XƏBƏRLƏR

13.11.2019 14:57
“Abel Məhərrəmovla Elçin müəllimi müqayisə edirsiniz, amma...” –Deputatdan etiraz

“Bakı Dövlət Universitetində artıq özünü nazir hesab edən şöbə müdirləri qalmayıb. Tələbədən tutmuş rəhbər vəzifə sahiblərinə qədər hamı təsdiq edər ki, hazırda BDU-da hər kəs sakit və qorxusuz işləyir”

AzEdu.az xəbər verir ki, bu sözləri deputat Kamilə Əliyeva təhsil eksperti Etibar Əliyevin BDU haqqında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib. O sosial şəbəkə hesabı vasitəsilə qeyd edib ki, Elçin Babayev Bakı Dövlət Universitetində olmayanda, Elçin Məmmədov burada təlim və tədrisin təşkilində fəal iştirak edib:

“Əksəriyyət bilir ki, universitetdə təlim və tədrisi yaxşı bilən 4-5 şəxsdən biri məhz odur. Heç kim deyə bilməz ki, Elçin Məmmədov qərəzli, savadsız və qohumluq əlaqələrinə görə irəli çəkilən biridir. O işlədiyi bütün dövrlərdə öz qabiliyyəti, mərifəti ilə insanlarla normal ünsiyyətdə olub, heç kimlə problem yaşamayıb və BDU-ya haradansa gətirilib vəzifəyə qoyulan biri deyil. Universitetdəki işinə statusca ən aşağı vəzifədən – laborantlıqdan başlayıb və pillə-pillə yüksəlib. Onu əzmək, mərdimazarlıq etmək istəyənlər olub. Ancaq heç vaxt onunla bağlı mənfi bir şey tapılmayıb. Bu yüz faiz belədir”.

Kamilə Əliyeva bildirib ki, cəmi 1 imtahan sessiyası Elçin Babayevin rektorluq dönəminə düşür:

“O, vəzifəsindən asılı olmayaraq 1 aylıq maaşın 50%-ni hamıya premya şəklində verib. BDU-da heç zaman belə bir hal yaşanmayıb. Sentyabrda maaşlar, təxminən, 20% artıb. Siz az qala 20 il rektor olan Abel müəllimlə Elçin müəllimin fəaliyyətini müqayisə edirsiniz.

Gəldiyi ilk aylar bütün universitet əməkdaşları ilə görüşlər keçirildi, problemlər dinlənildi. Eks-rektora görə səsini çıxara bilməyən kafedra, şöbə müdirləri, dekanından tutmuş nə qədər narazı adam var idisə, hamısı rektorla görüşdü. Şikayətlərini bildirdilər və haqq bərpa olundu.

20 ilin rektoru ilə 1 dəfə belə şəxsən görüşə bilməyən şəxslər 2 ayın rektorundan yüksək maaş tələb etdilər. Bakı Dövlət Universitetində artıq özünü nazir hesab edən şöbə müdirləri qalmayıb. Tələbədən tutmuş rəhbər vəzifə sahiblərinə qədər hamı təsdiq edər ki, hazırda BDU-da hər kəs sakit və qorxusuz işləyir. Dəhlizdə gəzəndə sağa çevrilirsən ki, rektor sakitcə sənin yanınca gedir. “Rektor gəlir, dəhliz boşalsın” kimi hallar yaşanmır. BDU-da çox yaxşı mühit formalaşır. Bu qədər müsbətlərin yanında xırda mənfi nüanslar varsa, əmin olun ki, onlar da düzələcək. Rektor çox ciddi islahatlara gedir”.

Xatırladaq ki, təhsil eksperti Etibar Əliyev şəxsi sosial şəbəkə hesabında Bakı Dövlət Universiteti barədə sərt tənqidi paylaşımla çıxıb edib. Paylaşımda universitetdə qohumbazlıq, traybalizm, kollektivə qarşı saymamazlıq, rektor ədabazlığı və ərköyünlüyü bürüdüyünü əksini tapır.

Paylaşıma etiraz əlaməti olaraq universitetdə çalışan millət vəkilləri Kamilə Əliyeva və Jalə Əliyeva səsləndirilən ittihamlara münasibət bildiriblər.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu