Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 11:49:00
Azərbaycanda əlifba islahatçıları - Maarifçilərin üzləşdikləri hədsiz çətinliklər - 1 Avqust günü

Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılıb. XX əsrin  20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanıb, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilib. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs XIX əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülüb və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənib. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılıb.

1919-cu ildə milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənildi.

 AzEdu.az  1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar dil və əlifba sahəsində yorulmadan mübarizə aparmış, bu istiqamətlərdə islahatlara cəhd edən şəxsiyyətləri təqdim edir:

Mirzə Fətəli Axundzadə - “Soldan sağa yazılıb oxunan, sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil edilən və bütün nöqtələri atılmış əlifbadan başqa, heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt qəbul etməyəcəyəm”.

 “Ümid edirəm ki, böyük Osmanlı dövlətinin başçıları bütün xalqın dünya və axirət səadətini əhatə edən bu böyük məsələyə ciddi fikir verib, razı olmayacaqlar ki, üç yüz milyondan artıq olan islam xalqları əlacı yalnız bilik və savadda olan korluq və cəhalət bəlasına həmişəlik mübtəla olaraq qalsınlar”.

 Bu fikirlər latın əlifbasına keçidin ilk ideyasını verən böyük maarifçi M.F.Axundovun Osmanlı sultanına ünvanladığı məktubdandır.

 Axundov yeni əlifba uğrunda fəaliyyətə başladığı ilk dövrdə hələ ərəb əlifbasını tamamilə atmaq, Avropa əlifbası əsasında tərtib edilən yeni əlifbaya keçmək məsələsini irəli sürmürdü. Əlifba haqqında tərtib etdiyi birinci layihəsində və buna yazdığı şərhində o, ərəb əlifbasını islah etmək yolu ilə onu asanlaşdırmaq fikrində idi. O, əlifba layihəsini Yaxın Şərqdə həyata keçirmək məqsədilə 1863-cü ildə İstanbula gedib.

Lakin onu İstanbulda çox pis qarşılayıblar. Ədib bu haqda yazır:

“Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim, türkcə pyeslərimi və "Hekayəti Yusif şah"ı da göstərdim. Kitabça sədrəzəmin əmrilə "Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə"də tədqiq edildi, hər xüsusda onu məqbul tapdılar, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər. Buna görə ki, yenə bu əlifba kitabçasında gəlmə tərkibində hərflərin bir-birilə birləşməsi təb işi üçün çətinlik törədirdi”.

Axundov əlifba islahatının həyata keçməsi üçün çox çalışdı.

Ömər  Faiq Nemanzadə - Türkiyədə təhsil alan ahıskalı maarifçinin əsas qayələrindən biri də ana dili və latın əlifbası olub. Ədib bu barədə daha çox “Dilimiz və imlamız” adlı məqaləsində geniş məlumat verib.

Cəlil Məmmədquluzadə - Mirzə Cəlilin dilə olan sevgi və mühafizəsindən danışmaq artıqdır. Naşiri və baş redaktoru olduğu “Molla Nəsrəddin” jurnalının da əsas qayələrindən biri ana dili olub. Dil və əlifba ilə əlaqəli bir sıra satirik məqalə və felyotonları ilə yanaşı, “Anamın kitabı “kimi şedevr dram əsərini də qələmə alıb.

Məhəmməd ağa Şahtaxtinski – Azərbaycanın ilk professoru olan maarif xadimi mətbuat, təhsil və ictimai sahələrlə yanaşı, dil və əlifba sistemində də müstəsna işlər görüb. O, O, 1871-ci ildə Almaniyanın Leypsiq universitetinin Tarix, Fəlsəfə və Hüquq fakültəsində ali təhsil alıb. 1873-1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tiflisə qayıdıb. 1879-cu ildə "Təkmilləşdirilmiş müsəlman əlifbası" layihəsini hazırlayıb nəşr etdirib.

Sultan Məcid Qənizadə - Azərbaycan maarif tarixində əsas simalardan biri olan Qənizadənin diqqət etdiyi ən ümdə amillərdən biri də dil idi. Çoxsaylı lüğətləri ilk dəfə o, azsaylı məktəblilər üçün hazırlayıb. İlk orta təhsil məktəbinin yaradıcılarından biri də Sultan Məcid Qənizadədir.

 Əhməd bəy Ağaoğlu - Əhməd bəyin çoxşaxəli işlərindən biri də əlifba məsələsi olub. O, ərəb əlifbasının mətbuata əsl zərbə vurduğunu qeyd edirdi. Yazırdı ki, əsasən poetik və elmi üslub üçün keçərli olan ərəb qrafikası qəzet dilinə qətiyyən uyğun gəlmir. Bir sətri başa düşmək üçün oxucu xeyli fikirləşməlidir. Qəzet dili isə yüyrək olar.

 Sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul olunan Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi elan edən maddə daxil edilib. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən maddə daxil edilib.

 2001-ci ildə ölkəmizdə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu tarix  Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir.