir bayraq qaldırdılar. Tədbirlərdə bayrağın ideya müəlliflərindən tutmuş, rəssamına qədər - bu işdə iştirak edən hər kəs haqqında məlumatlar verilməlidir. Bu, həm Cümhuriyyət tariximizi öyrənmək baxımından vacibdir, həm də bizim keçmişimizdir. Tarix heç vaxt unudulub başqa rəqəm və adlarla meydana gəlməməlidir.

Buna görə də tədbir proqramlarını  həyata keçirən müəllimlərimizə müraciət edirəm. Tarixi mütləq olduğu kimi ssenarilərinizə salın. Uşaqlara fikir və düşüncələrini ifadə etmək imkanı verin. Tədbirlərdə əzbərçilikdən kənara çıxın. Şeir əzbərləmək də vacibdir, amma digərlərini unutdurmamaq şərti ilə. Tarixi anların səhnəciklərini də diqqətdən kənar  qoymayın. Şablon proqramlar olmasa, tarixi faktlar unudumasa, bu tədbirlər böyük rol oynayar. Bunlar ən azından bayrağımız haqda məlumat səviyyəsində çox faydalıdır”.

“Hər şeyin başında sevgi dayanır. Elə etməliyik ki, bu tədbirlər məkətblilər üçün yorucu olmasın”

Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının  rəhbəri Şahin Musaoğlu isə bildirib ki,  Bayraq gününün şagirdlərə sözün həqiqi mənasında tədris olunmasının tərəfdarıdır:

“İstərdim ki, onlara bayraq və vətənə sevgini aşılayaq. Məktəblərdə həmin gün dərs olmur. Amma bir gün öncədən mütləq belə tədbirləri keçirmək lazımdır. Çünki şagirdlər bizim gələcəyimizdir. Onlar vətənpərvərliklə, soy-köklərinə sədaqət, adət-ənənələri qoruyub saxlamaqla böyüməlidirlər.

Hər şeyin başında sevgi dayanır. Elə etməliyik ki, bu tədbirlər məktəblilər üçün yorucu olmasın. Məktəblilərə bayrağı sevmək, onu fəxrlə daşımaq hisslərini aşılamaq lazımdır. Sözsüz ki, burada müəllimlərin də rolu var. Tədbirlər zamanı şagirdlərin ziyalılarla görüşünü təşkil edib, vətənpərvər ruhlu əsərlərini təbliğ etməliyik. Bu haqda sənədli filmlər də izlətmək olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları