Ötən gün II və III ixtisas qrupları üzrə ikinci - yəni şans qəbul imtahanı keçirilib. Ümumi abituriyent rəylərinə əsasən, bu dəfəki imtahan birinci qəbul imtahanı ilə müqayisədə daha asan olub.
Bu isə suallar doğurur: Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanını boş qalan yerlərin dolması üçünmü asanlaşdırdı?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu olduqca həssas və vacib bir məsələdir:
"Fikrimcə, bu kimi məsələlərə Dövlət İmtahan Mərkəzinin özü rəy bildirməlidir. Çünki bu kimi müzakirələr sonradan dövlət üçün müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən də dövlət qurumları bu məsələlərə aydınlıq gətirməlidir. Belə məsələlərin ciddi şəkildə nəzərə alınmasına ehtiyac var".
"Səbəb boş qalan plan yerlərinin doldurulmasıdır, yoxsa baş verən narazılıqlar?!",deyə millət vəkili vurğulayıb:
"Hesab edirəm ki, sualların çətinlik dərəcəsi hər iki imtahanda eyni olmalı idi. İmtahanlar arasında fərq olmamalıdır. Burada isə sual yaranır: səbəb boş qalan plan yerlərinin doldurulmasıdır, yoxsa baş verən narazılıqlar?
Bu baxımdan da əvvəlcədən işin elə formada təşkilinə ehtiyac var ki, insanlar bu cür düşüncələrə qapılmasın. Dövlətin təhsil siyasəti ilə bağlı fərqli düşüncələr və müzakirələr yaranmasın".