Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-14 16:11:22
Gələcəkdə buraxılış və magistratura imtahanlarında dil bilikləri bu cür qiymətləndirilə bilər- DİM əməkdaşları ilə MÜSAHİBƏ

Aynur Bayramlı: “Bir dinləmə mətninin ərsəyə gəlməsi DİM-ə müəyyən məbləğlər hesabına başa gəlir”

Magistraturaya qəbul zamanı dinləmə mətninə dair tapşırıqların hamısını tamamilə doğru cavablandıran tələbələr çoxdur”

2019-cu ilin yanvarında Dövlət İmtahan Mərkəzi Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) institusional tərəfdaşı seçilib. DİM Azərbaycandan Assosiasiyaya seçilən ilk qurumdur.

Dövlət İmtahan Mərkəzinin  nümayəndələri Könül Həsənova, Aynur Bayramlı, Nəzrin Əhmədova 2019-cu il 24-26 aprel tarixlərində Belçikanın Gent şəhərində Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) “Təhsilə çoxdilli keçid” mövzusunda 53-cü illik konfransında iştirak ediblər.

Konfransda test etibarlılığı və qiymətləndirmə, testlərin keyfiyyətinin təminatı üzrə müqayisəli perspektivlər, təhsildə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün şəraitin yaradılması, aşağı göstəricələrə malik olan namizədlərə xarici dilin öyrədilməsi və biliklərin qiymətləndirilməsi kimi mövzular  müzakirə olunub.

AzEdu.az Yoxlama və ölçmə materiallarının işlənməsi şöbəsinin magistratura üzrə sektorunun aparıcı məsləhətçisi Aynur Bayramlı və Yoxlama və ölçmə materiallarının şöbəsinin bakalavr üzrə sektorun işçisi  Nəzrin Əhmədova ilə geniş müsahibəni təqdim edir:

-Aynur xanım, öncəliklə tərəfdaşı seçildiyiniz qurum (ALTE) haqqında bir qədər ətraflı məlumat verməyinizi istərdik...

-DİM 2019-cu ildə Avropa Dil Qiymətləndirmə Assosiasiyasının (ALTE) institusional tərəfdaşı seçilib. Qeyd edim ki, DİM Azərbaycandan Assosiasiyaya seçilən ilk qurumdur. ALTE-nin yaradılmasında məqsəd dillərin və ya imtahan verənlərin liqvistik bacarıqlarının qiymətləndirilməsi üçün şəffaf mühitin yaradılmasında rol oynayan qurumların birliyini təmin etməkdir. ALTE tərəfindən həm illik, bəzən də rüblük konfranslar keçirilir. İldə 2 dəfə olmaqla treninqlər baş tutur, həmçinin, Avropa dil imtahanlarının yüksək keyfiyyətli auditi xidmətini  (The ALTE Q-mark) həyata keçirir. DİM-in əsas məqsədi həmin markanı (The ALTE Q-mark) almaqdır. Onu əldə etdikdən sonra DİM keyfiyyətli qiymətləndirmə sistemini həyata keçirən qurum olaraq ALTE-də qeydiyyata düşəcək.

XATIRLATMA: ALTE 1989-cu ildə  Kembric və Salamanka universitetləri tərəfindən təsis edilib. Bu gün ALTE-nin 25 Avropa dilini təmsil edən 34 tam üzvü,eləcə də bütün dünyada  58 institusional və 500-dən çox fərdi tərəfdaşı var. DİM ALTE-nin institusional tərəfdaşlarından biridir. ALTE qeyri-kommersiya təşkilatıdır və Avropa Şurasında qeyri-hökumət təşkilatı kimi iştirakçı statusu var.

DİM ALTE-dən əlavə, həm də İAEA-nın (Təhsilin qiymətləndirilməsi üzrə Beynəlxalq Assosasiyanın) da üzvüdür. Bu il növbəti konfrans- sentyabrda- Azərbaycanda keçiriləcək. Ev sahibliyini Dövlət İmtahan Mərkəzi edəcək.

-Bu cür beynəlxalq konfranslarda  iştirak və Avropa təcrübəsinin öyrənilməsi Azərbaycan təhsilinə hansı töhfələr verə bilər?

A.B - Budəfəki konfransımız “Təhsilə çoxdilli keçid” mövzusunda idi. Səfər 3 günlük nəzərdə tutulmuşdu. I gün “Raters and Rating” adlı peşə inkişafı üzrə bir günlük kursda iştirak etdik.

Bu yerdə Nərmin Əhmədova söhbətə qoşulur.

N.Ə-  Ümumavropa Çərçivə Sənədi (CEFR) Avropada xarici dil öyrənənlərin nailiyyətlərini göstərən təlimat sənədidir. 2001-ci ildən Avropa Birliyi bu sənədi bütün dünyada dil bacarığının vacibliyini yoxlayan bir sistem kimi istifadə etdi. Bu, artıq 6 səviyyə üzrə dil bacarıqlarını qiymətləndirən Avropa standartı kimi qəbul olundu.  Çərçivə sənədi 4 dil bacarığını özündə birləşdirir: oxuma, yazma, dinləmə və danışma. Bu bacarıqların yoxlanılması müxtəlif orqanlar arasında bölüşdürülür.

Belçikada “The İnteruniversity Testing Consortium (İUTC) 5 universitetin birləşməsi nəticəsində yaranıb və dil bacarıqlarını yoxlayır. Azərbaycanda isə mərkəzləşdirilmiş sistem əsasında qiymətləndirilmə aparılır. Artıq bu ildən buraxılış və magistratura imtahanlarında dinləmə mətnləri tətbiq edilməyə başlanılıb. İnkişaf  xırda nüansdan başlayır. Bu da gələcəyə inamla addımlamağımız üçündür. Biz istəyirik ki, gənclərimiz sadəcə, dilin nəzəri deyil, praktik hissəsini də inkişaf etdirə bilsinlər. Bugünə qədər onların, yalnız  qrammatik bacarıqları yoxlanılır və oxu mətnləri təqdim olunurdu. Hazırda isə dinləmə bacarıqları da qiymətləndirilir. CEFR-ə əsaslanaraq dünya standartlarını Azərbaycan təhsilində tətbiq etməyə başlamışıq.

- Sizcə, Avropa təcrübəsinin tətbiqi Azərbaycanda təhsilin qiymətləndirilməsində özünü doğrulda biləcəkmi?

N. Ə - Konfransda iştirak etməkdə məqsədlərimizdən biri dinləmə bacarıqlarının Avropada necə yoxlanması barədə ətraflı məlumat əldə edə bilmək idi. Belçikanın qiymətləndirmə modelinə əsasən, dil imtahanları bir neçə mərhələ üzrə təşkil olunur. İmtahanlar kompüterlər vasitəsilə həyata keçirilir. Namizədlər onlayn formada qrammatika testlərini cavablandırır, oxu və dinləmə materialları üzrə imtahan verirlər. Bu imtahanı uğurla keçmiş namizəd danışıq imtahanına buraxılır. İmtahan təqdimat və sual-cavab yönümlü olur. “B2” səviyyəsini alan namizəd imtahanı keçmiş sayılır. Tərcüməçilik və ya dil müəllimlərindən isə daha yuxarı səviyyə “C1” tələb olunur. “C 1” səviyyəsini almaq üçün nəticələr çox yüksək olmalıdır. Bu imtahanı da hər namizəd keçə bilmir.

Rumıniyada ali təhsilini ingilis dilində davam etdirmək istəyənlər üçün universitetdə (foundation level) dil kursları təşkil edilir. Kursun sonunda “B2” səviyyəsi üzrə sertifikat ala bilənlər I kursa buraxılırlar. Təhsil sistemi imtahanda “dinləyib-anlama”, “danışma”, “oxu”, “lüğət ehtiyatı” və “yazı” bacarıqlarını yoxlayır. Nəticələr 100 ballıq sistemlə qiymətləndirilir. İmtahanın sonunda iştirakçıların fikirləri soruşulur.

Bu cür çoxçeşidlənmə Azərbaycan təhsil sistemində tətbiq olunsa, gələcək nəsillərimiz ingilis dilini yalnız qrammatik cəhətdən deyil, eyni zamanda praktik cəhətdən də mənimsəyəcəklər.

-Avropada açıq tipli tapşırıqların yoxlanılmasında canlı insan amilinə nə dərəcədə önəm verilir?

N.Ə- Bizdə situasiya tipli tapşırıqların yoxlanılmasında markerlər iştirak edirlər. Avropada isə avto-markerlər fəaliyyət göstərir. Sualları meyarlar əsasında kompüter yoxlayır və qiymətləndirir. Kompüter bunu o halda qiymətləndirə bilmir ki, hər hansı anlaşılmaz vəziyyət baş versin. Yalnız bu zaman canlı insan faktoruna önəm verilir. Avropada texnologiyadan geniş istifadə olunur. Dil biliklərinin genişləndirilməsində video-konfranslar həyata keçirilir. Məsələn, Avropa Dil Qiymətləndirənlərin Assosiasiyası özünün “Alte Webinar” adlı dil bacarıqlarının yoxlanılması və qiymətləndirilməsinə dair video konfransların, təqdimatların bölüşdürüləcəyi  və fikir mübadiləsi aparılacaq internet portalını yaradıb. Bir çox pilot məktəblərimiz bir yerə yığışıb bu təcrübəni həyata keçirə bilərlər. Bu qiymətləndirmə prosesinə böyük töhfə vermiş olar.

A.B - Onlarda qiymətləndirmə şkalası bizimkindən fərqlidir. Bizdə analitik qiymətləndirmədən istifadə olunur. Məsələn, şagirdə sırf oxuma bacarığına görə bal yazılır. Onlar isə ümumi qiymətləndirirlər. Bizdə bu üsulun tətbiq olunması qeyri-realdır. Ümumi yanaşsaq, çox tələbənin nəticələri aşağı olacaq. İndividual baxanda isə qiymətləndirmə daha asandır.  Avropada 4 kateqoriyanın 4-ü də “B1”səviyyəsində olanda tələbə bu sertifikatı ala bilir. Bizdə elə tələbə var ki, yazısı yaxşıdır, ancaq danışa bilmir. Buna görə də məsələyə individual yanaşırıq. Bizdə yoxlanılan əsas dillər ingilis və rus dilləridir. Alman, fransız dilləri nisbətən azdır. Onlarda isə ana dili kimi 2-3 dili tədris olunur. Yalnız belə mühitdə uşaqları ümumi qiymətləndirmək mümkündür.

-Belçikada yazı tipli tapşırıqların qiymətləndirilməsi zamanı sualları avto-markerlərin yoxladığını qeyd etdiniz. Bizdə isə milyonlarla yazı işi canlı insan tərəfindən qiymətləndirilir. Bu baxımından subyektiv yanaşmanın qarşısının alınması üzrə görülən tədbirlər nə dərəcədə effektivdir?

N.Ə –Qiymətləndirilmə prosesini həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzində işlənib hazırlanmış sistemdə markerlərin hazırlığı məsələləri çox mühüm istiqamətlərdən biridir. Çünki, yazı işlərinin qiymətləndirilməsi zamanı qiymətin dəqiq olması qiymətləndirməni həyata keçirən markerin pedaqoji hazırlığından, ixtisas biliklərindən, kompüterdən istifadə bacarığından, fiziki və psixoloji iradəsindən, dəqiqliyindən, diqqətli olmasından və bir sıra digər amillərdən asılıdır. Sistemin hazırlanmasında belə subyektiv təsirlərin sıfıra yaxınlaşdırılması üçün ciddi tədbirlər görülüb.

Bununla belə, markerlər yazı işlərinin yoxlanılması prosesinə monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən (yəni öz fərdi yanaşmalarına üstün gələ bildikdən) sonra cəlb olunurlar. Bu praktik treninqlərdə onların kompüterdən istifadə bacarıqları, dəqiq, diqqətli və çevik olmaları, meyarla düzgün işləmə səriştələri də yoxlanılır. Treninqlərə Bakı şəhərindən və regionlardan ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri dəvət olunurlar.

