İstər magistr, istərsə də doktorantura səviyyəsi üzrə xaricdə təhsil almaq üçün təqdim etməli olduğunuz sənədlərdən biri də motivasiya məktubudur.
Bir çox təhsil müəssisəsi namizədlərdən əsasən, CV, transkript, akademik nəticələr və dil biliyi sertifikatı tələb edir. Bununla yanaşı namizədlərin müraciət etdikləri universitetdə oxumağı niyə istədiklərini və o universitet üçün niyə yaxşı namizəd olduqlarını izah etdikləri motivasiya məktublarını da tələb olunur.
AzEdu.az bu səbəblə xaricdə təhsil almaq istəyənlər üçün motivasiya məktubunun necə yazılmalı olduğu haqqında məlumatı təqdim edir.
Motivasiya məktublarının digər müraciət mətnlərindən əsas fərqi bütövlükdə namizədin öz cümlələrindən ibarət olmasıdır.Bu səbəblə mətni yazıdğınız dilə diqqət etməli, xüsusi bir mətn ortaya qoymalısınız.
Yaxşı bir motivasiya məktubu yazmaq üçün çalışmağa erkən başlamalı, özünüz üçün nümunələr hazırlamalı və məktubunuzda səmimi bir dil, xüsusi bir üslubdan istifadə etməlisiz. Nüfuzlu universitetlərə qəbul cavabı alan əksər tələbələr motivasiya məktublarını yazmağa müraciət tarixindən çox əvvəl başlayırlar. Əvvəl özləri üçün qaralamalar hazırlayır, bu qaralamaların üzərində işləyərək onları güclü motivasiya məktubu halına gətirirlər.
Şəxsi keçmişinizi və gələcək planlarınızı qeyd edin
Motivasiya məktublarının əsas məqsədi müraciət etdiyiniz universiteti sizin yaxşı namizəd olduğunuza inandırmaqdır. Bu səbəblə məktubunuzda həm keçmişinizlə bağlı nüansları qeyd etməli, həm də gələcək planlarınız haqqında məlumat verməlisiniz.
Yaxşı bir motivasiya məktubu yazmaq üçün o günə kimi əldə etdiyiniz bütün nailiyyətləri xronoloji ardıcıllıqla qeyd edin.
Bu nailiyyətlərin sizi necə formalaşdırdığından danışın və müraciət etdiyiniz universitetdə də uğur qazanmağa davam edəcəyinizə onları inandırmaq üçün səbəblər göstərin. Bununla yanaşı şəxsi keçmişinizə təsir edən ailə, sosial, mədəni və ya iqtisadi çətinliklərdən bəhs etmək məktubunuzu möhkəmləndirəcəkdir.
Uyğun namizəd olduğunuza inandırın
Eyni zamanda yaxşı hazırlanmış motivasiya məktubu namizədin müraciət etdiyi universiteti tanıdığına, universitetdə keçiriləcək dərslərdə həvəslə iştirak edəcəyinə, maraqlarının həmin universitetdəki professorların tədqiqat sahələri ilə üst-üstə düşməsini xüsusi şəkildə qeyd etməlidir. Məktubunuzu dəyərləndirəcək komitəni müraciət etdiyiniz universitetə qəbul olunacağınız təqdirdə həm universitetdəki akademik və sosial həyata qatqınız olacağına, həm də universitetin sizə təqdim etdiyi imkanları ən yaxşı şəkildə dəyərləndirəcəyinizə inandırmalısınız.
Motivasiya məktubu bir çox universitetin yeni tələbələrini seçərkən diqqətlə yoxladığı mətnlər arasındandır. Bu səbəblə xaricdə təhsil almağı planlaşdıran namizədlərin motivasiya məktublarını hazırlayarkən bu vacib detallara diqqət etmələri, lazım gələrsə ekspertlərdən kömək istəmələri müraciətlərinin uğurla nəticələnməsi üçün vacib əhəmiyyət daşıyır.
Nümunə olaraq aşağıdakı motivasiya məktubuna nəzər sala bilərsiniz:
motivational-letter-urban.docx
Məktubun yazılma tərzi ilə bağlı daha ətraflı məlumat almaq üçün buraya daxil ola bilərsiniz.