XƏBƏRLƏR

02.12.2019 17:14
Sinif və ya müəllim arasında seçim etmək istəsəniz ...

Andreas Şleyxer : "Siz müəllimi seçin"

Dekabrın 3-də şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın (PISA- Programme for International Student Assessment)  2018-ci il üzrə hesabatı elan olunacaq.  Proqramda iştirak edən hər bir ölkənin təhsil qurumlarının, şagirdlərin maraqla gözlədiyi hesabatın müəllifi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil departamentinin rəhbəri, PISA-nın qurucusu Andreas Şleyxer  mətbuata müsahibə verib.   Müsahibənin maraqlı olduğunu nəzərə alaraq oxuculara təqdim edirik.

 - Şagirdlərin testləri uğurla vermələri üçün onlardan hansı bilik və səriştələr tələb olunur? 

- PISA şagirdlərin dərsdə öyrəndiklərini təkrar edə bilib-bilmədiklərini qiymətləndirmir.  Çox vacibdir ki,  onlar yaradıcı düşünsünlər, mürəkkəb problemləri həll edərkən öz  biliklərini tətbiq edə bilsinlər. Məsələn,  əgər söhbət riyaziyyatdan gedirsə, şagirdə real kontekstdə məsələnin  həlli təklif olunur: riyazi cavabı olan bu problemə baxın, onun cavabını tapmağa cəhd edin.

 - PİSA-nın iştirakçı ölkələrindən hansı nəticələr  sizi təəccübləndirib?

- Məni həqiqətən təəccübləndirən yeganə ölkə Vyetnamdır. O, yoxsul ölkədir, lakin onun nəticələri müqayisə  olunandır. 2015-ci ildə Vyetnam Honkonq, Koreya, Yeni Zelandiya və demək olar ki, bütün Avropa ölkələrini ötərək top 10 ölkə arasına  daxil olub.  Başqa hallarda  məni təəccübləndirmək çətindir - həmişə hər şeyi izah edən bir səbəb var.

 -  Müvəffəqiyyətin hansı əsas səbəbləri var, sizcə, universal resept varmı?

- Üç əsas amil var. Birincisi,  müasir tədris sistemləri  təfəkkürü inkişaf etdirir. İkincisi, təhsilin keyfiyyətinə zəmanət verən peşəkar müəllimlərdir. Ölkə istedadlı insanların müəllim olmaq istədikləri şəraiti yaratmalıdır. Üçüncüsü də, ən yaxşı müəllimlər ən çətin məktəblərdə işləməlidirlər, bunun öhdəsindən Asiyada xüsusilə yaxşı gəlirlər.
 

 - Bir çox ölkələri PISA-nın  nəticələri xoşagəlməz dərəcədə təəccübləndirdi. Necə düzgün reaksiya vermək lazımdır və bu vəziyyətdə "düzgün" olan  nədir?

- Nəticə həmişə özümüzü gördüyümüz bir aynadır. Əgər onlari sevmirlərsə, deməli, təhsil sistemi ilə bağlı yanlış bir şeylər var. PISA-nın nəticələri illər ərzində baş verənlərin uzunmüddətli mənzərəsini verir, yığılmış problemləri ortaya qoyur. Bu, daha geniş mənzərəni görmək, daha sonra isə konkret problemlər üzərində işləməyə başlamaq üçün bir fürsətdir.

 Nümunə olaraq mənim doğma ölkəm Almaniyanı götürək. İnsanlar testlərin nəticələrindən çox narazı qaldılar. Elə alındı ki, illər boyu məktəblər ən yaxşı şagirdləri seçirdilər, təhsil sistemini heç kim islah etmirdi. Bu, testin nəticələrinin qeyri- bərabər olmasına gətirib çıxardı, bəziləri çox yaxşı, digərləri isə çox pis idi. Sonuncular arasında əlverişsiz ailələrdən və miqrant ailələrindən olan şagirdlər də var idi. Almaniya PISA-nı təhvil verərək bu kateqoriyadan olan şagirdlərə diqqət yetirdi, onlara kömək etdi, miqrantların uşaqlarına paralel olaraq iki dildə təhsil almaq imkanı verildi. Və bu öz təsirini göstərdi.
 

2015-ci ildə Almaniya təbiət elmləri üzrə 16-cı yerdə idi. Avropada Almaniya Estoniya, Finlandiya, Sloveniya və Böyük Britaniyadan geri qaldı.  10 ildən sonra şagirdlər arasında fərq 50 faiz azaldı.
 

Mən PISA -nın islahatlar üçün yalnız bir başlanğıc nöqtəsi olduğunu izah etmək istəyirəm, daha əvvəl etdiyimiz qiymətləndirmə və ya ittiham deyil. Əsas məsələ məktəb və müəllimlərlə danışmaqdır, ilk növbədə, onlar nəticələri anlamalıdırlar.

 - Siz nümunələri bilirsiniz, ölkələr böyük büdcə  xərcləmədən  PISA-da öz mövqelərini yaxşılaşdıra biliblərmi?

