XƏBƏRLƏR

11.07.2019 13:11
Rektordan oynayaraq diplom alan Şaiq: “Rəqs etmirdim, “kəndirləri  qırırdım"” - FOTO+VİDEO  

İyulun 9-da Bakı Ali Neft Məktəbində (BANM) “Məzun günü” keçirilib.

“Məzun günü”ndə maraqlı anlar yaşanıb. Sözügedən təhsil ocağının məzunu Şaiq Məmişov rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada alıb. O, səhnəyə çıxan zaman oynamağı ilə diqqət çəkib ki, bu da media və sosial şəbəkələrdə maraqla qarşılanıb, müzakirələrə səbəb olub.

Məzunun bu addımı rektor tərəfindən təbəssümlə qarşılanıb.

BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsinin tələbəsi Şaiq Məmişov isə AzEdu.az-a açıqlamasında bu hərəkəti xüsusi olaraq etmədiyini qeyd edib:

“Əslində, insanlar vəziyyəti səhv anlayıblar. Mən rəqs etmirdim. Videoya diqqətlə baxanlar bunun rəqs olmadığını anlayırlar. Mən bir növ diploma yaxınlaşarkən o dörd il ərzində olan kəndirləri qırırdım. Bu hərəkətimlə sevincimi ifadə etmək istədim.

Sosial şəbəkələrdə bunu qınayan insanlara heç nə demək istəmirəm. Bu, onların şəxsi fikrdi. Məsələnin bu qədər böyüyəcəyini təsəvvür etmirdim. Çünki universitetdaxili tədbir idi. Sadəcə, insanların videonu çəkməsi ilə ətrafa yayıldı”.

Şaiq Məmişov burada heç bir pis hadisənin olmadığını qeyd edib.

“Hər bir gənc 4 il ərzində çəkdiyi əziyyəti sevinclə qeyd etmək istəyir. Lakin bəzən  tələbələr bunu etməkdən çəkinir.

Təhsil almaq tək karyerada irəliləmək demək deyil. O, insanın həyat keyfiyyətini artırır. Təhsil tək məktəb və universitetlə çərçivələnmir. Özünü inkişaf etdirmək üçün kitab oxumaq, müxtəlif tədbirlərdə iştirak etmək, seminarlara getmək, cəmiyyətlərin üzvü olmaq, səyahət etmək, lazımdı. Öyrənməyin müxtəlif yolları var. Bu, tək universitetlə məhdudlaşmır. Hər bir vasitədən istifadə edib özünü inkişaf etdirməlisən. Eyni zamanda, yaşadığımız həyatdan həzz almaq lazımdı”.

Şükufə Süleymanlı

İlin gənc müəllimi-Müraciət formu