Azedu.az

Hansı universitetlərimiz distant təhsil sınağından uğurla çıxır? – SORĞU

11 Aprel 2020, 15:01
Hansı universitetlərimiz distant təhsil sınağından uğurla çıxır? – SORĞU

 

 

Koronavirus pandemiyasından  müdafiə məqsədi ilə əksər ölkələrində olduğu kimi, Azərbaycanda da tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

 

Bu müddət ərzində təhsilalanların tədris proqramından geri qalmaması üçün bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə atılan  əsas addım isə təhsilin məsafədən təşkil edilməsidir.

 

Hazırda əksər universitetlər distant təhsil sistemi ilə dərs prosesini davam  etdirirlər. Bəs, distant təhsil öz effektivliyini nə dərəcədə  göstərir?

 

AzEdu.az  mövzu ilə bağlı universitetlərin açıqlamalarını təqdim edir:

 

Azərbaycan Texniki Universitetinin  mətbuat xidmətinin rəhbəri Sevinc  İsgəndərova:

 

Əvvəla onu deyə bilərəm ki, koronavirus infeksiyasının yayıldığı bir dövrdə ən önəmli məsələ tələbə və müəllimlərin sağlamlığıdır. Belə bir vaxtda tədrisi davam etdirmək üçün məsafədən təhsil ən uğurlu seçimdir.

 

Tələbə dərslərdən geri qalmamaq üçün müəllimlə əlaqə yaradır və uyğun vaxt təyin edirlər. Həmin vaxt tələbə və müəllim elektron kabinetlərinə daxil olaraq dərs prosesinə davam edirlər. Bundan başqa elektron kabinetlərdə dərs materialları da hazır formada yerləşdirilib ki, tələbə istədiyi vaxt daxil olub dərsi öyrənə bilsin.

Bu baxımdan, məsafədən təhsil tələbənin biliyini artırması üçün effektivdir. Qeyd edim ki, hər gün 5 mindən yuxarı bəzi günlərdə hətta 6 min tələbə elektron kabinetlərinə daxil olub onlayn dərslərə qoşulur. Artıq rəqəmlərə də nəzər saldıqda bu sistemin effektiv olduğunu görmək mümkündür.

 

Azərbaycan Dövlət İqtisad  Universitetinin mətbuat xidmərinin rəhbəri Elnarə Məmmədova:

 

“Deyə bilərəm ki, universitetimizdə əyani təhsil ilə distant təhsil prosesi eyni dərəcədə effektivdir. Əyani keçirilən dərs prosesi eyni şəkildə, sadəcə məsafədən  davam etdirilir. Tələbələrimiz dərslərdən kifayət qədər yararlana, mövzu ilə bağlı onlara qaranlıq qalan sualları müəllimlərə rahat şəkildə ünvanlaya bilirlər.

 

 Aprelin 6-dan etibarən universitetimizdə distant dərslərin tədrisi həm magistr, həm də bakalavr pilləsi üzrə qaldığı yerdən davam etdirilir. Daha öncədən universitetimizdə tətbiq edilən  “Elektron universitet” modeli vasitəsi ilə dərs cədvəlləri tələbələrin şəxsi kabinetlərinə göndərilir,eyni zamanda dərsdə iştirak edə bilməyən tələbələr müəllimlərin şəxsi kabinetlərinə daxil olaraq mühazirələrin elektron versiyasından yararlana bilirdilər. Hazırda onlayn dərslərə qatıla bilməyən tələbələr üçün video dərslər arxivləşdirilir. İmtahanların hansı çəkildə olacağı ilə bağlı müzakirələr davam edir, onlayn keçirilmə ehtimalı var.

 

 Bakı Ali Neft Məktəbi, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova:

 

“Tələbələrin dərs prosesindən kənarda qalmaması üçün “Skype” və “Microsoft Team” proqramları üzərindən tədris proqramına uyğun olaraq dərslər keçirilir. Bu, 200-ədək tələbəni əhatə edir.

 

BANM-da I kursda təhsil alan tələbələrin tədrisində fasiləsizliyi təmin etmək üçün  ingilis dili hazırlığı üzrə distant dərslər artıq uzun müddətdir davam edir. Qeyd edim ki, ali məktəbimizdə distant dərslərin effektivliyi yüksəkdir.

 

 Deyə bilərəm ki, məhz dərslərin fasiləsizliyinin təmin edilməsinin nəticəsidir ki, I kurs tələbələri bu günlərdə “British Council” tərəfindən keçirilən IELTS imtahanında yüksək nəticələr göstəriblər.

 

Qısa haşiyəyə çıxaraq qeyd edim ki, bizim Ali Məktəbə tədris tam olaraq ingilis dilində olduğu üçün ingilis dili üzrə dil bilgiləri akademik təhsil üçün yetərli olmayan tələbələr I kursda ingilis dili üzrə hazırlığa cəlb olunurlar. Onlar müvafiq keçid balını (6.0) topladıqdan sonra növbəti tədris ilində seçdikləri ixtisas üzrə təhsil almaq imkanını qazanırlar. İndiki halda isə, hələ tədris ilinin başa çatmasına xeyli müddət qalıb, lakin buna baxmayaraq, 10-a qədər tələbəmiz yüksək IELTS göstəricilərinə nail ola biliblər.

 

Bundan başqa, Bakı Ali Neft Məktəbi ABŞ-ın Stanford Universitetinin “Coursera for Campus” qlobal distant tədris proqramına da qoşulub. Beləliklə, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələri və müəllimləri dünyanın nüfuzlu 18 universitetinin 400  ixtisas üzrə təklif etdiyi 3800 kursdan ixtisaslarına uyğun olanları ödənişsiz onlayn olaraq mənimsəmək imkanı əldə ediblər. 150-dən çox BANM tələbəsi "Coursera for Campus" proqramı çərçivəsində İnformasiya texnologiyaları, Kompüter elmləri və Mühəndislik üzrə kurslardan yararlanırlar.

 

Kursu müvəffəqiyyətlə bitirən tələbələr artıq sertifikatlar əldə ediblər. Bu da onlara müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı verir. Bütün bunlar distant təhsilin əhəmiyyəti və yüksək effektivliyinin nəticəsidir.

 

 

                                                                                        

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox