Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 15:37:00
Müəllimlik ixtisasını 5 qat sevdirən iki amil: maaş artımı və şəffaflıq – Müqayisələr

Son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur. Bunun əsas səbəbləri isə müxtəlif amillərlə bağlıdır.

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Oruclu bildirib ki, bu gün müəllimlik peşəsinə marağın artmasının əsas səbəbi dövlətin bu sahəyə ayırdığı diqqət, onların sosial rifahinin yaxşılaşdırması ilə bağlıdır: 

“Son illərdə müəllimlik ixtisasını seçən abituriyentlərin sayının əvvəlki illərə nisbətən artmasının səbəbini bir neçə aspektdə dəyərləndirmək olar:  ilk növbədə, bu, daha çox ölkəmizdə müəllim nüfuzunun, maaşların artırılması, sosial rifahının yaxşılaşdırılması ilə əlaqədardır.  Bu məsələlər dövlətin həyata keçirdiyi təhsil siyasətində başlıca  yeri tutur. Bu gün müəllimlik bizim illərlə gözlədiyimiz bir istiqamətdə inkişaf edir.

Lakin Azərbaycan  cəmiyyətində müəllimliyin maddi tərəfi ilə yanaşı, mənəvi missiyasını da müşahidə edirik. Müəllimliyə demək olar, həmişə  böyük qayğı, diqqət  olub.  Son illərdə bu qayğı, nüfuz yenə də bərpa olunur”.

Şura üzvü yüksək bal toplayan abituriyentlərin pedaqoji fakültələri seçməsinə də münasibət bildirib:

“Gənclərimizin yüksək balla pedaqoji ixtisasları seçməsi heç də təsadüf deyil. Mən təəssüflə qeyd edərdim ki, hazırda texniki peşə seçənlərin iş imkanları çox azdır. Müəllimliklə müqayisədə əmək bazarında onlara daha çox tələbat var, amma bununla yanaşı onlar çətin iş tapırlar.  Gənclərin çoxu fikirləşir ki, 4 il oxuyandan sonra imtahan verib asanlıqla müəllim işləyəcək. Hesab edirəm ki, burda məsələ iş tapmaqla bağlıdır.  Cəmiyyətdə adı söhbətlərdə də eşidirik ki, hüquqşünas olub harda işləyəcək, amma müəllim olanda bilir ki, bəlli bir savadı varsa, imtahanda uğur qazanıb müəllim kimi fəaliyyət göstərəcək. Müəllimlərin işə qəbulu ilə bağlı şəffaflıq burda mühüm rol oynayır. Öz biliyinə güvənən hər bir gənc imtahan  verərək obyektiv olaraq işə qəbul olunur.  Düşünürəm ki, müəllimlik uşaqlıqdan arzuedilən, sevilən  peşə olmalıdır. Ancaq son illərdə, xüsusilə, diaqnostik imtahandan sonra  müəllimlərin maaş artımı və digər məsələlər bu sahəni məntiqlə seçənlərin sayını artırıb.  Bakıda, şəhərdə yaşayan kadrların işə qəbul zamanı ucqar kənd məktəblərini seçməsi də təsadüf deyil. Çünki artıq cəmiyyətin müəllim peşəsinə baxışında bir fərqlilik müşahidə edilir. Onu da qeyd edim ki, pedaqoji sahəni seçənlərin çoxu xanımlar idisə, indi çox yaxşı bir tendensiya yaranıb ki, bizim gənc oğlanlarımız da bu sahəyə meyl edirlər”.

Elm və Təhsil komitəsinin üzvü Sona Əliyeva gənclərin  müəllimlik peşəsinə olan marağını maaş artımı, işə qəbul imtahanların şəffaflığı ilə əlaqələndirib: 

“İnsanlar həmişə yüksək maaşlı işlərə meyillidirlər. Müəllimlərin maaşının artırılması ilə əlaqədar  bu peşəyə maraq da artıb.  Həm də cəmiyyətdə müəllim nüfuzunun qalxması, şəffaf şəkildə işə qəbul imtahanları ilə müxtəlif müəssisələrdə  işlə təmin olunmaları  onların müəllimliyi seçməsinə səbəb olan amillərdəndir. Məlum məsələdir ki, müəllimlik peşəsi qadınlar arasında daha populyardır. Çünki qızlar üçün ən ideal iş qrafiki və maaşı yaxşı olan peşələrdən hesab olunur. Son illərdə ali təhsil alanların çoxu xanımlar olduğuna görə bu peşəni seçənlərin də say artımı müşahidə edilir.

S.Əliyeva həmçinin müəllimlik peşəsində cins balansının pozulması məsələsinə də toxunub. Müstəqillik illərinin ilk dövründə müəllimin maaşının aşağı olması bir növ oğlanları bu peşədən uzaqlaşdırdığını qeyd edib.

İlin gənc müəllimi -2019 müsabiqəsində III yerin qalibi, ingilis dili müəllimi Elvin Bəkirov də son illərdə qəbulda müəllimlik ixtisasını seçənlərin say artımını  iki əsas amillə izah edib:

“Əvvəlki illərə baxdıqda müəllimlərin maaşının bir necə dəfə artırılması ixtisas seçiminə təsir edən çox güclü amildir. Məlumdur ki,  maaş amili qəbul imtahanlarında ixtisas seçiminə birbaşa təsir edir. Əgər yenə də əməkhaqqı artırılsa,  müəllim olmaq istəyən gənclərin sayı daha da çoxalacaq. İkinci amil kimi qeyd edim ki, gənc müəllimlərin sosial şəbəkələrdə fəaliyyətləri, şagirdlərlə işlərinin paylaşılması, müəllimin nüfuzunun artması cəmiyyətdə bu peşəyə bir növ xüsusi diqqət formalaşdırdı.   Əsas bu iki amili- müəllimlərin həm maddi, həm də mənəvi cəhətdən nüfuzunun artırılmasını  qeyd edərdim.

Müəllimin cəmiyyətdə tanınması,  nüfuzunun artması onun özündən də asılıdır. Müəllim daim öz üzərində işləməli, bacardığı qədər özünü savadlı, bacarıqlı, səriştəli təqdim etməlidir. Onların beynəlxalq layihələrdə, xarici təhsil proqramlarında iştirak etməsi də bu nüfuzun artırılmasına xidmət edir. Gənclər də bundan nümunə götürür.  Beləliklə də, ixtisas seçimində müəllimliyə üstünlük verənlərin sayı çoxalır”.

“Təbii ki, bu uğurlu işin arxasında ölkə Prezidentinin, Təhsil Nazirliyinin apardığı siyasət dayanır.  Günü-gündən müəllimin cəmiyyətdəki nüfuzu, maaşı artır və inanıram ki, bu artım davamlı olacaq. Müəllimin yüksək maaş alması o deməkdir ki, artıq onların əlavə işlərə ehtiyacı olmayacaq. Yalnız pedaqoji fəaliyyətə istiqamətlənəcəklər. Bununla da ölkədə bu sahə üzrə həqiqətən rəqabət yaranacaq: -Kim daha yaxşı müəllim ola bilər?”-deyə E. Bəkirzadə sözlərinə əlavə edib.

Ayşə Müseyib