Son illərdə bir çox valideyn övladı 1-ci sinfə qədəm qoyan andan repetitor dəstəyinə yönəldir. Onlar hesab edirlər ki, bu addım uşağın savadlı böyüməsinə və dərslərdə daha uğurlu olmasına kömək edir.
Bəs görəsən, doğrudanmı 1-ci sinif şagirdinin repetitor hazırlığına ehtiyac var?
Mövzu ilə bağlı AzEdu.az-aTəhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.
O qeyd edib ki, valideynlər arasında belə bir düşüncə formalaşıb ki, repetitor dəstəyi olmadan övlad geridə qala bilər:
"Əslində bu, cəmiyyətimizdə uzun müddətdir müzakirə olunan və həm valideynləri, həm də təhsil mütəxəssislərini narahat edən mövzulardan biridir. Birinci sinif uşağı məktəbə yeni qədəm qoyur, məktəb həyatı ilə tanış olur, kollektivə uyğunlaşır və ilk oxu-yazı vərdişlərini qazanır. Bu dövr övladlarımız üçün həssas dövrdür, çünki məktəb həyatına olan ilk münasibət gələcək təhsil motivasiyasına da ciddi təsir göstərir. Təəssüf ki, bir çox valideyn uşağın daha yaxşı nəticə əldə edəcəyinə inanaraq dərhal repetitor axtarışına çıxır.
Burada iki əsas səbəbi müşahidə edirik. Birincisi, dərsliklərin həqiqətən də çətinliyi və proqramların uşaqların psixoloji yaşına bəzən uyğun gəlməməsidir. Çox vaxt valideynlər, hətta ali təhsil almış insanlar belə, ibtidai sinif dərsliklərini izah etməkdə çətinlik çəkirlər. Bu isə onları çıxış yolu kimi repetitor xidmətinə yönəldir. İkinci səbəb isə artıq “populyarlaşmış” bir tendensiyadır: sanki uşağın repetitor yanında hazırlaşması keyfiyyət göstəricisi sayılır. Valideynlər arasında belə bir düşüncə formalaşıb ki, repetitor dəstəyi olmadan övlad geridə qala bilər. Halbuki, bu, həmişə doğru yanaşma deyil"
Yalnız xüsusi hallarda repetitor dəstəyi faydalı ola bilər:
"Mənim mövqeyim budur ki, ibtidai sinif şagirdi üçün repetitor dəstəyi əksər hallarda zəruri deyil. Bu mərhələdə ən əsas məsələ uşağın məktəbə adaptasiyası, dərs mühitinə sevgi ilə bağlanması və öz gücünə inanmağıdır. Əgər valideyn evdə övladına zaman ayırıb sadəcə dərsliklərdəki tapşırıqları birlikdə gözdən keçirsə, oxuma-yazmada kiçik dəstək göstərsə, bu, çox zaman kifayət edir. Uşağın tədris yükü artırılmamalı, əksinə, məktəbdə öyrəndiklərini möhkəmləndirməsi üçün oyunlar, sadə məşğələlər və motivasiyaedici yanaşmalar tətbiq edilməlidir.
Yalnız xüsusi hallarda məsələn, uşağın öyrənmə çətinliyi varsa, diqqət problemləri müşahidə olunursa və ya valideynin bilik və vaxt imkanları qətiyyən yetmirsə repetitor dəstəyi müəyyən qədər faydalı ola bilər. Amma bunun da mütləq alternativi var: məktəb müəllimi ilə sıx əməkdaşlıq. Təəssüf ki, valideynlərin bir qismi məktəbin imkanlarını kənara qoyaraq birbaşa repetitora yönəlir. Halbuki ilk müraciət olunmalı ünvan məhz övladın sinif müəllimi olmalıdır.
Birinci sinif şagirdini repetitorluğa yönləndirmək əslində uşağın uşaqlıqdan əlavə təzyiq altında qalmasına, təhsil motivasiyasının zəifləməsinə gətirib çıxara bilər. Bizim məqsədimiz övladları yarış meydanına atmaq yox, onların məktəb həyatını sevdirib təhsil prosesinə könüllü bağlanmasına şərait yaratmaq olmalıdır".