Hər il bəlli sayda gənclərimiz təhsil almaq üçün xarici ölkələri hədəf seçir.
Xarici ölkələrdə təhsil almaq istəyən gənclər çox zaman xarici təhsil şirkətlərinə müraciət edirlər. Amma bir çox hallarda xaricdə təhsil şirkətləri müraciətçilərin ümidlərini doğrultmur.
“Dələduzluq etməyən xaricdə təhsil şirkətlərində də qeyri-peşəkarlıq hiss olunur”
Bu sözləri AzEdu.az-a açıqlamasında hüquqşünas Anar Ramazanov deyib.
Anar Ramazanov xaricdə təhsil mərkəzlərinin gələcək aqibətindən də söz açıb:
“Xarici ölkələrə iş üçün göndərən şirkətlər lisenziya almalıdırlar. Amma xaricdə təhsillə məşğul olan şirkətlərdə belə bir xüsusi tələb yoxdur. Yəni normativ səviyyədə xaricdə təhsil şirkətlərinin fəaliyyəti tənzimlənmir. Həmçinin, xaricdə təhsil şirkətlərinin hər hansı qurumdan akkreditasiyadan keçirilməsi barədə tələb də yoxdur. Xaricdə təhsil şirkətlərinə hər hansısa bir qurum dövlət səviyyəsində də nəzarət etmir. Bu kimi cəhətin yaxşı və pis tərəfi də var. Yaxşı cəhəti ondan ibarətdir ki, ölkədə çox sayda şirkətlər yaranır, vergi ödəyicilərin sayı çoxalır və büdcə gəlirləri artır. Amma qeyri-peşəkarların bu sahəyə daxil olması xaricdə təhsil almaq istəyənlərin etibarından sui-istifadə edib, onlara zərər vurur. Düşünürəm ki, xaricdə təhsil şirkətləri hər hansı dövlət orqanından məsələn, Təhsil Nazirliyindən akkreditasiyadan keçsin. Akkreditasiyadan keçən xaricdə təhsil şirkətləri haqqında isə konkret siyahı dərc olunsun. Yəni xaricdə təhsil almaq istəyən gənclərimiz bilsin ki, hansı təhsil şirkətlərinə müraciət etmək lazımdır. Dəfələrlə müşahidə etmişik ki, bəzi xaricdə təhsil şirkətləri insanları aldadır. Təbii ki, bütün xaricdə təhsil şirkətləri insanları aldatmır. Bu proses çox cüzi xaricdə təhsil mərkəzlərinə aiddir.
Anar Ramazanov qeyri-peşəkar fəaliyyət göstərən xaricdə təhsil şirkətlərindən də söz açıb:
“Dələduzluq etməyən bəzi xaricdə təhsil şirkətlərində də qeyri-peşəkarlıq hiss olunur. Amma işini peşəkarlıqla görən məşhur xaricdə təhsil şirkətləri də var. Yeni açılan xaricdə təhsil mərkəzləri isə məşhur şirkətlərin köməyilə işlərini görür. Bu halda iş prosesini həyata keçirən yeni şirkətlər qeyri-peşəkar da xidmət göstərəcəklər.
Xaricdə təhsil şirkətləri vətəndaşlara doğru xidmət göstərərsə, gəlirlərini aşkar formada bəyan edib, vergiləri zamanında ödəyərsə onların gələcək aqibəti sual altında ola bilməz.
Tələbələr xaricdə təhsil şirkətlərinə müraciət edərkən işbazlara aldanmaması üçün bir sıra nüanslara diqqət etməlidirlər. Xaricdə təhsil şirkətlərinə müraciət edənlər müəssisəsinin nə vaxtdan fəaliyyətə başlamasına fikir verməlidirlər. Tələbələr işbazlara aldanmamaq üçün xaricdə təhsil şirkətin nizamnamə və sənədlərinə baxa bilərlər. Həmçinin şirkətin xaricə göndərdikləri tələbələrin nəticələrinə də baxmalıdırlar”.
“Xaricdə təhsil mərkəzlərini dövlət və ya hər hansı bir orqan monopoliyaya çevirə bilməz”
Xaricdə təhsil üzrə ekspert Ayan Əliyeva vurğulayıb ki, öz işini doğru icra edən xaricdə təhsil şirkətlərinin gələcək aqibəti heç də sual altında ola bilməz:
“Sağlam rəqabət və qeyri-formal təhsil üçün ölkədə mütləq xaricdə təhsil mərkəzləri olmalıdır. Bu kimi təhsil mərkəzlərini dövlət və ya hər hansı bir orqan monopoliyaya çevirə bilməz. Azərbaycanda da öz sözünü demiş xaricdə təhsil şirkətləri var. Xaricdə təhsil şirkətlərinin fəaliyyətinin xitam verilməsi kimin marağındadırsa çox böyük yanlışlıq edir. Çünki xaricdə təhsil mərkəzləri Azərbaycanda yeganə qeyri-formal təhsildir ki, effekti var. Orta məktəblərdə ACT, SAT, TOEFL, IELTS keçirilmir. Həmçinin, orta məktəblərdə şagirdlərə tənqidi düşüncə tədris olunmur. Amma xaricdə təhsil mərkəzlərində şagirdlərə tənqidi düşüncə də keçirilir. Elə buna görə də inanmıram ki, həmin şirkətlərin fəaliyyətlərinin xitamı gözlənilə bilər. Əgər xaricdə təhsil şirkətləri bağlansa böyük problemə çevrilə bilər. Çünki bu artıq monopoliyadır”.
Ayan Əliyeva xaricdə təhsil mərkəzlərinə müraciət edənlərin işbazlara aldanmaması üçün tövsiyələrini də bildirib:
“Xaricdə təhsil şirkətlərinə müraciət edən tələbələr işbazlara aldanmaması üçün ilk növbədə araşdırma aparmalıdır. Çox zaman düşünürlər ki, xaricdə biznes dərəcəsini alıb gələnlər xaricdə təhsillə məşğul ola bilərlər.
Ümumiyyətlə, öz sözünü deyən xaricdə təhsil şirkətləri 10 il bazarda olmalıdır. Tələbələr xaricdə təhsil şirkətlərinə müraciət etmədən öncə həmin müəssisə barədə ən azı 3-4 nəfərin tövsiyələrini də almalıdırlar”.