“Son illər bir çox tələbə Qərb universitetlərini yalnız akademik deyil, əsasən əmək bazarına çıxış üçün seçir”.
Bu fikri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professorun sözlərinə görə, son illərdə Qərb ölkələrinin ali təhsil müəssisələri xarici tələbələr üçün daha cəlbedici məkana çevrilib:
“Universitetlərin beynəlxalq reytinqləri, müasir infrastrukturu, rəqabətədavamlı diplomlar və təqaüd imkanları bu axını stimullaşdıran əsas amillərdəndir. Lakin son tədqiqatlar göstərir ki, xaricdə təhsil meyli bəzən sırf akademik məqsədlərlə deyil, daha çox iqtisadi motivasiyalar - xüsusilə əmək bazarına çıxış məqsədilə formalaşır. Araşdırmalar göstərir ki, bir çox tələbə Qərb universitetlərinə məhz həmin ölkələrin iş bazarına daxil olmaq üçün üz tutur. Xüsusilə Avropa ölkələrində və Kanadada tələbələrə təhsil müddətində və məzun olduqdan sonra verilən iş icazələri, daimi yaşayış və işləmək imkanları bu tendensiyanı gücləndirən əsas faktorlardır.
Bu yanaşma ali təhsilin mahiyyətindən uzaqlaşmağa, tədrisin keyfiyyətindən çox vizaya və əmək bazarına fokuslanmağa gətirib çıxarır. Bu da öz növbəsində akademik mühitə inteqrasiyanın zəifliyinə, yerli tələbələrin təhsil resurslarına çıxışında çətinliklərə, miqrasiya siyasətində disbalansa və ictimai narazılığa səbəb olur".
Z. Məmmədov qeyd edib ki, Qərb universitetləri beynəlxalq tələbə cəlb etmək üçün genişmiqyaslı marketinq və reklam kampaniyaları həyata keçirir:
“Bu prosesdə akademik dəyərlər bəzən kommersiya maraqlarının kölgəsində qalır. Ali məktəblər əcnəbi tələbələri əlavə maliyyə mənbəyi kimi görür. Çünki xarici tələbələr üçün təhsil haqqı, adətən, yerli tələbələrlə müqayisədə bir neçə dəfə yüksək olur. Nəticədə, tələbənin akademik maraqları ilə universitetin iqtisadi maraqları arasında ciddi disbalans yaranır. Qərb universitetlərində professorların əmək haqları yüksəkdir. Bu, hər nə qədər təhsildə keyfiyyətin göstəricisi kimi təqdim olunsa da, nəticədə universitet büdcəsinə ciddi yük yaradır. Belə hallarda universitetlərin maliyyə strategiyası tədris keyfiyyəti və tələbə ehtiyaclarından üstün tutulur.
Qərb universitetlərini kor-koranə təbliğ etməkdənsə, daha balanslı yanaşmalar tətbiq olunmalıdır. Beyin axını ilə mübarizə aparmaq üçün gənclərə yerli təhsildə cəlbedici alternativlər təqdim edilməli, xarici diplomlara avtomatik üstünlük verilməsi praktikası yenidən nəzərdən keçirilməlidir. Təhsil vasitəsi ilə miqrasiyaya yol açmaq nə tələbəyə, nə də cəmiyyətə uzunmüddətli fayda verir. Ən düzgün yanaşma hər bir ölkənin öz ali təhsil sistemini gücləndirməsi, gənclərin daxili potensiala və yerli təhsilə inamının artırılmasıdır”.