-Bəs DİM-də testlərin hazırlanmasına qoyulan tələblərlə Avropa təcrübəsi arasında hansı fərqlər var?

N.Ə – İştirak etdiyimiz seminarların birində “Testin validliyi və onun keyfiyyət göstəricisində müqayisəli təhlili”adlı müzakirələr olundu. Bu tədbirdə eyni zamanda testin validliyi anlayışında Böyük Britaniya və Amerika təcrübəsi müqayisə edildi. Test tapşırıqlarının hazırlanmasında validliyin keyfiyyət göstəricisi və mədəni dəyərlərdən asılı anlayış olduğu  vurğulandı. DİM testlərin hazırlanmasında və  tələblərin yerinə yetirilməsində Avropadan heç də geri qalmır. Bu proseslər DİM tərəfindən yüksək səviyyədə həyata keçirilir.

–Sizcə, sadaladığınız və Avropada tətbiq olunan yeniliklərə istər psixoloji, istərsə də reallıq baxımından hazırıqmı?

N.Ə- İmtahanlarda dinləmə mətnlərinin tətbiq olunması ilə bu cür yeniliklərə bir addım da yaxınlaşırıq. DİM dinləmə, oxu və qrammatika bacarıqlarını yoxlayır. Gələcəkdə digər bacarıqların yoxlanıb qiymətləndirilməsi məktəblilərin yüksək dil biliklərinə yiyələnməsində böyük rol oynayacaq.

-Nəzrin Əhmədova Avropada bakalavra qəbul üzrə dil biliklərinin qiymətləndiriməsi barədə məlumat verdi. Magistraturaya qəbul zamanı necə, dil bacarıqlarının yoxlanılma prosesində  fərqlər müşahidə olunurmu?

A.B- Avropada dil sırf bakalavr və ya magistraturaya qəbul üzrə qiymətləndirilmir. Onlar dili bir istiqamətdə öyrənib, bir istiqamətdə də qiymətləndirirlər. Dil o halda aktiv sayılır ki, onu praktikada istifadə edəsən. Qrammatikanı yaxşı bilmiş ola bilərəm, amma sadə cümlə qura, fikrimi ifadə edə bilmirəmsə, bu dili bilmədiyim anlamına gəlir. Magistraturaya  imtahan verən tələbənin 4 il ərzində dili təkmilləşdirməyə zamanı olur. Bu zaman kəsiyi bizə imkan verir ki, buraxılış imtahanına əlavə olunan dinləmə mətnlərindən bir səviyyə yuxarı mətnlər üzrə biliyi qiymətləndirə bilək. Məsələn, bakalavra qəbulda “A2” səviyyəsini prioritet müəyyənləşdiririksə, magistratura üçün bu “B1” səviyyəsidir.

Avropada tərəfdaşlar dil qiymətləndirilməsini inteqrasiya və miqrasiya məqsədilə qaçqınlara sığınacaqların verilməsi, onların işlə təmin olunması məqsədilə həyata keçirirlər. Bu səbəbdən də hamıya eyni standartı qoyurlar. Bəzi ölkələr ərazisində daimi və müvəqqəti yaşayış üçün hər hansı sertifikat tələb edir. Ən yüksək tələblər isə vətəndaşlıq almaq istəyənlərə qoyulur.

Bu ildən imtahanlarda dinləmə mətnləri üzrə bacarıqların qiymətləndirilməsinə başlamışıq. Danışıq biliklərinin yoxlanılması  prosesi hələki həyata keçirilmir. Dil öyrənmək üçün 4 əsas  istiqamətdən ( “dinləyib-anama”, “danışma”, “oxu”, və  “yazı”) biri qiymətləndirilmirsə, bu, namizədin dili tam bildiyi anlamına gəlmir. DİM 4 bacarığın yoxlanılması istiqamətində işlər görür.  Hazırda isə dinləmə, oxuma və qrammatikanı yoxlayırıq.

