Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 13:39:00
700 bal toplayan Şəki məktəblisinin uğur sirri – “İmtahan zamanı zalda  “tək idim”

Nərmin İsmayılova: Təməl güclü olmalıdır ki, sonrakı hazırlıqlar ağır gəlməsin.

AzEdu.az builki qəbul imtahanlarında  700 bal toplayan Şəki məktəblisi Nərmin İsmayılovanın müsahibəsini təqdim edir:

-Mən, Nərmin İsmayılova  2000-ci il noyabr ayının 12-də Şəkidə anadan olmuşam. 2007-ci ildə Şəki şəhər fizika- riyaziyyat və humanitar təmayüllü liseyin birinci sinfə getmişəm. 2018-ci ildə keçirilən qəbul imtahanında 700 bal toplayaraq, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olmuşam.

-Niyə III qrupa üstünlük vermişiniz ?

- Humanitar fənlər mənə daha asan gəlirdi. Eyni zamanda, tarix və ədəbiyyat fənlərinə daha çox marağım var idi. V-VI siniflərdən etibarən bədii ədəbiyyatla yaxından maraqlanmağa başladım. Tarix müəllimim isə mənə hər zaman “Səndən yaxşı tarixçi olar” deyərdi. Düşünürəm ki, bu tarixi mənə sevdirən amillərdən bir olub.

-Ən çox hansı fənni və nə üçün sevmişiniz ?

-Tarix və ədəbiyyat. İkisi arasında ən çox ədəbiyyat fənnini sevirəm. Doğrudur, bütün fənlər bizim dünya görünüşümüzü, biliyimizi artırır, ancaq ədəbiyyat daha geniş təsirə malikdir. Doğru qərar vermək, tərəddüdlü məsələləri həll eləmək üçün bəzən, ədəbiyyatdan da yararlanmaq lazımdır.

700 bal toplamaq üçün bütün gün dərs oxumaq əsas şərt hesab oluna bilər?

-Bütün gün deyil. Məktəbin ilk illərindən normal hazırlaşmaq lazımdır. Günün 7-8 saatını hazırlaşmışam, geridə qalan vaxtı isə istirahətə və digər məşğuliyyətlərə sərf etmişəm.

-Gələcək hədəfləriniz nələrdir?

-Təhsilimi mükəmməlləşdirmək, ixtisasımı dərindən öyrənməkdir. Hazırkı uğurumu qorumaqla gələcəkdə daha böyük uğurlara nail olmaq, ailəmin, sevdiklərimin başını daim bu uğurlarla uca etməkdir.

-700 bal toplamanıza ən çox sevinən kim oldu?

-Ailəm məndən bu nəticəni gözlədiyi üçün o qədər də təəccüblənmədi, lakin hamı çox sevindi. Xüsusilə də anam. O anın sevincini sözlə ifadə edə bilməyəcəyəm.

-İkinci qəbul imtahanında nəticənizi daha da artırmanızda nəyə borclusunuz?

-Daha çox diqqətli olmağa çalışdım. Birinci imtahanda diqqətsizlikdən nisbətən zəif nəticə göstərmişdim. Maksimal nəticə əldə etmək üçün bəzi fənlər üzərində daha çox çalışdım.

-Qəbul imtahanında göstərdiyin uğura görə kimə təşəkkür edərdiniz?

-2007-ci ilin sentyabrında birinci sinfə daxil olanda bu uzun və şərəfli yolda məni nə gözlədiyini hələ bilmirdim. Əlimdən tutub yazmağı mənə öyrədən sinif müəlliməmə minnətdaram. Elə o vaxtdan hədəfim yaxşı oxuyub əlaçı olmaq idi. Hədəfimə çatmaq da müəllimlərimin rolu və valideynlərimin dəstəyi əvəzsizdir.

Məktəb mənə sadəcə bilik verməyib, şəxsiyyət kimi formalaşmamda böyük rol oynayıb. Müəllimlərimiz sadəcə ayrı-ayrı fənlər üzrə bilik verməklə kifayətlənməyib, həmçinin bizi həyata hazırlayıblar. Hər birinə bir daha təşəkkür edirəm.!

-Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiniz?

-Daha çox kitab oxuyuram, xüsusilə də bədii kitablar. Filmlərə baxmaq və musiqi dinləmək də boş vaxtlarımdakı məşğuliyyətlərim arasındadır.

-Sizcə,  bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

-Fikrimcə uğur qazanmağın əsas yolu nə istədiyini əvvəlcədən müəyyən etməkdir. Başqalarının fikrinə çox əhəmiyyət vermədən sadəcə “Bunu bacarmalıyam və bacaracam da” deyə bilməkdir. Sonra isə səbirli və təmkinli olmaqdır.

-Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiniz?

-Əlbəttə ki, ali məktəbə maksimal balla qəbul olunmaq sözün əsl mənasında, qürurvericidir. Çox sevinirəm ki, bu nəticə ilə universitetə daxil olmuşam. Sözsüz ki, yüksək balla universitetə qəbul olunmaq üçün əvvəlcə gərək, əsl vətənpərvər olasan. Doğma Azərbaycanımızı daim sözdə  yox, əməldə  sevdiyini sübut edəsən. Gələcəkdə cəmiyyətə layiqli bir vətəndaş olmağı qarşına məqsəd qoymalı, bir kadr kimi ölkəyə və xalqa xeyir verəsən.

Sənin üzərində zəhməti olan valideynlərini, müəllimlərini sevindirmək üçün aşağı siniflərdən sistemli oxumağı özünə aşılamalısan. Məncə, yalnız son siniflərdə hazırlıq düşüncəsi düzgün yanaşma deyil.

Ali məktəbə qəbul imtahanı qabağı həyəcanı dəf etməli və özünə inamlı olmalısan. İmtahan zamanı sanki, zalda təksən kimi davranmalı, bütün diqqətini sualların düzgün cavablandırılmasınayönəltməlisən. Sonrakı mərhələdə düzgün ixtisas seçimi aparmaq da vacib şərtlərdəndir.Bütün məktəbli dostlarımız bilsinlər ki, onların iradəsi və əzmi qarşısında reallaşmayan arzu, keçilməyən sədd yoxdur.