Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 09:21:00
“Əli Nağıyev nümunəvi, əlaçı, tərbiyəli tələbə idi”- Vüqar Əhməd

 

“Nümunəvi, əlaçı, tərbiyəli tələbə idi. Biz ikinci növbədə təhsil alanda həmişə axşam bacısının ardınca gələrdi. Çox ağır, amma sadə adamdır. Elə bil, əvvəldən bu təyinat üçün yetişib”.

Söhbət Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin olunan general-mayor Əli Nağıyevdən gedir.

 DTX  sədrinin keçmiş tələbə yoldaşı, onunla eyni illərdə eyni universitetdə oxuyan  şair, ədəbiyyatşünas-professor  Vüqar Əhmət AzEdu.az-a açıqlamasında tələbəlik xatirələri ilə yanaşı, təyinatın sevincini də bölüşüb:

“Əli müəllimin bacısı Mahirə xanım mənimlə bir qrupda oxuyub. Özü isə Tarix fakültəsində təhsil alıb.  Bacısı Mahirə xanım savadlı alimdir. Bir – birimizə bacı – qardaş deyirik. Əli müəllim isə bizdən 1-2 yaş böyükdür.

Bugünəcən Prezidentin bütün sərəncamlarını alqışlamışam. Amma heç kimi belə təbrik etməmişəm. Çox sevindim”.

“General  Əli Nağıyev, həm də çox yaradıcı insandır”

Vüqar müəllim tələbəlik  illərinin dostunu belə xatırlayır:

“Əlaçı idi. Bir qalın dəftəri vardı. Yadımdadır, bacısını qarşılamağa gələndə həmişə əlində olardı. Savadlı ailədirlər. Əli müəllimin xalası oğlu, dayısıoğlu ilə də dost olmuşam.

Bir tərəfləri Dərələyəzdəndir. Folklor, aşıq mühiti, aşıq musiqisi. Təsəvvür edirsiniz də... Bu səbəbdən, həm də yaradıcı insandır. Vətənə, dövlətə bağlı biri, peşəkar əməliyyatçıdır. Eyni zamanda milli – mənəvi dəyərlərə qiymət verir, muğam həvəskarıdır. Şairləri, poeziyanı dəyərləndirir.

Tələbə vaxtından həmişə münasibətimiz yaxşı olub. Uğurlarına hər zaman sevinmişəm.

İndi də belədir. Əli müəllim bu vəzifəyə çox layiqdir. Feysbukdakı təbrikimə də nə qədər ziyalı qoşulub. O, bütün sənət adamlarının, poeziyanın dostudur. Ümummilli liderin siyasətinə bağlı insandır. Ən yaxşı kadrlardan biridir”.

O, tələbə yoldaşının xarakterini təsvir edərkən  bunları deyib:

“Elə bil, əvvəldən bu təyinat üçün yetişib. Amma yumoru da var. Qəlbi təmizdir, mehriban insandır. Onda  elə səmimiyyət var ki... Elə buna  görə də Allah onu həmişə ucaldır. Ümumiyyətlə, böyük şəxsiyyətlər sadə olur.

“Dedim ki, “o gün olsun, general olasan”. İnanırsız, möcüzə baş verdi”.

Üstündən ilər keçsə də, Vüqar müəllim Əli Nağıyevlə olan bəzi xatirələrindən yaxşı xatırlayır:

“Yadımdadır, illər əvvəl Mərkəzi Neftçilər Xəstəxanasına getmişdim. Mən xəstəxanadan çıxanda, Əli müəllim daxil olurdu. Beləcə təsadüfən rastlaşdıq, qucaqlaşıb görüşdük. Çox mehriban şəkildə hal - əhval tutduq. Birdən əlimi kürəyinə çırpıb sidq ürəklə dedim ki, “o gün olsun, general olasan”. İnanırsız, bir gündən sonra bu  baş verdi. Səhəri gün axşam televizora baxırdım. Birdən dedilər ki, Prezidentin sərəncamı ilə Nağıyev Əli Əli oğluna general-mayor rütbəsi verilib. Çox sevindim. Zəng vurub təbrik etdim.

Bilmirəm onun sadəliyini necə ifadə edim... Bir dəfə Əli müəllimlə birgə toyda iştirak edirdik. İctimai şəxslər, nazir və müavinlər əyləşmişdilər. Ondan kiminlə oturacağını soruşdular. Dedi ki, Vüqarla əyləşəcəyəm. Orada böyük məmurlar vardı. Amma Əli müəllim gəlib şairlə yanaşı oturdu. Bu, sadəlikdən, kökdən, tərbiyədən irəli gəlir. Əli Nağıyev çox gözəl insandır, dəyərli şəxsdir”.

Vüqar Əhməd Əli Nağıyevin təyinatına xüsusi sevinsə də, sonda sərəncam nəticəsində yeni təyinat alan bütün məmurları təbrik edib. Bildirib ki, sərəncamda adı keçən hər məmurun böyük xidmətləri var.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları