“Təhsilin gözəl bir şey olduğunu fikirləşirəm. Bacardığım qədər təhsilimi artırmağa çalışıram”.
Bu fikirləri AzEdu.az-la öz sevincini bölüşən Bakı Mühəndislik Universitetinin tələbəsi Elnur Nəbizadə deyib.
Müsahibimiz magistraturaya qəbul imtahanlarında yüksək bal toplayaraq respublika üçüncüsü olub:
“Magistraturaya qəbul imtahanına təxminən bir ay yarım hazırlaşsım. Sınaq imtahanında iştirak edəndən sonra hazırlaşmağa başladım və qəbul imtahanında 92 bal toplayaraq respublika üçüncüsü oldum.
Hazırda Biznesin İdarə edilməsi fakültəsi üzrə bakalavr təhsili alıram. Təhsilimi Azərbaycan Dövlət İqtisad Universitetində MBA proqramı üzrə davam etdirəcəyəm”.
O, həmçinin uğurunun sirrini də bölüşüb:
“İmtahana az müddətdə hazırlaşsam da, uzun müddətdir mütəmadi olaraq məntiq və ingilis dili ilə məşğul oluram. Təhsilimi ingilis dilində alıram, məntiqə isə marağım var. Oxuduğum müddətdə təşkil olunan bütün məntiq yarışlarında iştirak etmişəm, yəni məntiqdən də yetərli bazam var. Sadəcə informatika fənnində problemim vardı, onu da bir ay ərzində çatdıra bildiyim qədər oxudum.
Əvvəlki illərin magistraturaya qəbul testlərin işləmişəm. Bu ilki qədər informatikanın çətin olduğu qəbulla rastlaşmadım. Həm vaxt aparırdı, həm də açıq testlər çox çətin idi”.
Müsahibimiz gələcəkdə təhsilini xarici universitetlərin birində davam etdirməyi planlayır:
“Əslində, xarici təhsilə dair planlarım var. İki il ölkədə magistratura təhsili aldıqdan sonra təhsilimi xaricdə davam etdirəcəyəm. Azərbaycanda magistr təhsilinin o qədər də önəmli olduğunu düşünmürəm, amma sadəcə vəziyyət elə alındı ki, bu il üçün xaricə gedə bilmədim, burada oxumalı oldum. Lakin həm təcrübə, həm bilik səviyyəsi baxımdan xaricdə təhsilin insana daha çox üstünlük qazandırdığını düşünürəm”.
Qeyd edək ki, bakalavrlar 2020-ci ilin iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.