Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 17:05:00
“Gömrük işi” ixtisası üzrə təhsil almaq istəyənlərin nəzərinə! - Qeydiyyat başladı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyasında 2, onun Sankt-Peterburq və Rostov filiallarının hər birində  1 nəfər olmaqla “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.
 
DİM-dən AzEdu.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 11 və 12  iyun tarixlərində  DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2019-cu ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

2. Şəxsiyyət vəsiqəsi;

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Müsabiqədə iştirak etmək hüququna 2019-cu ildə qəbul imtahanını rus dilində verən:

  • 2019-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan;
  • buraxılış imtahanında (qəbul imtahanının 1-ci mərhələsində) hər fənn üzrə nisbi balı 50 və daha yuxarı olan;
  • II və III ixtisas qrupları üzrə qəbul imtahanı verənlərin tarix fənni üzrə nisbi balı 50 və daha yuxarı olan;
  • I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verənlərin attestatında ümumi tarix fənni üzrə yekun illik (cari ilin məzunlarının birinci yarım il üzrə ) qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Ərizə qəbulunda iştirak edən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan Akademiyaya təqdim olunacaqdır.

Abituriyentlər Sənəd Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.   Şəxsiyyəti təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi;

2.   Təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi;

3.   Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən göndəriş;

4.   3x4 ölçülü parıltısız şəkil.

Daha sonra abituriyentlər Akademiyada müsahibədən keçəcəklər.

Nəqliyyat və yaşayış xərcləri abituriyentlərin özləri tərəfindən ödənilir. Qəbul imtahanı müddətində abituriyent və onların valideynləri təhsil müəssisəsinin yataqxanasında 500 rubl ödəniş etməklə qala bilərlər.

Akademiyanı bitirən şəxslər Azərbaycan gömrük orqanlarında işlə təmin olunacaqlar.

Abituriyentlər onları maraqlandıran əlavə məlumatları müvafiq keçidlərdən əldə edə bilərlər.

Rusiya Gömrük Akademiyası

Rusiya Gömrük Akademiyası Sankt-Peterburq filialı

Rusiya Gömrük Akademiyası Rostov filialı