2020-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
AzEdu.az xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” ixtisası üzrə IV kurs “SABAH” tələbəsi Ziya Ağayev Prezident müfakatına layiq görülüb.
Prezident mükafatına layiq görülməsinin təəssüratlarını bizimlə paylaşan Ziya bu uğurun əsas səbəblərindən danışıb:
“Təbii ki, bu mükafata layiq görülmək məndə çox xoş təəssürat yaratdı. Xüsusilə, tələbə olaraq buna nail olmaq hamıya qismət olmur. Fikirləşirəm ki, mən bu uğurumu “SABAH”-ın tələbəsi olmağıma borcluyam. Əgər bu qrupda olmasaydım, nailiyyətlər qazana bilməzdim və dolayısıyla bu mükafata da layiq görülməzdim. Çünki məhz həmin nailiyyətlər sayəsində bu gün belə bir uğuru qazanmışam”.
Prezident mükafatçısı həmçinin, 2019-cu ilin mart ayında Moskva şəhərində keçirilən “QİTİS-Master klass” adlı festivalda ən yaxşı aktyor nominasiyası üzrə birinci yerə layiq görülüb. O, hazırda tələbə olaraq iki teatrın aktyorudur:
“Həmin teatrda biz “Otello” tamaşasını oynayırdıq. Mən baş qəhrəmanı ifa edirdim. Biz ikinci dəfə yenidən Moskvaya gedib, həmin tamaşanı təkrar oynadıq və bu dəfə də diplomla qayıtdıq.
Daha sonra “SABAH” qrupu olaraq Türkiyəyə gedərkən də diplomlarla geri döndük. Məhz universitetlə bağlı bir neçə nailiyyətlərim oldu.
Özüm əslində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıram. Buna da universitet sayəsində nail olmuşam. “SABAH” qruplarında daha yaxşı, fəal dərslər keçdiyimizə görə ikinci kursdan məni ora asanlıqla qəbul etdilər. III kursda isə “Yuğ” Teatrında işləməyə başladım. Hazırda iki teatrda işləyirəm. Yenə də vurğulayım ki, bütün bunlar universitetdə yaxşı məşq prosesinin nəticəsində ərsəyə gəlib.
Digər tələbələrə bu qismət olmasa da, Sankt-Peterburq Teatr İnstitunun səhnə hərəkəti üzə dekanı İqor Koçaev kimi mütəxəssis bizə bir müddət dərs verdi. Sonra Böyük Britaniyanın “Forum” Teatrının (interraktiv teatr forması-red.) yaradıcısı Aqustin Boanın yeganə yaşayan tələbəsi, indi 80 yaşlarında olan Kerin Çarpmanla 6 ay birlikdə teatr üzrə işlədik. Mən ondan çox şey öyrəndim. Amma çox sevinirəm ki, teatrda işçi kimi çalışmağımdan daha çox, tələbə olaraq fəaliyyətimə görə bu mükafata layiq görüldüm”.
Ziya qeyd edir ki, indiyə qədər uğurlu fəaliyyətinə baxmayaraq bu mükafat yenə də onun üçün gözlənilməz olub:
“Açığı mən bu mükafatı gözləmirdim. Dünən biz “Tiran Edip” tamaşasını oynayırdıq. Bir həftə öncə Təhsil naziri Ceyhun Bayramov da bizim tamaşaya baxmağa gəlmişdi. Ümumiyyətlə, Ceyhun müəllim universitetdə oynadığımız bütün tamaşalara gəlib. Bəlkə də başqaları olsaydı, ya fikirləşərdi ki, universitetdə oynanılan tamaşa nə olacaq, ya da vaxt ayırmazdı. Amma o, mənim oynadığım 3 tamaşanın hər birini canlı izləyib.
Dünən bu sərəncam verilən vaxt biz tamaşa oynayırdıq. Mədəniyyət naziri Əbülfəz Qarayev də tamaşamıza baxmağa gəlmişdi. Biz tamaşa bitəndən sonra xəbəri eşitdik. Düzü, mənim üçün teatr, tamaşa elə bir zirvədədir ki, dünən o sevinci yaşaya bilmədim. Mən həmin xəbərin sevincini bu gün yaşaya bilərəm. Sənətimə olan yüksək dərəcəli sevginin sayəsində belə bir mükafata layiq görüldüm. Sosial şəbəkələrdə paylaşırlar ki, mükafat layiq olan adama verildi və s. bu fikirlər məni çox sevindirir.
Tam səmimi deyirəm, ən azından, bizim oxuduğumuz “SABAH” qruplarında təhsil sistemi həyatımızda çox böyük rol oynayır. Qeyd edim ki, mən Böyükxanım Məmmədovanın rəhbərlik etdiyi qrupda təhsil alıram”.
Aktyor Z. Ağayev gələcək hədəflərini də bizimlə bölüşüb:
“Əslində, kino ilə bağlı heç bir hədəfim yoxdur. Kinonu elə də sevmirəm, sadəcə hobbi olaraq baxıram. Yəni bir növ gəlir mənbəyi kimi yanaşıram. Qismət olmasa da, mənəvi olaraq itirəcəyim heç nə yoxdur. Amma teatr üçün hədəfim var: istəyirəm ki, bu ölkədə teatrın daha da inkişaf etməsində mənim də rolum olsun. Biz mart ayının 13-də Moskavaya teatr festivalına “Tiran Edip” tamaşası ilə yenə gedəcəyik.
Orda da uğur əldə etmək istəyirik. Moskvada teatr üzrə oxuyan həmyaşıdlarımız, gələcəyin aktyorları, rejisorları bizi tanıyırlar. Moskvadan sonra Moldovaya gedəcəyik”.