- Təhsil -  o qədər də  pul məsələsi deyil, nə qədər ki, dövlət siyasətidir:  resurslardan sənərəli istifadə edən sistem olmalıdır.  İnfrastruktur həmişə və hər yerdə bahalıdır, amma, ondan başqa, hələ imtahanlar sistemi var, təhsilə ədalətli və bərabərhüquqlu çıxış  var.  Bu problemləri həll etmək üçün  çox pul lazım deyil, amma bunlar mürəkkəb siyasi qərarlardır.  Məsələn, bir çox tamamilə effektiv təhsil sistemləri böyük siniflərə üstünlük verirlər.  Əgər ölkədə  kifayət qədər müəllim yoxdursa,  bu həqiqətən kadr məsələsini həll etməyə kömək edir.

 - Böyük siniflər neçə şagirdlərdən təşkil olunur. Sinifdə  30 şagird olması - bu çoxdur və ya az?

- PISA standartları üzrə  bu,  çoxdur. Amma bizdə 40 -45 şagirdli sinifləri olan uğurlu ölkələr  nümunələri var.   Əgər sizə daha kiçik sinif və ən yaxşı müəllim  arasında seçim etmək lazımdırsa, həmişə ən yaxşı müəllimi seçin.
 Məsələn, nə vaxtsa Koreya və Lüksemburq təhsilə eyni məbləğdə  pul  xərcləyirdi, amma pulları müxtəlif istiqamətlərə qoyurdular. Koreyada investisiyalar müəllimlərdə cəmlənmişdi: onlara yaxşı maaş ödəyirlər, daha az dərs saatı verirlər və  inkişaf üçün daha çox imkan var.  Lüksemburq kiçik siniflərə fokuslandı. Orada həmçinin müəllimlərə yaxşı maaş ödəyirlər, amma dərslər bir-birinin arxasınca  gedir və işdən başqa nəyəsə vaxt  sadəcə yoxdur. Nəticədə Koreyada indi işlər daha yaxşı gedir.  2015-ci ildə təbiət elmləri üzrə Koreya 11-ci idi, Lüksemburq isə dördüncü onluğa düşdü.

 - Finlandiya PISA-nın liderlərindən biridir.  2015-ci ildə Finlandiya təbiət  elmləri üzrə  Avropada yalnız Estoniyadan geridə qalıb. Fin təhsilini tez-tez nümunə göstərirlər. Necə bilirsiniz, fin təhsili akademik bilikləri, yoxsa   şagirdlərin məmnunluğunu  özü üçün prioritet seçib?  Bu düzgün yanaşmadır?

- Finlandiya gənc insanlara çox imkanlar verir,  şagirdlər orada  təhsil prosesinin yalnız istehlakçıları deyil,  həm də  aktiv iştirakçılarıdır: onlar sınaqlar üçün açıqdır,  səhv etməyə qorxmurlar. Bütün bunlar sistemin böyük  xidmətidir. Finlandiyada əvvəlki kimi əlaçıların yüksək faizi var,  hətta  qabiliyyətli şagirdlərə üstünlük edən Almaniyada olduğundan da yüksəkdir.    Finlandiyada təhsil kifayət qədər fərdidir. Müəllimlər anlayırlar ki, müxtəlif şagirdlərdə fərqli istedadlar var və  onlar  hər cəhətdən təşviq olunur.  Amma ümumi biliklər sahəsində Finlandiya həqiqətən öz seçimini etdi.  Demək çətindir, düzgün,  ya yox. Mənim üçün beynəlxalq qiymətləndirmələr  ən yaxşı sistemin deyil,  alternativlərin axtarışıdır..

 - Bu gün hansı ölkənin nəinki əvvəlki qiymətləndirmənin nəticələrinə görə, həm də dinamikaya görə daha yaxşı təhsil sistemi var?

 - Avropada  bu ölkə  Estoniyadır. 2015-ci ilin reytinqində Estoniya Avropada birinci,  bütün iştirakçı ölkələr  arasında isə  Sinqapur və Yaponiyadan sonra 3-cü olub.  Onların əla dinamikası var, müəllimlər və məktəblər çox tez və yaradıcı şəkildə inkişaf edir. Asiyada daha yaxşı təhsil sistemi Çindədir.  2015-ci ildə dördüncü yerdə olub.  Çində öyrənməni yaxşılaşdırmaq üçün süni intellektdən istifadə olunur və bu, səmərəlidir. Kanadada öyrənmək üçün maraqlı yanaşmalar var.  Kanada 2015-ci ildə yeddinci yerdə idi. Onların inklüziv təhsil sistemi var,  miqrantlar və kanadalılar birlikdə öyrənirlər.  Hər hansı bir təhsil sistemi təkmilləşdirilmiş ola bilər. Əsas məsələ bəhanələr axtarmamaq və məsuliyyəti üzərindən atmamaqdır. 

 Qeyd edək ki,  PISA proqramı artıq  19 ildir ki, hər üç ildən bir 15 yaşlıların  3 istiqamət-riyaziyyat, oxu və təbiət  elmləri üzrə nailiyyətlərini  qiymətləndirir.

Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)

İlin gənc müəllimi-Müraciət formu