Dil bilgilərinin qiymətləndirilməsi zamanı xarici təcrübədə namizəddən irihəcmli akademik esselər yazılması tələb olunur. Hazırda mövcud şəraiti nəzərə alıb iştirakçılardan bu cür esse yazmağı tələb edə bilmərik. Ancaq bütün bunların həyata keçirilməsi üçün ilkin addımlar DİM tərəfindən atılıb, buraxılış və magistratura imtahanlarına dinləmə mətnləri əlavə olunub. Bu, başlanğıc üçün kifayət qədər normal qiymətləndirmə meyarıdır. Çünki şagirddən birdən-birə çox şey tələb etmək olmaz.

CEFR-in ( Ümumavropa Çərçivə Sənədi - Avropada xarici dil öyrənənlərin nailiyyətlərini göstərən təlimat sənədidir) bütün tələblərini maksimal şəkildə həyata keçirməsək də, 3 komponentin üzərində hazırda iş gedir. İmtahanlarda növbəti illərdən speaking (danışma) bacarıqlarının qiymətləndirilməsi gözlənilir. Gələcəkdə digər bacarıqların yoxlanıb qiymətləndirilməsi iştirakçıların yüksək dil biliklərinə yiyələnməsində böyük rol oynayacaq.

-Qeyd etdiyiniz kimi bu ildən buraxılış və magistratura imtahanlarında dinləmə mətnlərinin tətbiqinə başlanılıb. Yəqin, bu məsələylə bağlı abituriyentlərin narazılıqları DİM-ə daxil olur. Şagirdlər daha çox dinləmə mətnlərinin səsləndirildiyi cihaz və səsləndirən insanın aksentinin anlaşılmaması kimi məsələlərdən şikayətlənirlər. Bu problemin gələcəkdə aradan qaldırılması üçün hansı işlərin görülməsi nəzərdə tutulub?

-N.Ə – Gələcəkdə sistemin mükəmməlləşdirilməsi sahəsində addımlar atılacaq. Tərtib olunan mətnləri hər birimiz dinləmişik. Cihazdan gələn səs sinif otağının bütün hissələrində tamamilə aydın başa düşülür. Təşkilati məsələlərə gəldikdə isə bu iş daha da təkmilləşdiriləcək. Nəzərə almaq lazımdır ki, tətbiqin ilkin illəridir.

A.B - Mətnlər dil daşıyıcıları tərəfindən yazılır. Hər hansı tələbənin səsləndirilmə zamanı aksent eşitdiyini, yanlış tələffüzə görə sözü başa düşmədiyini deməsi doğru deyil. Magistraturaya qəbulda dinləmə mətnlərini səsləndirərkən  90 % dil daşıyıcıları ilə çalışmışıq.  Hətta amerikan aksentli biri belə mətni oxumayıb. Özümüz də imtahanlara nəzarətçi qismində düşürük və müşahidə aparırıq. Otaqlar o qədər geniş auditoriyalar deyil ki, avadanlıqdan çıxan səs orda eşidilməsin. Ən axırıncı sırada əyləşən belə rahatlıqla səsi eşidə bilir. Magistratura üzrə builki statistik təhlillərə nəzər salanda dinləmə mətnləri üzrə suallardan 5-nə də düzgün cavab verən tələbələrin olduğunu görürük.  Mətnlər hazırlanarkən xüsusi proqramdan istifadə olunur. Mətnin hansı səviyyədə olduğunu proqram müəyyən edir. Təbii ki, həmin proqramı müəyyən ödəniş əsasında əldə etmişik. Əgər mətnin daxilində hər hansı səviyyəyə uyğun olmayan söz və ya ifadə varsa, proqram bunu bizə bildirir və  ən xırda detallara qədər mətnin rəyini verir. Bundan sonra mətnin üzərində iş gedir. İmtahanlara düşən səviyyəni “B1”dən yüksək etmirik. Çalışırıq ki, söz sayı da 150-200-dən çox olmasın. Xırda nüanslara qədər önəm verib məqsədlərə çatmamaq mümkün deyil. Eşidə bilməmək və s.kimi fikirlər təşkilatı məsələlərə əsaslanır. Elmi hissəyə cavabdeh olaraq deyə bilərik ki, mətnlər standarta uyğun tərtib olunur.

Təsəvvür edin, hər mətnin səsləndirilməsi üçün ekspertlər qrupu yaradılır. Mətnlər orijinal olmalıdır, buna görə də ilk növbədə onları yazırlar. Daha sonra mütəxəssis mətnin düzgün tələffüzünü qeyd edir. Bu cür mütəxəssislər adətən Azərbaycan Dillər Universitetindən dəvət olunur. Mətn səsləndiriləndə belə mütəxəssis cümlə quruluşuna, düzgün tələffüzə, cümlədə vurğunun yerinə qədər bütün məsələləri nəzarətdə saxlayır. Bir mətn DİM-ə müəyyən məbləğlər hesabına başa gəlir. Ona görə asanlıqla deyə bilərik ki, mətnlərin elmi-metodiki tərəfinə görə məsuliyyət daşıyırıq.

-Dinləmə mətnləri ilə bağlı yaranan narazılıqlardan biri də orta məktəblərdə dinləmə bacarıqlarının inkişafı istiqamətində tədris proqramının mövcud olmamasıdır. DİM imtahanlarda yenilikləri tətbiq edən zaman mövcud reallığı nəzərə alırmı?

A.B- Təsəvvür edin, tələbə Azərbaycan Dillər Universitetinə imtahan verir. Bu şəxsin orta məktəbdə sadə dinləmə bacarığı yoxdursa, sabah necə ingilis dili müəllimi olacaq? Baza təhsilində bu bacarıqların inkişafı istiqamətində proqram olmalıdır. DİM sənəd əsasında qiymətləndirmə aparır. Kurikulum sənədinin tələbələrində də dinləmə bacarıqları var. Məktəbdə bunun hansı səviyyələrdə tədris olunması DİM-in səlahiyyətinə aid deyil.

Bir neçə il sonra esselərin yazılmasında da belə narazılıqların yaranması gözləniləndir. Amma bunun fonunda statistik təhlillər göstərir ki, tələbələr dinləmə suallarını tamamilə doğru cavablandırmağa qadirdirlər.

N.Ə- Artıq 10-cu ildir ki, Azərbaycanda kurikulum tətbiq olunur. Sənədlərdə yalnız dinləmə deyil, bir çox bacarıqların yoxlanılması, ingilis dilindən esselərin yazılması da nəzərdə tutulub. Amma reallığı gördüyümüz üçün hələ bu cür çətin prosedurları tətbiq etmirik.

-Konfrans zamanı təhsildə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün şəraitin yaradılması məsələsi də geniş müzakirə olunub. Azərbaycan imtahan sistemində bu şəxslər üçün yaradılan  şəraitlə Avropa təcrübəsi arasında hansı fərqlər var?

A.B- Planer iclaslarda bir çox ölkələrdən maraqlı qruplar gəlmişdi. Onlar öz təcrübələrini bölüşürdülər. Bir şəxsə əlillik kateqoriyasının verilməsi  dünya miqyasında qəbul olunmuş tibbi protokollara əsasən müəyyənləşdirilir. Fiziki məhdudiyyətli şəxslərə DİM-də xüsusi qayğı ilə yanaşılır. Qeydiyyatdan keçəndə əlilliyi təsdiq edən sənəd tələb olunur. Onlar üçün xüsusi otaq ayrılır. Hər məhdudiyyətli şəxsə bir nəfər nəzarətçi təhkim olunur. Bəzən əlilliyin növündən asılı olaraq tələbə sualı oxuya bilmir. Bu tələbəyə nəzarətçi sualı oxuyur və kodlaşdırmasına kömək edir. Kağızı tutmaq imkanı olmayan, əli tərləyib kodlaşdırma edə bilməyən tələbəyə təhkim olunan şəxs cavabları özü kodlaşdırır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları