Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovun qonağı olduq. Onunla universitetin təhsil strategiyası, qlobal çağırışlarla bağlı həyata keçirilən tədbirlər, eləcə də ölkənin elm və təhsil həyatında reallaşan islahatlar barədə maraqlı müzakirə apardıq.
AzEdu.az müsahibəni təqdim edir:
-Müəllimlərin əmək haqqında dəyişikliklər varmı?
-2017-cı ildə siravi müəllimlərimizin əmək haqqı 550 manat idi. Hazırda 778 manatdır, 5 il pedaqoji təcrübəsi olan və fəlsəfə doktoru olanların maaşı 2017-ci ildə 615 manat idi, hazırda 850 manat civarındadır. Dosent vəzifəsində çalışan müəllimlərin əmək haqqı 2017-ci ildə 630 manat idi, hazırda 889 manat təşkil edir. Professorlar 2017-ci ildə 655 manat alırdılar, hazırda 1000, 1100 manat alırlar. Bu, kifayətdirmi? Xeyr, amma biz bir qərar veririksə, o qərarın arxasında universitetin iqtisadi gücü dayanmalıdır. Ali məktəbin xərcləri və gəlirləri təmin olunmalıdır. Vacib məsələlərdən biri də odur ki, biz yalnız müəllimlərə əmək haqqı verməklə yola davam edə bilmərik. 2017-ci ildən bu günə qədər internetə çıxış sayı və laboratoriyaların sayı artıb. Artıq gələn tədris ilindən bütün binalarda açıq “wi-fi” zona olacaq. “Ali təhsil haqqında” qanun parlamentdədir. Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təhsil agentliklərinin yaradılması təsdiqləndi.
-Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin istiqamətləri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifələri müəyyənləşdi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin vəzifələri artırıldı. Gözləntilər nələrdir, təhsilə yeni “nəfəs” veriləcəkmi?
-Biz yavaş-yavaş ETN-nin mərkəzi icra hakimiyyəti orqanlarını qururuq. İndi agentliyin olması, ayrıca ştat vahidləri artacaq, dəyərli mütəxəssislər cəlb olunacaq. Ali məktəblərlə bağlı siyasət alətlərinin daha da çoxalmasına gətirib çıxaracaq. Bildiyim odur ki, ali məktəblərin nəticəsinə görə, hər il elm və tədrisin keyfiyyətinə dəstək verən büdcə vəsaitlərinin artırılması çox yaxşı olardı. Biri var, sadəcə ali məktəblərə kömək edirlər, bu, doğru olmazdı. Amma ali məktəblər öz performanslarını ortaya qoysunlar, o performansa görə onlar müvafiq olaraq mükafatlandırılsınlar və rəqabət mühiti güclənsin. Bu gün ali məktəblərin maliyyələşdirilməsi, ali təhsilinin qanunvericilik bazasının təkmilləşdirilməsi, ali təhsilin idarəçiliyinin təmərküzləşdirilməsi ciddi ümidlər yaradır. Ali məktəb agentliyi əməkdaşlarının daha proqressiv modellər formalaşdıracaqlarını düşünürəm.
-Təhsil tələbə kreditləri ilə bağlı bal limitinin qoyulması müəyyən narazılıqlara yol açır...
- Burada da fikirlər birmənalı deyil. Biz də bunun şahidi oluruq. ADPU-nun tələbə profili elədir ki, onlar daha çox regionlardan gəlirlər. Zəngin ailələrin övladları deyillər. Təhsil haqlarının ödənilməsində tələbə təhsil kreditlərinə daha çox ehtiyac duyulur. Banklar da bu kampaniyaya qoşulsalar, daha yaxşı olardı. Hər bir bank tələbə təhsil krediti verərsə, gözlənilən nəticəni əldə etmək mümkündür.
-AzEdu.az Azərbaycanda “rektorlar klubu”nun yaradılmasını təklif edib. Bəzi rektorlar bu təklifə dəstəklərini ifadə etdilər. Siz necə düşünürsünüz belə bir klubun yaradılması Azərbaycan təhsil həyatında dönüş yarada bilərmi?
-“Ali təhsil haqqında” qanun layihəsində “Rektorlar şurası”nın yaradılması ayrıca bir maddə kimi nəzərdə tutulub. Bu proses ETN-lə koordinasiyalı şəkildə davam edir. Hazırda “Rektorlar şurası”nın yaradılması ilə bağlı qərar verilməyib, amma bütün sənədlər hazırlanıb, nazirliyə təqdim olunub. Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə rektorlarla görüşlər keçirilib. Bu yaxınlarda 9 universitet birləşərək, çoxtərəfli memorandum imzaladıq. Yəqin digər ali məkəblərdə də analoji proses gedir. ADPU “Rektorlar şurası”nın tərkibində yaranan komitələrin işini dəstəkləyəcək. Mən bir il müddətinə həmin komitənin sədri seçildim. 1 ildən sonra mandatım bitəcək və digər həmkarım olan tədris işləri üzrə prorektorlardan biri ora yeni sədr seçiləcək. 5 yeni komitə var. Belə bir Şura mövcud olduğu halda rektorlar yığışıb, layihə, tövsiyə və təklif göndərməklə təhsilimizin inkişafı ilə bağlı ortaya ümumi rəy qoya bilərlər.
-İmtahanların sayının çoxluğu elm, təhsil cameəsində, eləcə də mediada müzakirə olunur. Orta məktəbi bitirdikdə buraxılış imtahanı, sonra qəbul imtahanı, qəbul oldunduqdan sonra hər ay aralıq imtahanı, sessiya imtahanları, 4 il bu proses davam edir, 4 ilin sonunda dövlət imtahanı, ali məktəbi bitirib işə qəbul olunmaq üçün MİQ imtahanları, işə qəbul olunduqdan sonra sertifikasiya imtahanları. Sizcə, çox deyilmi bu qədər imtahan? Əmək haqqı az, imtahan da çox? Kim bu sahəyə gələr?
-İmtahanların sayının çoxluğu ilə bağlı fikirlərinizi bölüşürəm. Bunu təkzib etmək bir az qeyri-səmimi görünər. Bu, birinci fakt. İkincisi, imtahanların sayının azaldılması ilə bağlı səylər də ortadadır. Qəbul imtahanlarında 700 bal məsələsi tam birləşdirib, bir imtahan altında təşkil olunacaq. Bu istiqamətdə işlər gedir. İkinci yaxşı xəbər odur ki, gələn il ADPU-dan məzun olan tələbələrimiz dövlət imtahanı verməyəcəklər. Builki tələbələrimiz stress yaşadılar. Yekun dövlət imtahanını verdilər, ondan bir az əvvəl magistratura imtahanı vermişdilər. Dövlət imtahanlarından bir az sonra isə MİQ imtahanlarına başlayıblar.
-Bəzi universitetlərdə imtahanlar testlə, bəzilərində yazılı formada təşkil olunur. Sizcə, hansı yol aydınlığa, hansı yol qaranlığa aparır?
-ADPU tələbələri qiymətləndirmədə ədalətsizliklə bağlı müraciət ediblər. Son imtahan sessiyasında təxminən 3 mindən çox apellyasiya olub. ADPU-da şəffaflıq bizim üçün qırmızı xətdir. Və biz düşünmürük ki, burada bir qayda olaraq, imtahanlar ya mütləq yazılı, ya da mütləq testlə olmalıdır. Arzumuz odur ki, müəllimlik ixtisasını bitirib, peşəkar müəllim olacaq şəxs qiymətləndirmənin bütün formalarından istifadə etmiş olsun.
-İstehsalat təcrübəsinin az olması da müzakirə olunur. Təcrübə müddətinin uzadılmasına baxıla bilər?
-2014-cü il standartı ilə tələbələr təcrübəyə 14 həftə gedirlər. Bu, son semestrləri əhatə edir. Problematikdir. Amma mütəşəkkildir, idarə oluna bilir, ali mətkəblər nəzarət mexanizmi tətbiq edə bilirlər. Hər gedən 6-8 nəfərlik qrupa 4 nəfər - ixtisas müəllimi, təcrübə rəhbəri, psixoloq, pedaqoq gedir. Bakı məktəblərindəki vəziyyəti bilirik, sıxlığı da bilirik. Sıxlıq olan bir sinifdə özünüzü müəllim kimi təsəvvür edin. Bu, mümkündürmü? Bu gün heç kim ucqar kəndlərdə təcrübə keçməkdə maraqlı deyil. Hamı metro şəbəkəsi üzərində olan məktəbələrdə təcrübə keçmək istəyir. Çünki onlar sonuncu kurs tələbələridirlər. Magistratura və dövlət imtahanlarına hazırlaşırlar və ya buraxılış işi yazırlar. Ona görə, internatura modeli təklif etmişik. O fikirlərlə razıyam ki, tələbələr məktəblə əvvəldən tanış olmalıdırlar. Pedaqoji internaturada yalnız ad deyil, məzmun dəyişikliyi də olacaq. Ciddi forma dəyişlikliyi təklif edirik. Müəllimlərimiz ucqar rayonlarda olan məktəblərdəki vakant yerlərə getmir.
-Niyə?
-Çünki hamı rahat yaşamaq istəyir. Təsəvvür edin, Qaxın və Gədəbəyin dağ kəndi var, istəyirik ki, nəticələri yaxşı olan tələbələrimiz gedib, orada müəllim kimi çalışsınlar. Bununla bağlı xarici təcrübə var. Həmin tələbələr gündəlik həyat tərzlərini dəyişib, ucqar rayona üz tuturlarsa, onlara yaxşı stimul verilməlidir. Onun yaşama, kirayə və ezamiyyə xərcləri ödənilməlidir. Biz bunun bir formasını düşünməliyik. ETN-lə bir ortaq nəticəyə gəlməliyk ki, bizim tələbələr o məktəblərə getməkdə maraqlı olsunlar. Nəzərə alaq ki, həmin məktəblərdə azərbaycanlı uşaqlar təhsil alırlar. Onlar dərsləri sırf o sahənin mütəxəssisi olan şəxslərdən almırlar.
- “Qarabağa qaydış” proqramı ortadadır. Bir az obrazlı desək, Qarabağın damarına yeni qan vurulur. Ölkədə beyin bankının formalaşdırılması təhsilin inkişafından asılıdır. Qarabağda təhsil sistemi yenidən qurulmalıdır. Məktəblər tikilir, ora müəllimlər hazırlanmalıdır. ADPU-nun bu işdə töhfəsi varmı, olacaqmı?
-Bu sual ən birinci elə ADPU-ya verilməlidir. On görə ki, biz müəllim hazırlayırıq. İkincisi, mənəvi bir bağımız var. ADPU-nun 1969-c-ci ildə Xankəndidə bir filialı yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev 1973-cü ildə həmin filialın bazasında Xankəndi dövlət pedaqoji institu yaradıb. Təəssüflər olsun ki, Xankəndi dövlət pedaqoji institunun Azərbaycan bölməsi qaçqınçılıq yaşayıb. Pedaqoji institun Şuşa filialı kimi fəaliyyət göstərib. Bizim tələbə və müəllimlərimiz şəhid olublar. Hazırda bizim həmin Şuşa filalımız Ağcabədi filalı kimi fəaliyyətini davam etdirir. Vaxtilə filialımızın yerləşdiyi təhsil ocağı, Əhməd bəy Ağaoğlunun oxuduğu məktəb sekulyar mətkəb olaraq, təmir olunur, sentyabrda açılışı olacaq. Qayıdış proqramında konkret məsələlər var. Ağdamda 3 tanınmış ali məktəbin filialının yaradılması nəzərdə tulur. Biz də ADPU olaraq təkliflərimizi vermişik ETN –də verdiyi qərara uyğun addımlarımızı atacağıq. Hazırda ADPU-da həm müharibə iştirakçılar, həm qazilər, həm də şəhid qardaş, bacı və həyat yoldaşları təhsil alırlar. 47 belə tələbəmiz var ki, onları diqqətdə saxlayırıq. Əslən azad olunmuş rayonlardan olan tələbələrimizə açıq mesajlar veririk ki, siz ora qayıdacaqsınız.
-Universitetdə müəllimlərin tədqiqat işləri varmı? Yəni müəllim həm dərs keçir, həm də tədqiqat işi aparır. Bu, onlar üçün yükə çevrilmir ki?
-Hazırlıqlı, müasir dövrlə ayaqlaşan müəllim üçün yükə çevrilmir. Razıyam ki, burada bir paradoks da var. Və onlar bir-birinə keçmiş vəziyyətdədir. Ali məktəb müəlliminin kollec və ya orta məktəb müəllimindən fərqli odur ki, ali məktəb müəllimi elmi tədqiqatla məşğul olmalıdır. Çünki ali məktəbə yüksək ixtisaslı, elmi dərəcəli müəllimləri işə götürürük. Bundan başqa, elmin maliyyələşdirilməsinə baxsaq, bu mənada sizinlə razıyam. Bu gün elmi tədqiqatla məşğul olan müəllimləri nə qədər motivasiya edirik, onların elmi nəticələrinə nə qədər dəstək veririk, onlara nə qədər şərait yaradırıq? Burada bizi tənqid edə bilərsiniz. Yaxşı xəbər ondan ibarətdir ki, ali təhsildə elmin maliyyələşdirilməsinin yeni mexanizminə dair təklif hazırlanır. Yəni müəllimin elmi dərəcəsi yüksəldikcə, pedaqoji yükü azalmalıdır.
-Hazırda müəllimliyi bitirmiş məzunların kütləvi işsizlər ordusu yaranıb. Builki MİQ imtahanları zamanı da böyük qalmaqal yarandı. İş axtaranlarla bağlı problemi necə yüngülləşdirmək olar? Nələr təklif edirsiniz?
-Burada yəqin, 10 min vakansiyaya 60 min ərizə verənin olmasından söhbət gedir. Yaxşı olardı ki, ETN-nin insan resursları şöbəsi daha dəqiq izahat versin. Onlardan nə qədəri işləyir, nə qədəri sadəcə yerini, ixtisasını və müqavilə statusunu dəyişmək istəyir. Hər il müəllim ixtisasına 10-11 abituriyent qəbul olunur. Nəticələri zəif olan ali məktəblərdə bu ixtisasa qəbulu azaltmaq lazımdır. Ümumi rəy ondan ibarətdir ki, vakansiyaların 25 faizni MİQ-lə komplektləşdirə bilmişik. Məktəbəqədər sistemimiz isə yəqin, 5 faiz də deyil.
-Xaricə “beyin axını” var. Onlar gedib qayıtmırlar, səbəb nədir?
- Bu, xaricdə olan standartların Azərbaycanda olmaması, yüksək təhsil alıb, gəlib burada aşağı əmək haqqı ilə çalışmaq istəməməkləri ilə əlaqələndirilir. Doğrudan da bu amillər mövcuddur. Mən də magistr və doktoranturanı xaricdə oxumuşam. Orada iş təklifləri də almışam. Xaricdə təhsil almış hər bir azərbaycanlı gənc ya qayıdıb, dövlətin onu oxutmaq üçün xərclədiyi vəsaitin haqını ölkəsində işləməklə ödəsin, ya da o pulun dəyərində hansısa tələbələrə təqaüd versin. Dövlət onu xaricdə oxudursa, dolayısı ilə etiraf edilir ki, ölkəmizdə təhsil yaxşı deyil. Dövlət onları ona görə oxudur ki, həmin gənclər qayıdıb, ölkəmizə töhfə versinlər. Oxuyub, xaricdə qalmağı məqbul hesab etmirəm, qayıdıb, işləmək lazımdır. Əks təqdirdə, dünya üniversitetlərinə çatmaq üçün xeyli zamana ehtiyacımız olacaq. O zamanı qısaltmaq üçün həmin gənclər geri dönməlidirlər.