Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-06 14:31:27
Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində ilk transsərhəd akademik əməkdaşlıq layihəsi

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində ilk transsərhəd akademik əməkdaşlıq layihəsi baş tutub.

AzEdu.az xəbər verir ki, cari ilin aprel ayında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) uzaq məsafədən virtual əlaqə yaratmağa imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin quraşdırılması başa çatıb.

Sistemin GEANT şəbəkəsi üzərindən sınaq rejimində nümayişi keçirilib. Sınaq zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan LOLA sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq, bu texnologiyanın musiqi ifası ilə nümayişi həyata keçirilib.

Hazırda BMA-da qurulan bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klasslar və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin vaxt itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edəcək. Eyni zamanda, bu audiovizual sistemin ölkənin ali musiqi təhsili verən qabaqcıl müəssisəsində tətbiqi Azərbaycan musiqi irsinin, bəstəkar əsərlərinin, xalq musiqisi nümunələrinin dünyada təbliği və dünyəvi dəyərlərin paylaşılması baxımından geniş imkanlar yaradacaq.

Sözügedən layihənin reallaşmasında Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Azərbaycan Təhsil Şəbəkəsi layihəsinin imkan və resurslarından geniş istifadə olunub. Belə ki, BMA-da 1 Gb/san-dək ötürücülük gücünə malik qoşulma təmin edilib, eləcə də akademiyada zəruri şəbəkə infrastrukturu qurulub.

Hazırda dünyanın 100-dən çox ölkəsində istifadə olunan LOLA texnologiyası ali təhsil müəssisələrinə bir-biri ilə real zaman rejimində virtual əlaqə yaratmağa və birgə musiqi dərsləri, mühazirələr və konsertlər təşkil etməyə şərait yaradır. 

Gələcəkdə Bakı Musiqi Akademiyası kimi digər ali təhsil ocaqlarının da Azərbaycan Təhsil Şəbəkəsinin imkanlarından yararlanaraq beynəlxalq miqyasda elmi yeniliklərə imza atması Azərbaycan elm və təhsilinin dünyaya inteqrasıyası və milli dəyərlərin dünyada tanıdılması baxımından yeni perspektivlərə yol açacaq.

Qeyd edək ki, ölkənin təhsil sahəsində ən iri daxili şəbəkə olan Azərbaycan Təhsil Şəbəkəsi təhsil müəssisələri üçün geniş imkanlar təqdim edir. Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə daxil olan yerli akademik təhsil müəssisələri Avropanın “GEANT” elm və təhsil şəbəkəsinə qoşularaq bu beynəlxalq şəbəkənin resursları sayəsində öz xarici həmkarları ilə elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tətbiq etmək imkanına malikdirlər. Ali təhsil müəssisələrinin GEANT şəbəkəsinə qoşulması Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında “Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi”nin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalanması sayəsində mümkün olub.

Azərbaycan Təhsil Şəbəkəsi haqqında qısa məlumat:

Azərbaycan Təhsil Şəbəkəsi – ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ən iri təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə “2008-2012-ci illər üzrə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasına dair Dövlət Proqramı” çərçivəsində başlanılmış layihə hazırda ölkə üzrə 2800-dən artıq təhsil müəssisəsini əhatə edir. Şəbəkəyə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 85%-nə və pedaqoji heyətin 73%-nə faizinə bərabərdir. Operatoru “AzEduNet” MMC olan Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar təhsil müəssisələrində vahid intranet şəbəkəsinin qurulması və intranet üzərindən telekonfrans rabitəsinin (IP telefoniya, video-konfrans) təşkili, internetə yüksək sürətli çıxışın təmin olunması, təhsilalanların internetin zərərli məzmunlarından qorunması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

GEANT şəbəkəsi haqda qısa məlumat:

GEANT – Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları (IT) şəbəkələri səviyyəsində özündə birləşdirən ümumavropa elektron elm və təhsil şəbəkəsidir. Hazırda elmi araşdırma və tədqiqat üzrə dünyanın ən nəhəng intranet şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat müəssisəsini və orada çalışan 50 mln.-dən çox istifadəçini, eyni zamanda elmin bütün istiqamətlərini əhatə edir. GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tətbiq etmək üçün şərait yaradır. Sadəcə GEANT şəbəkəsinə çıxışın və adi kompyuterlərin mövcudluğu ali təhsil müəssisələrinə ciddi elmi araşdırmalar aparmağa imkan verir.