"Universitetlər yalnız tədris müəssisəsi deyil onlar həm də elmi diplomatiyanın, qlobal əməkdaşlığın sütunudur".
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Professorun sözlərinə görə, ABŞ-ın ali təhsil sistemi bu gün ciddi sınaq qarşısındadır:
"Tramp administrasiyasının ikinci prezidentlik dövründə qəbul etdiyi sərt immiqrasiya və təhsil siyasəti nəticəsində ölkənin ən nüfuzlu universitetləri belə büdcələrini ixtisar etməyə məcbur qalıblar. Məsələ təkcə təhsil müəssisələrinin iqtisadi çətinlikləri ilə bitmir bu, həm də ABŞ-ın qlobal elmi nüfuzuna, “beynəlxalq universitet” imicinə zərbə vurur.Beynəlxalq Təhsil Sahəsində Mütəxəssislər Assosiasiyasının (NAFSA) məlumatına görə, 2024/25-ci tədris ilində ABŞ-da təxminən 1,2 milyon xarici tələbə təhsil alıb. Lakin bu göstərici yaxın aylarda 15 faiz azalmaq təhlükəsi ilə üz-üzədir. Bu azalma təkcə universitetlərin tələbə sayı ilə bağlı deyil; bu, həm də ABŞ iqtisadiyyatına 7 milyard dollarlıq zərbə deməkdir.
Çünki xarici tələbələr çox vaxt təhsil haqlarını tam şəkildə ödəyir və universitetlərin maliyyə dayanıqlığında mühüm rol oynayırlar.Moody’s agentliyinin xəbərdarlığı da təsadüfi deyil: xarici tələbələrin azalması bir sıra universitetlər üçün kredit riskləri yaradır. Ən çox zərər görənlər isə magistratura və doktorantura proqramları olacaq. Məhz bu pillələrdə təhsil alanlar əsasən xarici vətəndaşlardır.
Reuters agentliyinin məlumatına görə, ABŞ-ın on ali məktəbində aparılan sorğular göstərib ki, xarici tələbələrin qəbulu 1%-dən 19%-ə qədər azalıb. Urbana-Şampeyndəki İllinoys Universitetində magistrantların sayı 22%, Buffalo Universitetində isə 58% azalıb. Bu, artıq tendensiyaya çevrilib.Bəzi universitetlərdə bu vəziyyət real böhrana gətirib çıxarıb. Məsələn, Con Hopkins Universiteti 2025-ci ilin martında 800 milyon dollarlıq qrant itkisinə görə 2000-dən çox iş yerini ixtisar edib. Cənubi Kaliforniya və Şimal-Qərb universitetlərində yüzlərlə işçinin azad olunması da eyni səbəblə bağlıdır. Federal maliyyələşdirmənin azaldılması və xarici tələbə axınının zəifləməsi.
Tramp administrasiyasının əsas arqumenti təhlükəsizliklə bağlıdır: Dövlət Departamenti və Daxili Təhlükəsizlik Nazirliyi xarici tələbələrə nəzarətin “terrorizmin qarşısını almaq” məqsədilə gücləndirildiyini bildirir. Lakin bu siyasətin nəticəsi daha genişdir ABŞ-a qarşı “beyin axınının” azalması. Yalnız 2025-ci ilin ilk rübündə ABŞ universitetlərinə magistratura və doktorantura üzrə müraciətlər 40 faiz azalıb. Əvəzində Böyük Britaniyaya maraq artıb. StudyPortals platformasının məlumatına görə, İrandan müraciətlər 61%, Banqladeşdən 54%, Hindistan, Pakistan və Nigeriyadan isə 30 faizdən çox azalıb. Bu, artıq təkcə təhsil deyil, həm də qlobal təsir uğrunda rəqabətdir. ABŞ bu yarışda mövqelərini itirir:
"Böyük Britaniya bu vəziyyətdən məharətlə istifadə edir",- deyə professor fikrinə əlavə edib:
"Britaniya Şurasının hesabatında qeyd olunur ki, ABŞ-da xarici abituriyentlərə maraq azaldıqca, Birləşmiş Krallığa yönələn müraciətlər artır. Bunun səbəbi aydındır: sabit və şəffaf təhsil siyasəti, məzunlara iş imkanı verən proqramların qorunması və miqrasiya qaydalarının nisbətən yumşaq olması. Leyborist hökuməti bu sahədə daha açıq strategiya yürüdür.
Məqsəd xarici tələbələrin coğrafiyasını genişləndirmək və beynəlxalq təhsil proqramlarını inkişaf etdirməkdir. ABŞ-da isə əksinə, məzunların peşəkar inteqrasiyası hələ də qeyri-müəyyən qalır.Amerika üçün siqnal, dünya üçün dərs Tramp administrasiyasının təhsil və immiqrasiya siyasəti qısamüddətli siyasi dividendlər gətirə bilər, lakin uzunmüddətli perspektivdə ABŞ-ın elm və innovasiya mərkəzi kimi mövqeyini sarsıdır. Universitetlər yalnız tədris müəssisəsi deyil onlar həm də elmi diplomatiyanın, qlobal əməkdaşlığın sütunudur.
Xarici tələbələrin azalması Amerika üçün təkcə iqtisadi deyil, həm də intellektual itki deməkdir. Çünki bu tələbələr sabahın alimləri, mühəndisləri, texnoloqlarıdır və onlar artıq Londona, Torontoya, Melburna üz tuturlar.
ABŞ bu tendensiyanı dayandırmaq istəyirsə, qlobal rəqabətin qaydalarını dəyişməli, təhsili siyasətin alətinə çevirməyi dayandırmalıdır. Təhsilə qapanma deyil, açılma lazımdır. Çünki elm heç vaxt sərhədləri tanımayıb onu yalnız siyasət tanıyır".