Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 16:38:46
“Bəzən, evinə getdiyimiz şagird bizi aldadıb deyir ki...”  - Ağdam təhsilinin bu günü  

Bu gün Ağdamın işğalından 26 il ötür. O Ağdam ki, min bir əziyyətlə qurduğu təhsilini müharibədən sonra yenidən toparlamalı olub.

İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Hazırda Bağdamın məcburi köçkün məktəbləri Bakı, Mingəçevir, Ağcabədi, Bərdə, Yevlax, Tərtər, Zaqatala kimi müxtəlif ərazilərdə fəaliyyət göstərirlər.

Bəs, Ağdam məcburi köçkün məktəblərində çalışan direktorların yeni tədris ili üçün nə kimi təklifləri var?

Ağdam rayonu 91 nömrəli tam orta məktəbin direktoru Nemət Rüstəmli məktəbin bazasının çox zəif olduğunu xatırladıb. Yeni tədris ilində reallaşdırmaq istədiyi təklifləri də elə bununla bağlıdır:

“Təhsil Şöbəsi ilə hərbi hissə arasında müqavilə bağlansın”

“Laboratoriyanın adı var, özü isə yox. Texniki – laborator avadanlıq yoxdur. İdman zalı, tədbirləri keçirmək üçün salona ehtiyacımız var. Yağış, qar yağanda tədbir keçirə bilmirik.

Bundan əlavə, məktəbin olduğu qəsəbədə yaşayan bir ananın oğlu şəhid olub. İstərdim, yeni tədis ilində həmin şəhidin adı bizim məktəbə verilsin.

Ümumiyyətlə, elə bir sistem yaradılsın ki, hərbi mövzulara həsr olunan dərsləri keçəndə şagirdləri götürüb əsgər yanına gedə bilək. Məsələn, keçən dəfə mən şagirdlərimlə hərbi hissəyə getdim, bir saatdan çox gözləməli oldum. Adam uşaqların yanında pis olur. Düşünürlər ki, müəllimimiz bizi içəri keçirə bilmir. Təhsil Şöbəsi ilə hərbi hissə arasında müqavilə bağlamaqla, belə sistemi formalaşdırmaq mümkündür”.

“...H2-dən əlavə, əməkhaqqı nəzərdə tutulsun”

Nemət müəllim yeni tədtis ilində reallaşmasını istədiyi təkliflərini deyərkən təmas xəttinə yaxın ərazilərdə çalışan  müəllimləri də unutmur:

“İstərdim, təmas xəttinə yaxın ərazilərdə işləyən müəllimlər üçün H2-dən əlavə, əməkhaqqı nəzərdə tutulsun. Belə olsa, gənc müəllimlər də burada işləməyə həvəslə gələrlər”.

“Himn səslənəndə kiməsə “düz dur” demək məcburiyyətində qalmayaq”

Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktoru Rəşad Kazımov isə təkliflərindən söz açarkən, hazırda üzərində işlədiyi kiçik layihə barədə məlumat verir:

“Bugünkü tədbirdə də dedim. Elə etmək lazımdır ki, hər kəs vətəndaş borcunu bilsin. İşlədiyim layihə də buna hesablanıb. Bu istiqamətdə maariflənmə siyasəti bizdə bir qədər zəifdir. Məsələn, istərdim, növbəti tədris ilində qəhrəmanlarımızın məktəbə tanıdılmasına xüsusi önəm verilsin. Himn oxuyanda kiməsə “düz dur” demək məcburiyyətində qalmayaq. Hərə öz vətəndaşlıq borcunu dərk etsin.

“Deyirlər ki, Rəşad müəllim, dünyanı düzəldə bilməzsən”

İstərdim, bunlar bir braşur şəkildə məktəblərdə paylansın. İnanın, vəziyyət ürəkaçan deyil. Bu məsələlər yaxşı təşkil olunmalıdır.

Kiməsə fikrimi deyəndə də gülüşlə qarşılaşıram. Deyirlər ki, Rəşad müəllim, dünyanı düzəldə bilməzsən. Amma hərə özündən başlamalıdır. Kimisə məcbur tədbirə çağırmamalıyıq. Hər şey könüllü şəkildə vətəndaş borcunu dərk etmək prinsipi üzərində qurulmalıdır. Bu gün cəmiyyətimiz, məktəblərimiz buna acdır. Söhbət təkcə direktorluqdan getmir, ailələrdə də problemlər çoxdur.Gənclərimiz nə qədər fəal olur, olsun. Vətənprvərlik yoxdursa, fayda verməyəcək”.

Rəşad müəllim işlədiyi ərazidəki təhsil müəssisələrini müşahidə edərək yeni tədris ilindən Ağdam məktəbləri ilə valideynlər arasında yaranan uçurumun aradan qaldırılmasını arzulayır: 

“Rəsmi müraciət edir, valideynin işin ciddiyyətini anlaması üçün məktəbin möhürünü də vururam. Amma valideyn laqeydlik nümayiş etdirir. Valideyn mütləq təhsilin məcburi olduğunu bilməli və  övladı ilə maraqlanmalıdır. Nə gizlədim, maraqlamırlar. Valideynlərlə əlaqə yarada bilmək üçün çox çalışırıq. Evinə gedirik, bəzən kimsə çıxıb deyir ki, “valideyn evdə yoxdur”.

Bir az üstünə gedəndə də deyir ki, ümumiyyətlə, uşağımı məktəbə qoymuram. İcbari təhsil haqqında nə qədər məlumat versək də, sanki fərqində olmurlar. Amma onlarla görüşlər təşkil oluna, rəsmi nümayəndələrin iştirakı ilə bildiriş verilsə, bunun təsiri olar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları