Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində ümumilikdə təhsil üçün 3 milyarddan çox (3 155 797 681 manat) vəsait nəzərdə tutulub.
AzEdu.az adıçəkilən mənbəyə əsasən xəbər verir ki, təhsil xərcləri üçün ayrılmış vəsaitin 54%-i ümumi təhsil (1705,3 milyon manat), 29,8%-i təhsil sahəsində digər müəssisə və tədbirlərin təşkili (940,6 milyon manat), 10,2 %-i məktəbəqədər təhsil (323,1 milyon manat), 2,4 %-i (74,3 milyon manat) orta ixtisas təhsili xərcləri üçün nəzərdə tutulub.
Bundan əlavə, büdcədəki təhsil xərclərinin 1,6 %-i ali təhsil (49,2 milyon manat), 1,7 %-i peşə təhsili (54 milyon manat) istiqamətinə yönləndiriləcək.
Təhsil xərclərinin ən az faizi isə əlavə təhsilin və ya tətbiqi tədqiqatların maliyyələşməsi üçün nəzərdə tutulub. Bu istiqamət üzrə xərclər təhsil xərclərinin 0,3% -ini, yəni 9,3 milyon manatını əhatə edir.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.