Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi imtahandan iki gün sonra martın 2-də elan olunub.
AzEdu.az-ın məlumatına görə, 2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4147 nəfər (26.35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1.28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1.16%) bu səviyyədə olub.
Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.
İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub). İmtahanda 4 nəfər maksimal (50) bal toplayıb.