Azedu.az

Bu universitetin gələcəyi sual altındadır - Fəaliyyəti dayandırıla bilər?

Tələbələr

Universitetlər

12 İyun 2025, 12:15
Bu universitetin gələcəyi sual altındadır - Fəaliyyəti dayandırıla bilər?

“Bakı Qızlar Universiteti bir ideya olaraq cəmiyyətdə mühüm bir missiya daşısa da, müasir çağırışlara cavab vermək üçün transformasiya olunmalıdır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında “Əməkdar müəllim”, sabiq deputat Sona Əliyeva bildirib.

 

Onun sözlərinə görə, Bakı Qızlar Universiteti Azərbaycan ali təhsil sistemində özünəməxsus yanaşması olan və yalnız qadın tələbələrə təhsil verən bir təhsil müəssisəsidir:

 

“Yəqin ki, onun fəaliyyət prinsipi, yəni pozitiv diskriminasiya, gender bərabərliyinin təşviqi və qadınların təhsilə çıxış imkanlarının artırılması məqsədinə söykənir. Bu baxımdan universitet, müəyyən sosial-mədəni ehtiyacları qarşılamaq baxımından vacib bir boşluğu doldurur. Xüsusilə konservativ ailələrin qız övladlarının təhsil almasına münasibətini yumşaltmaq və qadınların ictimai həyatda iştirakını artırmaq baxımından belə bir modelin mövcudluğu müsbət qiymətləndirilə bilər.

 

Digər tərəfdən, yalnız qadınların qəbul olunduğu bir ali təhsil müəssisəsinin uzunmüddətli perspektivdə əmək bazarının reallıqlarına nə dərəcədə uyğun olduğu sual doğurur. Müasir dövrdə təhsil prosesinin əsas məqsədi yalnız bilik vermək deyil, həm də sosial inteqrasiyanı təmin etməkdir. Bu kontekstdə gender əsaslı təcridolma, müəyyən sosial bacarıqların formalaşmasında əngəl yarada bilər. Həmçinin universitetdə tədris olunan ixtisasların əmək bazarında yüksək tələbat görməməsi onun rəqabət qabiliyyətini aşağı salır".

 

“Belə ki, əsasən pedaqoji, humanitar və sosial ixtisaslara fokuslanan tədris proqramları hazırda artıq “doymuş” sahələr hesab olunur və bu da məzunların işə düzəlmə imkanlarını məhdudlaşdırır”, - deyə Sona Əliyeva bildirib. O əlavə edib ki, universitetin bağlanması ilə bağlı verilə biləcək qərarın bir sıra obyektiv və subyektiv səbəbləri ola bilər:

 

“Əgər son illərdə tələbə qəbulunun kəskin azalması müşahidə olunubsa, bu təbii olaraq onun fəaliyyəti üçün təhlükə yarada bilər. Eyni zamanda, infrastruktur və maddi-texniki baza baxımından zəifliklər, tədris prosesinin müasir tələblərə cavab verməməsi, beynəlxalq əlaqələrin və tanınmanın zəif olması da bu riski artıran amillərdəndir.

 

Əgər universitet əmək bazarının tələblərinə uyğun kadr hazırlığı funksiyasını icra etmirsə və bu baxımdan cəmiyyətə faydalı olmursa, onun fəaliyyətinə yenidən baxılması obyektiv zərurət kimi ortaya çıxa bilər. Həmçinin bu məsələ ilə bağlı qərar vermək müvafiq dövlət qurumlarının səlahiyyətindədir.

 

Müvafiq təftiş və yoxlamalardan sonra universitetin fəaliyyəti ya yenidən qurula, ya da dayandırıla bilər. Bununla belə, universitetin tamamilə bağlanması əvəzinə, onun strukturunda və tədris istiqamətində islahatların aparılması daha məqsədəuyğundur. Texnologiya, mühəndislik, rəqəmsal bacarıqlar, ictimai idarəetmə, biznes və sahibkarlıq kimi sahələr üzrə yeni ixtisasların açılması, təhsil alan qızların müasir əmək bazarına inteqrasiyasını asanlaşdıra bilər.

 

Eyni zamanda, genderə əsaslanmayan daha açıq modelə keçid universitetin inklüzivliyini və cəmiyyətə təsir gücünü artıra bilər. Bakı Qızlar Universiteti bir ideya olaraq cəmiyyətdə mühüm bir missiya daşısa da, müasir çağırışlara cavab vermək üçün transformasiya olunmalıdır.

 

Mən gender ayrıseçkiliyinə müsbət baxmıram, çünki bu, dövrün inkişaf xüsusiyyətləri ilə uzlaşmır. O baxımdan da universitet fəaliyyətini davam etdirmək niyyətindədirsə, rəqabətə uduzmamaq üçün yeni tendensiyalara uyğun islahatlara getməlidir”, - deyə Sona Əliyeva qeyd edib.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox