Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-15 13:00:00
“Müəllim sertifikasiya zamanı təkcə testdən yox, həm də müsahibə mərhələsindən keçsin” – Təklif

“Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınsa da, onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir. Hesab edirəm ki, attestasiyanın yerinə tətbiq ediləcək sertifikasiya zamanı müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, qeyd edib ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axrıncı dəfə 1994 – cü ildə tətbiq edilib:

“Bundan sonra çalışanların biliklərinin yoxlanılaması üçün heç bir addım atılmayıb. Yalnız 2014- cü ildə müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 %-ə qədərinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Yeni tətbiq ediləcək sertifikasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır. Hesab edirəm ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək.Sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması tətbiq edilməlidir.

Kamran Əsədov qeyd edib ki, sertifikasiya ilə attestasiyanın oxşarlığı olsa da, müəyyən fərqlər də mövcuddur:

“Belə ki, birincisi, sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əməkhaqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əməkhaqqı yalnız onların təhsil səviyyəsi və iş stajına uyğun verilir. Amma differensial əməkhaqqı tətbiq olunarsa, artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyada iştirak edə bilərlər. Qeyd edim ki, Diaqnostik Qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınsa da, onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma sertifikasiyanın daha geniş formatda olması vacibdir. Hesab edirəm ki, attestasiyanın yerinə tətbiq ediləcək sertifikasiya zamanı müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”.

Qeyd edək ki, Azərbaycanda təkrarən sertifikasiyadan keçməyən müəllimlərlə bağlanan əmək müqaviləsi işəgötürən tərəfindən ləğv ediləcək. Bu, Milli Məclis tərəfindən yeni qəbul edilmiş “Əmək Məcəlləsi”nə dəyişikliklərin edilməsi barədə qanunda öz əksini tapıb.

Qanuna edilən yeni dəyişikliklərə əsasən, sertifikasiyadan “Təhsil haqqında” qanuna uyğun olaraq, təkrarən keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.