Böyük Britaniyada atalıq məzuniyyəti sistemi tənqid hədəfinə çevrilib. Parlamentin Qadın və Bərabərlik Komitəsinin yayımladığı hesabatda ölkənin mövcud valideyn məzuniyyəti qaydalarının "inkişaf etmiş dünyada ən pis sistemlərdən biri" olduğu qeyd edilib. Deputatlar yeni atalara təxminən tam maaşla altı həftəlik işdən məzuniyyət verilməsini təklif ediblər.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən, hazırda Britaniyada atalar iki həftəlik atalıq məzuniyyəti hüququna malikdir və bunun qarşılığında həftəlik 187,18 funt sterlinq və ya orta qazancın 90 faizi ödənilir. Bu məbləğ yaşayış xərclərini qarşılamadığı üçün tənqid olunur. Hesabatda bu məzuniyyətin 6 həftəyə qədər artırılması və ödənişlərin əhəmiyyətli dərəcədə artırılması təklif edilir.
Müqayisə üçün qeyd olunur ki, İspaniyada yeni atalara 16 həftəlik, Fransada 28 günlük, İsveçdə isə 90 günü yalnız atalara ayrılmış ümumilikdə 480 günlük ödənişli valideyn məzuniyyəti verilir. Britaniya hökuməti isə hazırda mövcud dəstək mexanizmlərini təkmilləşdirmək üçün araşdırma apardığını bildirir.