XƏBƏRLƏR

11.09.2019 16:04
Azərbaycan efirinin “uğur üçbucağı”: Tanınmışların məşhur verilişdən gözləntiləri  

Ölkədə təhsillə bağlı ən baxımlı proqram Azərbaycan Televiziyasının efirində yayımlanan  “Təhsil üçbucağı” ( Elm, Təhsil, İnnovasiya) layihəsidir.

Verilişdə əsasən, Azərbaycan təhsilinin inkişaf perspektivləri nəzərdən keçirilir. Mütəxəssislərin və auditoriyanın müzakirələri ilə maraqlı və əhəmiyyətli polemika platforması yaranır.

 “Təhsil bir qurumun deyil, bütün cəmiyyətin problemi olduğundan onun teleməkanda maraqlı tərəflərin iştirakı ilə müzakirəsi düzgün addımdır”

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz mövzu ilə bağlı AzEdu.az-a bildirib ki, son dövrlər təhsilin müxtəlif istiqamətləri üzrə aparılan müzakirələr yaxşı nəticə verir:

“Təhsil bir qurumun deyil, bütün cəmiyyətin problemi olduğundan onun teleməkanda  maraqlı tərəflərin iştirakı ilə müzakirəsi düzgün addımdır. Amma bir şərtlə ki, iştirakçılar maraqlı tərəflər olsun. Təkcə nazirlik nümayəndələrinin dəvət edilib, müdafiə olunmasına ehtiyac yoxdur. Yəni bu tipli müzakirələrdə cəmiyyət, media, ekspert, alimlər, valideynlər, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin iştirakı gərəklidir”.

“İT və informasiya resursları ilə bağlı  məsələlər gündəmə gətirilməlidir”

“Uzun müddət Təhsil Nazirliyi  və DİM-dən (Dövlət İmtahan Mərkəzi) asılı olan bir məsələ var: informasiya texnologiyaları (İT) ixtisasını seçən abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanında informatikadan yox, kimyadan imtahan verirlər. Bu, absurd bir şeydir. Təhsil Nazirliyi, DİM, informatika ictimaiyyətinin və s. iştirakı ilə bu məsələnin müzakirəsi çox əla olardı. Son dövrlər təhsildə İKT-nin tətbiqi ilə bağlı ciddi problemlər var.  Hesab edirəm ki, İT və informasiya resursları ilə bağlı  məsələlər gündəmə gətirilməlidir”,-deyərək O.Gündüz əlavə edib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa da açıqlama verib. Deputat qeyd edib ki, təhsilin inkişafı üçün təhsil problemlərinin müzakirəsi faydalı olar:

“Ümid edirəm ki, bu istiqamətdə müəyyən işlər görüləcək. Daha çox aktual məsələlərin, məsələn, dərsliklərin tənzimlənməsi ilə bağlı məsələlərin gündəmə gətirilməsinin tərəfdarıyam. Bu tip layihələrin faydası barədə tam bir fikir söyləməkdə çətinlik çəkirəm. Lakin hesab edirəm ki, belə layihələrin teleməkana gətirilməsi ilə bağlı müzakirələr aparılmalı, onun təhsilə faydası barədə ümumi bir rəyə gəlinməli, daha sonra bu istiqamətdə tədbirlər görülməlidir”.

“Pedaqoji peşənin statusu nisbətən yüksəlib, yüksək bal toplayaraq müəllimlik peşəsini seçən tələbələrin sayı ildən-ilə artır. 660 bal toplayan abituriyentin  ADPU-nun  Şəki filialının İngilis dili müəllimliyini, 572 bal toplayan tələbənin ADPU-nun   İbtidai sinif müəllimliyi ixtisasını seçməsi mühüm hadisədir.  Amma bu uğurlar kifayət qədər təbliğ olunmur”.

 Bu fikirləri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında  səsləndirib. O, qeyd edir ki, təhsil sahəsində qazanılmış nailiyyətlərin ictimaiyyətə çatdırılmasında AzTV-də yayımlanan “Təhsil üçbucağı” verilişinin  təqdirəlayiq rolu var:

“Azərbaycan təhsilində son illər uğurlu islahatlar davam etməkdədir. İldən-ilə təhsilin bütün pillə və səviyyələrində təhsilin məzmunu, təşkili formaları və metodlarının təkmilləşdirilməsi ilə bağlı səmərəli işlər görülür. Məktəb direktorlarının, direktor müavinlərinin, müəllimlərin  seçimi ilə bağlı  şəffaf  mühit formalaşdırılıb. Yeni nəsil dərsliklər istifadəyə verilib”.

F.Rüstəmov proqramın reytinqli olmasının səbəblərindən birini verlişin aparcısı Orxan Cabbarlının pedaqoji jurnalistikanı təmsil edən ən yaxşı müəllif- aparıcı kimi tanınmasında görür:

“Verilişin yüksək tamaşaçı auditoriyası qazanmasının səbəbi  onun aparıcısı Orxan Cabbarlının  adı ilə bağlıdır. Orxan Cabbarlının uğuru onun praktik müəllim olması və zəngin mütaliə etməsindən qaynaqlanır. Orxan Cabbarlı təhsilin problemlərini dərindən bildiyinə görə, həmin  nöqsanları yaradan  obyektiv və subyektiv səbəbləri müqayisəli şəkildə təqdim etməyi bacarır. Onun tənqidi fikirləri  təhsilin səviyyəsinin yüksəldilməsinə  xidmət edən  istiqamətverici tənqiddir.  O,  Azərbaycan təhsilindəki uğurları peşəkarlıqla təqdim  edə bilir. Veriliş müddətində dioloji mədəniyyətin tələblərini gözləyir, hər kəsə öz fikrini ifadə etməyə imkan verir. Maraqlı ümumiləşdirmələr aparır. Verilişə   müzakirə olunan problem sahəsində tanınmış insanları dəvət edir.  Verilişin formatı da, studiyanın tərtibatı da maraqlıdır. Ən başlıcası, özü və qonaqları  studiyadakılarla çox səmimi olur”.

 Belə layihələrin faydasından danışan F.Rüstəmov  bildirib ki, intellektin inkişafına xidmət edən veriliş və debatlar çoxdur. Müasir dövrdə  çox narahatlıq doğuran məsələ böyüyən nəslin əxlaqi-ruhi inkişafıdır. Verilən biliklər şagirdlərdə dəyərə çevrilmir:

“Valideynlər məktəbdən uzaq düşüb, onlar məktəbə kömək etmək əvəzinə, əksinə mane olurlar. Şagirdə “saçın niyə uzundur, saçını qaydaya sal” – deyən müəllimi valideyn məhkəməyə verir ki, mənim uşağımın şəxsiyyətinə toxunub. Tərbiyə çox vacib amildir.” Tərbiyə gənclərin qarşısını kəsir, qocalara təsilli olur, kasıbları zənginləşdirir,  zənginlərə yaraşıq verir” (Pifaqor)”- deyərək əlavə edib.

Ayşə Müseyib

İlin gənc müəllimi-Müraciət formu