XƏBƏRLƏR

17.08.2018 11:57
“Ürək ağrısı ilə qeyd edim ki, universitetlərdə təhsil haqqı sistemini yaradanlardan biri elə mənəm”- Sosioloq alimdən etiraflar

Əhməd Qəşəmoğlu - “Ürək ağrısı ilə qeyd edim ki, universitetlərdə təhsil haqqı sistemini  ilk  yaradanlardan  biri də elə mənəm. Çünki 90-cı illərdə ölkədə müəllimlərin maaşı çox aşağı idi”

“Bizim ən böyük potensialımız və ən böyük müdafiəmiz istedadlı gənclərimizdir. Çünki dövr elə bir dövrdür ki, intellekt istənilən silahdan üstündür və intellektual müharibə bütün müharibələrdən təhlükəlidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı sosioloq Əhməd Qəşəmoğlu deyib. O, qeyd edib ki, intellekti yüksək olan tərəfin uğur qazanmaq imkanı daha çoxdur:

“Ona görə də, biz istedadlılara diqqətli olmalı, indiki vaxtda onlara əsas güc və potensialımız kimi yanaşmalıyıq. Lakin ali məktəblərə qəbul qaydası elə qurulub ki, həmin gənclərə lazımı qiyməti verə bilmirik. İstedadlıların qiymətli bir hissəsi diqqətdən kənarda qalır. Bu, iki tərəfdən təhlükəlidir.

Birincisi, təkrar edirəm, öz potensialımızı zəiflədirik – milli kadrlarımızdan istifadə etmirik.

İkincisi isə, istedadlı gənclərdə vətənlərində qayğı görmədikcə vətənə qarşı soyuqluq yaranır. Beləcə, gənc daxilən psixoloji sarsıntı keçirir və sınır. Yüksək intellektual imkanlarını tətbiq edə bilmədiyi halda bəzən kriminal aləmə qarışır, terrorist olur; bəzən də, sadəcə, daxilən sınaraq məhv olur.

Ona görə, universitetlərə qəbul sistemi elə təşkil olunmalıdır ki, biz ilk növbədə məhz istedadlı gənclərə qayğı göstərə bilək. Nəinki qəbul imtahanlarında, mən təklif edirəm ki, belə gənclərlə həm də orta məktəb dövründə də xüsusi işləyək. Onlara təhsil haqqının azad edilməsində və s. məsələlərdə daha çox dəstək ola bilərik”.

Hazırda universitetlərdə illik təhsil haqqının hansı məntiqlə artdığını təyin eymək çətindir...

Məsələn, Azərbaycan Tibb Universitetində bu tədris ilindən etibarən təhsil haqqı 4500 manatdır.

“Bu ödənişlərə nəzərən universitet müəllimlərinin maaşlarını hesablayanda xeyli sayda maliyyənin hara itdiyi məlum olmur.

Ürək ağrısı ilə qeyd edim ki, universitetlərdə təhsil haqqı sistemini ilk yaradanlardan biri də elə mənəm. O vaxtlar Milli Məclisdə inistitut qədər əhəmiyyətli böyük elmi mərkəzin rəhbəri idim. O zaman biz MM-də qanunda ödənişli təhsil sistemini yaratmaqla bağlı təkliflər verdik.

“Bəs ödənişli təhsil sistemini yaratmaqda məqsədimiz nə idi?”

“Çünki ölkədə 1990-cı illərdə müəllimlərin maaşı çox aşağı idi. Biz də nəzərdə tutmuşduq ki, 30%-ə qədər ödənişli təhsili tətbiq etmək olar, o şərtlə ki, əldə olunan gəlirlər müəllimlərin maaşına hesablansın. Lakin sonralar bu 30% , 60-70-80%-ə qədər qalxdı. Təəssüf ki, heç də arzuolunan şəkildə istifadə olunmadı”.

Bu problemi həll etmək üçün nə etmək lazımdır?

“Kifayət qədər yüksək bal toplayanların bir qismi ödəniş yüksək olduğu üçün istəmədikləri ixtisasa sənəd verirlər. Çünki istədikləri sahədə təhsil almaları üçün maddi imkanları yoxdur. Yalnız təhsil haqqı aşağı olan və ya ümumiyyətlə, ürəklərincə olmayan ixtisasları yazırlar. Belə çıxır ki, biz həmin gəncləri də “itirmiş” sayılırıq”, - deyə Əhməd Qəşəmoğlu əlavə edir.

Onun sözlərinə görə, yüksək bal toplayan bəzi abituriyentlər ödənişi edə bilmədiklərinə görə təhsildən imtina edirlər. O, qeyd edib ki, çox istedadlı gənclər tanıyıram ki, ard-arda bir neçə il universitetə daxil olub, amma istədiyi fakültənin təhsil haqqına görə universitetdən imtina edib:

“Belələrinin arasında çox gözəl musiqiçi, riyaziyyatçı, tarixçilər də var...

Bizə mənbələri orijinaldan - ərəb və fars dillərindən - oxuya bilən tarixçilər lazımdır. Bəs ortada bizim elə tarixçilərimiz varmı? Tarix İnstitutunun, təxminən, 5%-i həmin mənbələrdən oxuya bilir. Bütün sahələrdə, elə hamının dediyi kimi, elmi təhlilə ehtiyacı olan ciddi məsələlər var. Arzu edərdim ki, yeni təhsil nazirimiz, Milli Məclisin uyğun komitələri, bütün aiddiyatı olan sturukturlar, eyni zamanda elə ictimaiyyət də bu məsələləri daim diqqətdə saxlasın”.

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR