Artıq ali təhsil müəssisələrində yaz imtahan sessiyasının başlanmasına sayılı günlər qalır. Tələbələr mövsümün yekun qiymətləndirmə mərhələsinə hazırlaşaraq bilik və bacarıqlarını nümayiş etdirməyə hazırlaşırlar.
Bəs görəsən, universitetlərdə yaz imtahan sessiyası nə vaxt başlayacaq?
AzEdu.az suala cavab almaq üçün universitetlərə sorğu ünvanlayır.
ADA Universitetindən bildirildi ki, imtahan sessiyası may ayının 13-dən etibarən başlayacaq.
Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev sorğuyla bağlı cavabında bildirdi ki, BMU üzrə akademik təqvimə əsasən, iyunun 2-də başlanılması və iyulun 5-nə kimi davam etdirilməsi nəzərdə tutulur.
Xəzər Universitetinin Media üzrə rəhbəri Əlövsət Əmirbəyli qeyd etdi ki, imtahan iyunun 1-də başlayır, 27 iyunda isə bitir.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat katibi Sədaqət Turabova sorğuya cavabında bildirdi ki, imtahan sessiyasının 1 iyunda başlaması planlaşdırılır:
"Ancaq nazirlikdən hər sessiyanın başlanması və bitməsi tarixləri ilə əlaqədar məktub daxil olmamış Ali təhsil müəssisələri qərar verməməlidir".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova sorğumuza bildirildi ki, imtahan 2 iyunda başlayacaq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev sorğumuza cavab olaraq bildirildi ki, imtahan tarixi ilə bağlı hələ əmr imzalanmayıb.
"Əmr imzalananda dəqiq tarix bəlli olacaq".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Mahmudzadə qeyd etdi ki, ADMİU-da imtahanlar iyunun 2-dən başlayacaq.
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev cavabında bildirdi ki, ADPU-da yaz semestrinin imtahan sessiyası adətən iyun ayının 1-dən iyul ayının 5-dək təşkil olunur.
Azərbaycan Dillər Universitetinin ( ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı sorğuya cavab olaraq qeyd edib ki, imtahan sessiyası 2 iyundan 5 iyuladək davam edəcək.
Bakı Biznes Universitetindən (BBU) bildirildi ki, hələ ki, dəqiq tarix məlum deyil.
"Ancaq imtahan sessiyası adətən iyun ərzində olur".
Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər sorğuya cavab olaraq bildirib ki, Sumqayıt Dövlət Universitetində 2024–2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının 2 iyun-5 iyul 2025-ci il tarixləri arasında keçirilməsi nəzərdə tutulur.
Mingəçevir Dövlət Universitetindən (MDU) bildirildi ki, bu haqqda hələ əmr verilməyib.
Azərbaycan Universitetinin (AU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova bildirib ki, imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr Elm və Təhsil Nazirliyindən gəlir. Əmrdə sessiyanın başlama və bitiş tarixləri göstərilir:
"Hələlik 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının keçirilməsi ilə bağlı universitetə əmr daxil olmayıb. Adətən isə sessiya may ayının sonunda başlayır".
Bakı Avrasiya Universitetindən(BAAU) bildirildi ki, Bakı Avrasiya Universitetində 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 2025-ci ilin 1 iyun tarixində başlayacaq və iyulun 5-dək davam edəcəkdir:
"Sessiyada 3500-dən çox təhsilalanın imtahan verməsi planlaşdırılıb. BAAU-da imtahanlar həm yazılı, həm də test üsulu ilə keçirilir. İmtahanlar zamanı yarana biləcək neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə İmtahan Qərərgahı fəaliyyət göstərəcək"
Bakı Dövlət Universiteti (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva sorğuya cavabında bildirdi ki, bizdə hələ tarixlər bəlli deyil:
"Adətən bununla bağlı nazirlik əmr verir. Biz də o əmrə uyğun olaraq Bakı Dövlət Universitetinin Elmi Şurası yaz imtahan sessiyasının təşkili ilə bağlı qərar verir".
Sorğumuza Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova cavabında bildirdi ki, Elmi Şuranın yaxın günlərdə iclası keçiriləcək:
"Orada müzakirə olunub, kollegial qərar veriləcək".
Gəncə Dövlət Universitetindən (GDU) bildirildi ki, imtahan sessiyası 2 iyunun başlayıb, iyulun 4-də yekunlaşması nəzərdə tutulur.