Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-28 13:27:00
ADU Mərakeşin Cadi Ayyad Universiteti ilə əlaqələr qurur  

Noyabrın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Mərakeşin Cadi Ayyad Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, doktor Fatima Zöhrə İflahen ilə görüşüb.

ADU-da AzEdu.az -a bildirilib ki, rektor Kamal Abdulla universitetlər arasında əlaqələrin qurulması istiqamətində görüşün əhəmiyyətini vurğulayıb. ADU-nun əməkdaşı Anar Rəhimovun bu yaxınlarda Cadi Ayyad Universitetində görüşlər keçirdiyini qeyd edən Kamal Abdulla onun bu ali məktəbdə yüksək qonaqpərvərliklə qarşılandığını deyib. Rektor Mərakeş universitetlərindən birində Azərbaycan mədəniyyətini və tarixini təbliğ edən mərkəzin yaradılması perspektivindən söz açıb, həmin mərkəzdə Azərbaycan multikulturalizmi, mədəniyyəti, ədəbiyyatı haqqında birgə mühazirələr və görüşlərin təşkil olunmasını məqsədəuyğun hesab edib. ADU-nun xarici dillərin öyrədilməsi istiqamətində böyük ənənəyə malik olduğunu deyən Kamal Abdulla universitetdə 20-dən çox ölkənin dil və mədəniyyətlərinin tədris edildiyini diqqətə çatdırıb. O bildirib ki, qarşılıqlı şəkildə mədəniyyət mərkəzlərinin açılması əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradacaq.

Fatima Zöhrə İflahen təmsil etdiyi universitetin beynəlxalq əlaqələri haqqında məlumat verib. Qonaq bildirib ki, universitetlərdə mərkəzlərin açılması iki ölkə arasında əməkdaşlığın inkişafı, tələbə mübadiləsinin həyata keçirilməsi istiqamətində aparılan ən zəruri məsələlərdir. O, ADU-nun müəllimlərinin əməkdaşlıq proqramlarında iştirakının təmin olunması, onların ölkəsinin universitetlərində Azərbaycanın tarixi, coğrafiyası, adət-ənənələrini tədris etmələri, eyni zamanda, mərakeşli müəllimlərin Azərbaycanda təcrübə proqramlarına qatılması haqqında təkliflər irəli sürüb.

Görüşdə, həmçinin iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, birgə layihələr, görüşlər, mühazirələr, seminarlar və konfransların təşkil olunması haqqında məsələlər müzakirə edilib.