Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bəs, görəsən, 30 minə yaxın abituriyent nə üçün müsabiqədən kənarda qaldı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib ki, 1-ci turdan keçməyən, müsabiqə şərtlərini ödəməyən abituriyent və subbakalavrların sayı çox olub:
“55 656 nəfər müvafiq olaraq müsabiqədə uğur qazandı. Bir çox abituriyent öz istəyinə uyğun ixtisas seçimi aparıb. Nəticə olaraq onlar düzgün kodlaşdırma etmədiklərinə görə kənarda qaldılar.
Məsələn IV ixtisas qrupu üzrə 600 bala yaxın bir, 550-dən yuxarı toplayan başa bir namizəd düzgün kodlaşdrıma apara bilmədiyi üçün müsabiqədən kənarda qalıb. Digər ixtisas qrupları üzrə də saylara baxsaq, təxminən 350-400 bal toplayıb düzgün seçim etməyənlər var”.
Ekspert bu il keçid ballarında bütün ixtisas qrupları üzrə artım olduğunu qeyd edib:
“V ixtisas qrupunda balların artması abituriyentlər və subbakalavrların kənarda qalmasına səbəb oldu. Bu da o deməkdir ki, adıçəkilən ixtisas qrupu üzrə kənarda qalanlar daha çox olub. Hazırda həmin şəxslər 2-ci turda iştirak edə bilərlər. Mövcud ayrılan plan yerlərinə baxsaq, I ixtisas qrupu üzrə 1630, II ixtisas qrupunda 487, III ixtisas qrupunda 590 və IV ixtisas qrupunda isə 450 boş qalan yer var”.