XƏBƏRLƏR

21.09.2019 14:30
Müəllim və şagirdlərin çoxdan gözlədikləri qərarlar, yeni dərs ili-Həftənin təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə Azərbaycanda yeni dərs ili başladı

Sentyabrın 16-sı Azərbaycanda yeni tədris ilinin ilk dərs günü başladı

Rəsmi məlumata görə, 2019-2020-ci tədris ilində orta məktəblərdə 1 525 016 şagird təhsil alır. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyur.  Ölkənin ümumi təhsil müəssisələrinin I sinfində 164 234 şagird təhsil alır.  

1-ci sinfə şagird qəbulunun vaxtı uzadıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.

Birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.

Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi)  göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.  

Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb

“Uşaqlar üçün dərs kitablarının ağır olması probleminin aktuallığını nəzərə alan Təhsil Nazirliyi artıq bu istiqamətdə addımlar atır”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli deyib ki, bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb. Bu dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısında, ikinci hissəsi tədris ilinin ikinci yarısında tədris olunacaq. Komitə sədri bu istiqamətdə addımların atılmasının davam edəcəyini söyləyib.

  Ceyhun Bayramov məktəb açılışında iştirak edib

Ötən gündə İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayır

Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayır

 Həftənin təhsil informasiyaları

Azərbaycanda təhsilə 8 aya 173,2  milyon manat  vəsait xərclənib

Bu ilin yanvar-avqust aylarında ölkəmizdə peşə, elmi və texniki fəaliyyət sahələrinə 47,0 milyon manat dövlət vəsaiti ayrılıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata görə bu, ötən ilin müvafiq dövrünə nisbətən 17,9 dəfə artıqdır.

Bununla yanaşı, ötən səkkiz ay ərzində təhsilə 173,2 milyon manat vəsait xərclənib. Əvvəlki ilin müvafiq dövründə isə bu rəqəm 146,5 olub.

Ötən həftədə Azərbaycanda məktəbini dəyişən şagirdlərin sayı açıqlanıb

Təhsil Nazirliyinə şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56462 müraciət daxil olub.

Onlardan 53595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu