Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-02 14:00:00
TOPs proqramının 5-ci mövsümü yekunlaşıb  

İyulun 1-də Təhsil Nazirliyi, "British Council", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə həyata keçirdiyi TOPs proqramının 5-ci mövsümünün bağlanış mərasimi keçirilib. 

AzEdu.az tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, "British Council"ın Azərbaycan nümayəndiliyinin direktoru Samr Shah, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və digər şəxslər iştirak ediblər. 

Təhsil nazirinin müavini Firudin Qurbanov 240 000-dən artıq şagirdin yararlandığı TOPs proqramının əhəmiyyətindən söz açaraq əhatə dairəsinin genişləndirilməsinin vacibliyini qeyd edib.

Nazir müavini bildirib ki, proqramda iştirak edən ümumtəhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunub. Firudin Qurbanov təlimlərin fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin peşə bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə təşkil edildiyini diqqətə çatdırıb. 

Nazir müavini qeyd edib ki, artıq fiziki tərbiyə dərslərində TOPs metodologiyasının tətbiqinin gətirdiyi inkişaf və yeniliklər müşahidə olunur və bu metodikanın tətbiqi ilə keçirilən fiziki tərbiyə dərslərində şagirdlər daha çox iştirak etməyə meyl göstərirlər. 

"British Council"ın Azərbaycan nümayəndiliyinin direktoru Samr Shah TOPs layihəsinin ölkəmizdə böyük uğurla həyata keçirildiyini qeyd edərək Britaniya təcrübəsinin Azərbaycan məktəbliləri üçün də faydalı olduğunu bildirib.

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan da öz növbəsində proqramın inklüziv tədrisi də əhatə etməsini müsbət hal kimi qiymətləndirib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə də çıxış edərək iştirakçılara TOPs layihəsi çərçivəsində Akademiyanın Elmi-tədris laboratoriyasında aparılmış elmi-tədqiqat işinin nəticələri ilə bağlı məlumat verib. 

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin üzvü, İnkişaf Naminə İdman İB-nin sədri Mehman Kərimov TOPs layihəsinin fiziki tərbiyə fənnini tədris edən müəllimlərin bilik və bacarıqlarının zənginləşdirilməsi, həmçinin şagirdlərin sağlamlığının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirildiyini bildirib. 

Mərasimdə TOPs proqramının məqsəd və vəzifələri, proqram çərçivəsində görülən işlər, eləcə də bu layihənin nəticələri ilə bağlı videoçarx  nümayiş olunub.

Sonda TOPs layihəsi çərçivəsində 2018-2019-cu tədris ilində keçirilmiş 3 nominasiya üzrə müsabiqənin qaliblərinə mükafat, həmçinin layihə üzrə təşkil olunan təlim kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim edilib.

2018-2019-cu tədris ilində TOPs layihəsinə 100 ümumtəhsil məktəbi qoşularaq proqramda iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb. Bu məktəblər Bakı və Sumqayıt şəhərlərini, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarını əhatə edir. 

Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.