Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 17:22:45
Bu qədər məktəbdə peşəyönümlü təmayüllü siniflər açılacaq - Ceyhun Bayramov  

“Növbəti tədris ilində 20 məktəbdə tam orta təhsil səviyyəsində peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilib”.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Naziri Ceyhun Bayramov deyib:

Ceyhun Bayramovun sözlərinə görə, əldə edilən nailiyyətlərlə yanaşı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan hədəflər baxımından təhsil sistemi qarşısında bir sıra vəzifələr də durur:

Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməlidir. Əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir:

“Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir

Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, bu istiqamətdə növbəti tədris ilində 20 məktəbdə tam orta təhsil səviyyəsində peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilib. İnanırıq ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı, gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcək”.