XƏBƏRLƏR

26.11.2019 11:02
ABŞ kitabxanasında Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti aşkarlanıb

Hürufi şair Sürurinin Azərbaycan türkçəsində yazdığı divanın surəti ABŞ kitabxanasında aşkarlanıb.

AMEA-dan  AzEdu.az-a verilən məlumata görə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından İmadəddin Nəsiminin ardıcılı, hürufi şair Sürurinin ana dilindəki divanının avtoqraf nüsxəsinin surətini əldə edib.

Müəllif tərəfindən nəstəliq xətti ilə köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Buraya Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir.

 Dibaçədə Osmanlı Sultanı Süleyman Qanunini (1520-1566) mədh edən şeir də yer alıb. Bu isə sübut edir ki, şair bir sıra təzkirələdə deyildiyi kimi, Sultan Səlim və Şah İsmayıl Xətainin dövründə deyil, daha sonrakı dövrdə vəfat edib. Şeirlərdən 215-i XV-XVI əsrlərdə yaşamış, Nicati, Zati, Xəyali, Əhməd Paşa, Bahari, Fəqiri, Nişati, İshaq Çələbi kimi Osmanlı şairlərinin qəzəllərinə nəzirələrdir.

Bu divan XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından dəyərli mənbədir.

İlin gənc müəllimi-Müraciət formu