Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 13:42:00
Ali məktəblərə qəbulda yeniliklər, AMEA-da ciddi dəyişiklər

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Kolleclərin xüsusi qabiliyyət imtahanlarında yeniliklər olacaq

Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elmi konfrans keçirilib.

Seminar bu istiqamət üzrə orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçirilmiş qəbul imtahanlarının təhlilinə və 2020/2021-ci tədris ili üçün keçiriləcək musiqi nəzəriyyəsi və solfecio imtahanının məzmununa həsr edilib.

Seminarda, həmçinin tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün keçiriləcək qəbul imtahanlarının müsabiqə şərtləri, qəbul proqramları, qiymətləndirmə meyarları müzakirə edilib.

Musiqi sənəti istiqaməti üzrə seminarlarda qəbul edilən yeniliklər barədə məlumatlar DİM-in internet saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları " adlı jurnalın 2-ci sayında nəşr ediləcək

Ali məktəb imtahanları ilə bağlı rektorlara göstəriş - Nazir əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri  imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək.

 Ali məktəblərə qəbulda yenilik olacaq

Müasir dünyada peşə və ixtisaslar çox sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan sonra yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq edilir.

Bunu Təhsil naziri Ceyhun Bayramov “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində  deyib.

Nazir bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq.

C.Bayramov xatırladıb ki, bu ilin fevral ayında Nazirlər Kabineti ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatını təsdiq edib:

“Hazırda ali təhsil müəssisələri tədris proqramlarını yeniləyirlər. Yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirən məzunların kifayət qədər çoxu -70 faizi qısa müddətdə əmək bazarına daxil olurlar”.

O qeyd edib ki, dünya təcrübəsində yaradıcı istiqamətlərlə bağlı özünüməşğulluq faizi olduqca yüksəkdir:

“Müxtəlif ölkələrdə bu, 30-60 faiz arasında dəyişir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda diqqət yetirilməsi vacib olan sahə sahibkarlıq, biznes etikası ilə bağlı olaraq bacarıqların formalaşdırılması vacibdir ki, onlar gələcəkdə işaxtaran deyil, iş yeri yaradan insanlar olsun. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir”

AMEA institutlarında dəyişikliklər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev gündəlikdəki məsələləri təqdim edib, iclasda bir sıra elmi-təşkilatı məsələlərə dair müzakirələrin aparılacağını diqqətə çatdırıb.

AMEA-nın akademik-katibi Əminağa Sadıqov Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamı ilə komissiyanın yaradıldığını və hazırlanmış təkliflərin akademik Ramiz Mehdiyevə təqdim edildiyini söyləyib. Ə.Sadıqov Strateji Elmi Tədqiqatlar Mərkəzinin fəaliyyətinə dair Rəyasət Heyətinin qəbul etdiyi qərarları iclas iştirakçılarının diqqətinə çatdırıb.

O, Ədəbiyyat İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında da məlumat verib. Bildirib ki, Azərbaycan ədəbiyyatının inkişaf yolunun elmi-nəzəri cəhətdən yenidən və əsaslı şəkildə dövrləşdirilməsi Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin fəaliyyət istiqamətinə də öz təsirini göstərib və şöbənin adında dəyişiklik edilməsi zərurətini meydana çıxarıb.

Həftənin təhsil informasiyaları

Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edib.

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları