XƏBƏRLƏR

05.05.2018 15:07
"Bu gücə sahib tələbə niyə gələcəyi məlum olmayan AMEA-da oxusun ki?!" -ETİRAZ

“Maraqlıdır ki, AMEA magistraturada 6.5 İELTS nəticəsi tələb edir. Əlbəttə ki, bu yaxşı haldır. Çünki bu gün Azərbaycan elminə xarici dilləri bilən şəxslərə ciddi ehtiyac var. Amma belə başa düşürəm ki, akademiyanın Elm və təhsil şöbəsi 6.5 İELTS nəticəsinin nə olduğunu başa düşmür. 6.5 İELTS balını toplama gücünə sahib tələbə niyə 90 manat təqaüd və gələcəyi məlum olmayan AMEA - da magistr təhsili alsın?”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Kamran Əsədov deyib. O, qeyd edib ki, Azərbaycanda magistraturaya qəbul olunmaq və təhsil almaq dünya standartlarına cavab vermir. Ekspertin sözlərinə görə, ölkədə təhsilini yuxarı pillədə davam etdirmək niyyətində olanlara çətin imtahanlar vasitəsilə mane olurlar:

“2013 - cü ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Təhsilin inkişafına dair dövlət strategiyası”-da göstərilib ki, təhsil əlçatan olmalıdır. Amma bu gün iki mərhələli qəbul imtahanları ilə biz imtahan verəcək şəxslərə ancaq mane oluruq.

Son illərin statistik göstəricilərinə nəzər saldıqda görərik ki, magistratura pilləsində təhsil almaq istəyən şəxslərin sayında kəskin şəkildə azalma müşahidə olunur. Belə ki, əgər 2016 - cı ildə 25 min nəfər ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün müraciət etmişdisə, 2018 - ci ildə bu rəqəm heç 10 min nəfər təşkil etməyib. Ölkə başçısı cənab İlham Əliyev 2016 - cı ildə Azərbaycanlı gənclərin magistr təhsili almasına şərait yaratmaq üçün onlara hərbi xidmətdən möhlət hüququ verib. Amma qəbul imtahanlarının çətin prosedur qaydaları ilə həyata keçirilməsi buna geniş imkanlar tanımır”.

K.Əsədov qeyd edib ki, AMEA-nın magistr təhsili, ümumiyətlə, prestijli və prespektivli deyil:

“Məhz müraciət edənlərin sayı bunu deməyə əsas verir. Halbuki, dünyanın inkişaf etmiş ölkələrində təhsilin yuxarı pilləsində oxumaq istəyən şəxslər daha çox tədqiqat institutlarına, elmi mərkəzlərə müraciət edilər. Hesab edərəm ki, azərbaycanlı tələbələrin AMEA-da magistr təhsili almağa az maraq göstərməsinin səbəbi onların qəbul olduğu institutlarda gənclərə qarşı mübarizə, onlara geniş imkanların tanınmamasıdır. Bundan başqa, akademiyada magistr pilləsinə qəbul olmaq istəyən tələbələrin əlavə müsahibə mərhələsinə cəlb olunması müraciətlərin sayının azalmasına səbəb olur.

Hesab edirəm, müsahibə mərhələsi ləğv olunmalı, gənclərin təhsilin yüksək pilləsinə qəbul olunmasına geniş imkanlar yaradılmalıdır . Çünki bu gün Azərbaycan elmi, təhsili qocalıb. Gəncləri cəlb etmək lazımdır. Onlara mane olmaq lüzumsuzdur. Ölkədə 30 yaşından aşağı 1 dənə də elmlər doktoru yoxdur. Bu ona görədir ki, gənclərin elmdə, təhsildə inkişafına AMEA - nın institutları ciddi şəkildə problem yaradırlar”.

Ekspert, AMEA-nın magistraturaya qəbul şərtlərinin ağır olduğunu deyib:

“AMEA-nın magistraturaya qəbul üçün 6.5 İELTS nəticəsi tələb edir. Bu imtahan nəticələri ilə həmin şəxs Amerikadan tutmuş Avstraliya ya qədər dünyanın ən nüfuzlu Universitetlərində, elm mərkəzlərində magistr pilləsinə qəbul ola bilər. Həm də yüksək təqaüd  və prespektivli gələcək vədi alaraq. Bu çətin qaydalar ancaq gənclərin elmə gəlməsinə mane olmaqdır”.

İlin gənc müəllimi-Müraciət formu