Azedu.az

İşsiz gənc ordusu çoxalacaq...- XƏBƏRDARLIQ

Xəbərlər

14 İyul 2025, 16:31
İşsiz gənc ordusu çoxalacaq...- XƏBƏRDARLIQ

Düzgün ixtisas seçimi təkcə bir tələbənin gələcəyini deyil, ölkənin iqtisadi və sosial strukturunun dayanıqlığını müəyyən edən strateji prosesdir. Lakin bu prosesin idarə olunması ilə bağlı Azərbaycanda ciddi sistemsizlik, məlumat boşluğu və peşəkar məsləhət xidmətlərinin yoxluğu müşahidə olunur.

Bu sözləri  AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov söyləyib. 

Ekspert qeyd edib ki, ixtisas seçimi mərhələsində müşahidə olunan başlıca problem abituriyentlərə seçim azadlığının nominal səviyyədə verilməsi, real praktikada isə qərarların əksər hallarda valideynlər tərəfindən verilməsidir:

"Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi texniki imkanlar  bal üzrə ixtisas yönləndirmə modulu və statistik ehtimallar, yalnız ilkin oriyentasiya xarakteri daşıyır və abituriyentin şəxsi maraqları, dəyərləri, psixoloji profili, əmək bazarına inteqrasiyası kimi əsaslı meyarları əhatə etmir. Daha da pisi, Elm və Təhsil Nazirliyi bu kritik mərhələdə nə marifləndirici tədbirlər həyata keçirir, nə də ixtisas seçimi ilə bağlı təhsilalanlara və valideynlərə psixoloji-pedaqoji dəstək verir. 2023-cü ildə Nazirliyin tədris planında və illik hesabatlarında bu istiqamətdə sistemli fəaliyyət qeydə alınmayıb".

DİM-in 2022 və 2023-cü illər üzrə apardığı sorğular göstərir ki, ixtisas seçimi edən abituriyentlərin təxminən 67%-i valideyn təzyiqi və ya yönləndirməsi altında qərar verir:

"İxtisas seçimi mərhələsində müşahidə olunan başlıca problem abituriyentlərə seçim azadlığının nominal səviyyədə verilməsi, real praktikada isə qərarların əksər hallarda valideynlər tərəfindən verilməsidir. DİM-in 2022 və 2023-cü illər üzrə apardığı sorğular göstərir ki, ixtisas seçimi edən abituriyentlərin təxminən 67%-i valideyn təzyiqi və ya yönləndirməsi altında qərar verir. Bu isə nəticədə ya oxuduğu sahəyə marağı olmayan, ya da əmək bazarında peşəkar mövqe tuta bilməyən məzunlar ordusu formalaşdırır. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə göstəricilərinə əsasən, ali təhsilli işsizlərin 42,1%-i ixtisası üzrə iş tapa bilmədiyini qeyd edib. Bu, sadəcə təhsil probleminin yox, eyni zamanda planlaşdırılmamış və yanlış yönləndirilmiş ixtisas seçiminin nəticəsidir.

Əmək bazarının tələbləri sürətlə dəyişir. 2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan hesabatda göstərilir ki, yaxın 5 ildə İT, süni intellekt, kibertəhlükəsizlik, enerji mühəndisliyi, rəqəmsal marketinq və ekoloji texnologiyalar sahəsində peşəkar kadrlara olan ehtiyac 2,7 dəfə artacaq. Halbuki bu sahələr üzrə dövlət sifarişi ilə ayrılmış yerlərin sayı hələ də məhduddur və marifləndirmə işinin zəifliyi səbəbindən abituriyentlər ənənəvi, doymuş və ya aşağı tələbli sahələrə yönəlirlər. Məsələn, 2023-cü ildə hüquq, beynəlxalq münasibətlər və maliyyə ixtisaslarına müraciət edənlərin sayı bu ixtisaslar üzrə vakansiya yerlərini 4 dəfədən çox üstələmişdi. Bu da göstərir ki, əmək bazarı ilə ali təhsil sistemi arasında kəskin disbalans mövcuddur".

"Azərbaycanda ixtisas seçimi və peşə yönümünün hüquqi tənzimlənməsi də yetərsizdir",deyə həmsöhbətimiz qeyd edib:

“Təhsil haqqında” Qanunun 14.3-cü maddəsində göstərilir ki, təhsilalanların peşə maraqlarını və qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə peşəyönümü və məsləhət xidməti təşkil olunmalıdır. Lakin bu müddəa praktikada yerinə yetirilmir. Orta ümumtəhsil məktəblərində psixoloq və peşə yönümlü məsləhətçi ştatları ya yoxdur, ya da formaldır. OECD ölkələrində isə bu proses sistematik şəkildə məktəblərin yuxarı siniflərində həyata keçirilir. Məsələn, Finlandiyada 9-cu sinifdən etibarən hər bir şagirdə fərdi karyera planı hazırlanır və bu plan əsasında onun orta ixtisas və ya ali təhsilə yönləndirilməsi baş tutur. Həmçinin Almaniyada “Berufsvorbereitung” adlı peşə hazırlığı mərhələsi tətbiq olunur ki, bu zaman şagird həm peşə ilə tanış olur, həm də əmək bazarının real tələbləri ilə qarşılaşır. Azərbaycanda isə bu mərhələyə “özün həll elə” yanaşması tətbiq olunur.

"Hər il eyni problem təkrarlanır: abituriyentlər ixtisas seçimini ya müəllimlərinin, ya valideynlərinin, ya da “balıma uyğun nə düşürsə onu yazım” prinsipi ilə aparır",deyə ekspert bildirib:

"Digər tərəfdən, təhsil alanların çoxu ali məktəbə yalnız diplom əldə etmək məqsədi ilə gedir, çünki əmək bazarı ali təhsil diplomuna real peşə səriştəsi kimi deyil, formal sənəd kimi baxır. Bu isə ali təhsilin mahiyyətinin deformasiyaya uğradığını göstərir. İşəgötürənlər təcrübə və bacarıq tələb edir, universitetlər isə yalnız nəzəri bilik verir. Bu halda ixtisas seçimi necə strateji qərara çevrilə bilər?

Bu sahədə dəyişiklik üçün ilk növbədə təhsil sisteminə peşə yönümlü məsləhət xidməti daxil edilməli, müstəqil karyera konsaltinq mərkəzləri formalaşdırılmalı, dövlət televiziyalarında ixtisas tanıtımları, müzakirə verilişləri təşkil olunmalıdır. Bundan əlavə, orta məktəb proqramına “peşə və gələcək planlama” adlı fənn daxil edilməli və real əmək bazarı statistikaları əsasında yönləndirici kontent hazırlanmalıdır. Eyni zamanda, universitetlərdə ixtisasların əmək bazarındakı yerini göstərən illik hesabatlar ictimaiyyətə açıq təqdim olunmalıdır".

Müsahibimiz vurğulayıb ki, əgər bu istiqamətdə dərhal tədbir görülməzsə, ölkədə işsiz, peşəsiz və motivasiyasız gənclər ordusu formalaşmaqda davam edəcək:

"Diplomlu, amma bacarıqsız kadr problemi daha da dərinləşəcək. Elm və Təhsil Nazirliyi bu mənzərə qarşısında ya radikal dəyişikliklər aparmalı, ya da prosesə özəl və ictimai təşəbbüslərin müdaxiləsini stimullaşdırmalıdır. Əks halda ixtisas seçimi prosesindən sonra həm tələbə, həm valideyn, həm də dövlət peşman olacaq".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox