"Bizdə həm bəy, həm də xanım namizədlərin peşə təhsilinə müraciət sayında son illərdə artım müşahidə olunur".
Bu fikri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.
Ekspertin sözlərinə xüsusilə də əvvəlki dövrlərlə müqayisədə xanımların müraciətləri daha çoxdur: "Onların müraciət etdiyi əsas sahələr aşbazlıq, dərzilik, kompüter istiqamətləri kimi peşələrdir. Bu sahələr üzrə tədris olunan ixtisaslarda yerlərin əksəriyyəti məhz xanım namizədlər tərəfindən tutulur.
Qeyd etmək lazımdır ki, xanım namizədlər əsasən dərzilik, aşbazlıq və kompüter mühəndisliyi istiqamətlərinə üstünlük verirlər. Bu sahələr üzrə təhsil alanlar əmək bazarına daha tez inteqrasiya olur və iş tapmaqda çətinlik çəkmirlər.
Bəy namizədlərə gəlincə, onlar nisbətən fərqli sahələrə üstünlük verdikləri üçün əmək bazarında iş tapmaq baxımından xanımlarla müqayisədə müəyyən çətinliklərlə qarşılaşırlar. Yəni onlar bir qədər gözlədikdən sonra iş tapmağa nail olurlar.Son illərdə peşə istiqamətində həyata keçirilən müxtəlif layihələr nəticəsində təkcə xanımların deyil, bəy namizədlərin də bu sahəyə marağında artım müşahidə olunur.
Xanım namizədlərin müraciətlərinin artma səbəblərindən biri də evdar qadınların peşə təhsilinə olan marağıdır. Ali və ya orta ixtisas təhsili olmayan xanımlar peşə təhsilinə yönəlməklə heç olmasa müəyyən sahələr üzrə fəaliyyət göstərmək imkanı qazanmağa çalışırlar".